SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Avtovağzal rəhbərindən İLGİNC MAXİNASİYA... - BU NƏDİ BELƏ?

Avtovağzal rəhbərindən İLGİNC MAXİNASİYA... - BU NƏDİ BELƏ?

Tarix:

16-05-2023, 12:12

/ 322 dəfə oxundu.
Avtovağzal rəhbərindən İLGİNC MAXİNASİYA... - BU NƏDİ BELƏ?

İllər öncə respublikamızın əsas problemlərdən biri, bəlkə də birincisi ölkəmizin nəqliyyat sektorunda əmələ gələn özbaşınalıqların, hərcmərcliklərin varlığı idi. Çünki istər şəhərdaxili, istərsə də digər şəhər və rayonlara hərəkət edən nəqliyyat vasitələri sahiblərinin heç bir qayda-qanuna söykənmədən fəaliyyət göstərmələri, gediş haqqı qiymətlərinin tez-tez artırılması və s. kimi halların varlığı, sakinlər arasında haqlı narazılıqların baş verməsinə səbəb olurdu. Çox keçmədi ki, sakinlərin hər cür rahatlığının təmin olunması məqsədilə büdcədən ayrılan vəsaitlər hesabına, respublikamızın şəhər və rayonlarında yeni avtovağzallar inşa olundu və hər kəsin istifadəsinə verildi. Bəli, bu gün də şəhər və rayonlarda fəaliyyət göstərən avtovağzallar, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən sahələrindən biri hesab olunur. Hər kəs şahiddir ki, bu sahədə atılan addımlar, yalnız və yalnız sərnişinlərin rahatlığının təmin olunması məqsədilə atılır. Belə avtovağzallardan biri də, 2007-ci ilin iyun ayında Balakən rayonunun Heydər Əliyev prospektində inşa olunur və 19 sentyabr 2008-ci il tarixdə isə, Prezidenti İlham Əliyev Balakən Avtovağzalının açılışınıda iştirak edir. Qeyd edək ki, ölkə rəhbəri avtovağzalın açılış tədbirindən sonra, avtovağzalın kassa otaqlarına baxış keçirir, avtobusların hərəkət cədvəli ilə yaxından tanış olur. Əldə etdiyimiz məlumatlara görə, bu avtovağzalın binası büdcədən ayrılan 200 min manat vəsait hesabına inşa olunur və onun ümumi sahəsi 1100 kvadratmetrdir. Gün ərzində təqribən 500 nəfər sərnişinə xidmət göstərən bu avtovağzal binasında gözləmə salonu, kassa, ana və uşaq otaqları, yeməkxana və digər xidməti otaqlar var və burada 25 nəfərin işlə təmin olduğu söylənilir. Bütün bunlara baxmayaraq, Balakən Avtovağzalına rəhbərlik edən Nadir müəllimin, bu gün də bu avtovağzalda öz düşüncə tərzinə uyğun “gestapol idarəçiliyi” həyata keçirdiyi bildirilir. Bu haqda məlumatları Dəryaz qəzetinin redaksiyasına çatdıran və Nadir müəllimin idarəçiliyindən zinhara gəldiyindən Balakən rayonu, Mahmalar kənd sakini, hal-hazırda rayonun Atatürk prospektində yaşayan Sarıyeva Naibə Naib qızı şikayətçi olduğunu bildirir. Şikayətçi xanım Naibə Sarıyeva bildirir ki, “Mən 2018-ci ildən Balakən Avtovağzalında kassir işləyirəm və ötən illər ərzində hər ay cəmi 120 manat əmək haqqı almışam. Hətta, elə hallar olub ki, əmək haqqımı rəhbərlik məni təhqir edə-edə verib. Elə hallar da olub ki, əmək haqqımı Nadir müəllimə yalvararaq almışam. Bəzən də o, “Əmək haqqı yoxdur, olanda verərəm. Get kimə, hara istəyirsən şikayətini ver” deyə, mənə belə bir formada cavab verib. Artıq son vaxtlar vəziyyət o həddə qədər gəlib çatdı ki, bu ilin mart ayında Nadir müəllimin əməllərindən aidiyyatı dövlət qurumlarına şikayət etməli oldum. Etdiyim şikayətdən sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin əməkdaşları avtovağzala üç min manat cərimə yazdılar, daha sonra bununla bağlı prokurorluğa da şikayət etdim. Qeyd edim ki, Balakən Avtovağzalında iki nəfər kasir var. Biri mənəm, digəri isə “smenşik”imdir. Səhər saat 6:00-dan axşam saat 18:00-a kimi birimiz, digərimiz isə axşam saat 18:00-dan 23-ə kimi işləyirik. Nadir müəllimin əməllərindən aidiyyatı dövlət qurumlarına şikayət etdiyimə görə o, bu gün həm məni, həm də “smenşik”imi işdən çıxartmaqla hədələyir. Bu şəxs bizi 10 saat və daha çox işlədir, amma ayda bizə cəmi 120 manat əmək haqqı verir. Şikayətimdən sonra Nadir müəllim bizə “Siz 8 saat işləməlisiniz” deyir. Bu şəxs yalnız bir ay 250 manat əmək haqqı verib. İndi may ayı olsa da, aprel ayının əmək haqqını ala bilməmişəm. Nə vaxt ondan əmək haqqımı istəyirəm, o halda o, “Pul yoxdur, olanda verərəm” deyir və əmək haqqımı vermir. Nadir müəllim işdə qanunsuz xadimələr saxlayırdı və onlara ayda 200 manat əmək haqqı verirdi. Elə ki, şikayət olundu, müəyyən yoxlamalar başladı, ondan sonra o, xadimələri işdən çıxartdı. Bu gün Balakən Avtovağzalında Sevinc Məmmədova adlı bir xanım qanunsuz şəkildə kasir işləyir. Çünki, xeyli müddət bunda öncə Arif müəllim onu işdən çıxartmışdı. Bu gün Nadir müəllim bizi işdən çıxartmaq istəyir, ona görə də həmin kassiri işə götürüb. Amma, bəlli deyil ki, Sevinc Məmmədova rəsmi qaydada işə götürülüb, yoxsa o, VÖEN-lə işləyir? VÖEN-lə işləmək ƏM-nin tələblərinə də ziddir.

