SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » AQTA “Vosmoy” bazarında satılan 8 manatlıq ətlərə NƏZARƏT EDİRMİ? - ARAŞDIRMA

AQTA “Vosmoy” bazarında satılan 8 manatlıq ətlərə NƏZARƏT EDİRMİ? - ARAŞDIRMA

Tarix:

16-05-2023, 20:30

/ 379 dəfə oxundu.
AQTA “Vosmoy” bazarında satılan 8 manatlıq ətlərə NƏZARƏT EDİRMİ? - ARAŞDIRMA

 
Bir neçə aydır ki, ölkə ərazisində ətin qiyməti hiss olunacaq dərəcədə bahalaşıb. Ölkə bazarlarında mal ətinin kiloqramı 14 manat 50 qəpik – 15 manat, qoyun əti isə 17-20 manata təklif edilir. Sümüksüz ətin qiyməti isə 15-16 manat arasında dəyişir.

Belə bir vəziyyətdə el arasında “Vosmoy” dediyimiz, 8-ci kilometr bazarında 1 kiloqram ətin qiyməti 8-9 manat arasında dəyişir. Uzun illərdir bu bazarın ət satışı hissəsində adi satış qiymətindən ucuza ətlər satılır. Buradan ət alan insanlar isə əhalinin kasıb təbəqəsindən olan insanlardır.

Redaksiyamıza müraciət edən bir neçə istehlakçı sözügedən bazardakı ətin keyfiyyətindən şübhələndiklərini dilə gətiriblər.

Maraqlıdır, bu ətlər haradan gətirilir, qiyməti niyə belə ucuzdur?

Kiçik bir araşdırma apardıq. Məlum oldu ki, həmin bazara ətlər bir neçə bölgədən hazır cəmdək şəklində gətirilir. Ucuzluğa səbəb isə heyvanın dişi və ya qoca olması ehtimalıdır. Ətin murdar və ya köhnə olmasını sübut etmək isə bir qədər çətindir.

İstehlakçıların dediyinə görə ətin rəngi ürəkaçan olmasa da, satıcılar israrla onları bölgədən gətirilən sağlam heyvanlar olduğuna və ətin keyfiyyəti ilə bağlı şübhələnməyə əsas olmadığına inandırmağa çalışırlar.

Bəs, istehlakçıların şübhələrinə son qoyulması üçün AQTA həmin bazarda satılan ətlərə nəzarət edirmi?

Bu barədə Bizim.Media-ya açıqlama verən qurumun mətbuat katibi İlkin Kərimov bildirib ki, AQTA-nın vəzifəsinin qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirməkdir:

“İstənilən qida məhsulunun təhlükəsizliyinə şübhə varsa, vətəndaşlar bununla bağlı Agentliyin 1003 Çağrı Mərkəzinə zəng vuraraq müraciət edə bilərlər. Müraciət əsasında satış şəbəkəsində yoxlama aparılır, nümunələr götürülürək analizlərə cəlb edilir, müvafiq tədbir görülür.

Bundan başqa, vətəndaşlar da qida məhsulu alarkən, müvafiq sənədləri tələb etsinlər. Məsələn, ət məhsulu ilə bağlı satıcıdan baytarlıq arayışı, şəhadətnaməsini, ekspertiza aktını tələb etsinlər, ən azı vizual olaraq, ətin cəmdəyi üzərinə vurulan möhürə baxmaqla, baytar həkimin müayinəsindən keçib-keçmədiyini təyin edə bilərlər”.

Azad istehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə qiyməti ucuz olan ətlərin keyfiyyətində mütləq ki, şübhəli məqamların olduğuna diqqət çəkib:

“Təbii ki, biz istehlakçıların ucuz, təhlükəsiz və keyfiyyətli mal almalarının tərəfdarıyıq. Kilosu 8 manata təklif olunan ətin keyfiyyəti Azad İstehlakçılar Birliyini də düşündürməyə bilməz. Çünki qiymət də malın keyfiyyəti haqda nəsə deyir. Yaşlanmış mal və camış ətinin kilosu 4 manata kolbasa sexlərinə verilir.

Əgər “Vosmoy” bazarındakı satılan ətlər də murdat ət deyilsə, o zaman onlar qocalmış heyvan ətləridir. Belə ətləri müəyyən qədər farş şəklində istehlak etmək daha rahat olur və bunların bişirilməsi çətindir. Bu ətlər isə keyfiyyətini itirmiş ətlər sayılır”.

Eyyub Hüseynov əlavə edib ki, murdar olmuş ətlərin də şəhərə daşınması faktları var:

“20 ildən çoxdur ki, Azad İstehlakçılar Birliyi bunun kökünü kəsmək üçün hər vasitədən istifadə edir. Amma hələ də həllinə nail ola bilməmişik. Bu sahədə ən uğurlu işi DİN-in Baş Cinayətkarlığa qarşı Mübarizə İdarəsi görür. Onlar təkcə cərimə edib, buraxmırlar. Malları ekspertizaya göndərirlər, həbs işləri həyata keçirirlər.

AQTA-ya gəlincə, əlbəttə ki, bu qurum bütün qidalara nəzarət funksiyasını həyata keçirməlidir. Ola bilər ki, 8-ci kilometr bazarında şəxs normal cəmdəyi gətirib satsın. Amma onun böyrünə arzuolunmaz ətlər də qarışdırıla bilər. İstisna etmirəm ki, belə ətlər həm murdar, həm də çox qocalmış heyvan əti ola bilər.

Azərbaycanda ət satışı ilə bağlı ciddi problemlərdən biri heyvanın hər yerinin eyni qiymətə satılmasıdır. Sadəcə iki - sümüklü və sümüksüz ət anlayışı var. Əslində 20-yə qədər anlayış olmalıdır. Təxminən malın bədəni 20 hissəyə bölünür. Hissələr ayrı-ayrı qiymətə təklif olunmalıdır. Bu məsələ də ətin orta qiymətinin yuxarı olması ilə nəticələnir”.

Qeyd edək ki, 2023-cü ilin yanvar-martında ötən ilin yeni dövrü ilə müqayisədə Azərbaycana ət idxalı 9.162 tondan 11367 tona kimi artıb. Bu ilin ilk 2 ayında 19 milyon 259 min dollar dəyərində ət idxal edilib.

Bu son illərdə qeydə alınan ən böyük artım tempidir. Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,5 %-ini təşkil edib.

Ötən ilin 3 ayında Azərbaycana 15 milyon 675 min dollar dəyərində 9 162 ton ət idxal edilib. Bu, həcm baxımından 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 min 206 ton (24 % ), dəyər baxımından isə 3 milyon 585 min ABŞ dolları (22,8 %) çoxdur.

Bizim.Media

Şərhlər

XƏBƏR LENTİ