Nadir müəllim bizi pandemiya vaxtlarında da işlətdi və iki aylıq əmək haqqımızı vermədi. Bu gün əmək haqqımı istəyirəm, o, mənə “Əmək haqqı yoxdur, olanda verəcəyəm” deyə cavab verir. Bu şəxs 2018-ci ildən bizə 120 manat əmək haqqı verir. Hansı ki, bu yöndə lazımi araşdırmalar aparmışam, hər ay mənim adıma 345 manat əmək haqqı yazılıb. Nadir müəllim bizi işə gotürəndən indiyə kimi əmək haqqı kartlarımızı özündə saxlayır və bu gün də o, əmək haqqı kartlarımızı özümüzə qaytarmır. Hal-hazırda Balakən Avtovağzalında Nadir müəllimlə avtovağzalın dispeçeri özünəməxsus formada işbirliyi qurublar və onlar əldə etdikləri gəlirləri birlikdə mənimsəyirlər. Avtovağzaldan müxtəlif istiqamətlərə hərəkət edən nəqliyyat vasitələri ilə bağlı sənədləşmə işləri düzgün həyata keçirilmir. Nadir müəllim əvvəllər taksi sürücüsü olub və bir neçə ildir ki, bu avtovağzala rəhbərlik edir. Bundan əlavə, “Daewoo” şirkəti ilə Balakən Avtovağzalı arasında müqavilə sənədi olmasa da, bu şirkətə məxsus nəqliyyat vasitələri bu avtovağzaldan müxtəlif istiqamətlərə hərəkət edirlər. Deməli, “Daewoo” şirkəti sürücülərinin Balakən Avtovağzalındakı fəaliyyətləri qanunsuzluğa söykənir”.

Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, Nadir müəllimin bu cür əməlləri ilə bağlı aidiyyatı dövlət qurumları, ələlxüsus Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər şəxsləri müvafiq tədbirlərini görəcəklər. Yəni ki, o halda bu şəxs Balakən Avtovağzalında qol qoyduğu qanunsuzluqlarla bağlı ünvanlanan suallara gectez hüquqi müstəvidə cavab verməli olacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

Deryaz.az

Şərhlər

XƏBƏR LENTİ