SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Heydər Əliyev - Dahi şəxsiyyət...

Heydər Əliyev - Dahi şəxsiyyət...

Tarix:

6-05-2023, 10:29

/ 341 dəfə oxundu.
Heydər Əliyev - Dahi   şəxsiyyət...

Milli   iftixarımız, Azərbaycan   xalqının   böyük  oğlu, ümummilli   lider  Heydər Əliyev   dövrümüzün   siyasi nəhənglərindən   biri  kimi   müasir   dünya   tarixində   əbədiyaşarlıq  haqqı  qazanmışdır. Azərbaycanlılar   üçün  o  müasir  Azərbaycan  dövlətinin  qurucusu, xalqın  ən   böyük   təəssübkeşi   və öndəridir. Qüdrətli  şəxsiyyəti  ilə   seçilən   qeyri adi  siyasi   istedada   malik   ulu öndəri  xalqına   bağlayan  tellər   polad  kimi   möhkəm  idi.  H.Əliyev  öz  əməlləri,  öz   fəaliyyəti  ilə   tarix   yaradan   nadir  şəxsiyyətlərdəndir. H.Əliyevin özü   haqqında   söylədiyi   bir   fikir  onun  şəxsiyyətinin   parlaqlığına  ən   gözəl   nümunədir: “Mən  balaca   bir  evdə, zəhmətkeş   ailəsində,  bir   yaz  günündə   dünyaya göz    açmışam. Anadan  olanda  yəqin  ki,  beş-on,  uzağı   otuz-qırx  nəfər   sevinib. İndi   bəlkə   də  qeyri təvazökar   səslənsə   də,  deməliyəm  ki,   anam   məni   bütövlükdə   Azərbaycanımız   üçün  dünyaya   gətirib. Doğma  canım,  varlığım   qədər   sevdiyim   Azərbaycan  mənim  qibləgahımdır. Bütün  şüurlu   ömrümü  də  onun işıqlı   sabahları   uğrunda   qurban  verməyə hazıram”.   

Sovet  dövründə  ümummilli  lider  Heydər  Əliyev  Azərbaycana  rəhbərlik  etdiyi  zamanda erməni  millətçiləri  imkan  düşdükcə Azərbaycan  torpaqlarına  əsassız  iddialar  irəli  sürürdülər. Ancaq  Heydər  Əliyev  Dağlıq  Qarabağın  tarixini,  coğrafiyasını,  iqtisadiyyatını, gözəl  bilirdi. O, hələ  Azərbaycan  rəhbəri  seçilməmişdən  əvvəl-1967-ci  ildə  ilk  dəfə  Şuşada  olmuşdu. O vaxt  Xankəndində  azərbaycanlılarla  ermənilər  arasında münaqişə  olmuş  və  qan  tökülmüşdü.  Dağlıq  Qarabağda  olan  bəzi  millətçilər  3  nəfər  azərbaycanlını  vəhşicəsinə  öldürmüşdülər.  Həmin  məsələni  dərindən  araşdırmaq  üçün  Heydər  Əliyev  15 gün  Dağlıq  Qarabağda  olmuş,  eləcə  də  Şuşaya  getmişdi.  Şuşada  olarkən  1905-1907-ci,  1918-1920-ci illərdə ermənilərin  təcavüzü  nəticəsində  dağıdılmış  və  yandırılmış  evlərin  hələ  də  bərpa  edilmədiyini  görmüşdü.  O, Şuşa şəhərinin  Azərbaycan  xalqının  böyük  bir  tarixi  abidəsi,  incisi  kimi  bərpa  etdirilməsinin  zəruriliyi  qənaətinə  gəlmiş  və  Bakıya  qayıtdıqdan  sonra  şəhərin  belə  vəziyyətdə  saxlanılmasının  mümkünsüzlüyü  barədə mülahizələrini  Azərbaycan  rəhbərlərinə  söyləmişdi.

H.Əliyev 1969-cu  ildə  Azərbaycana  rəhbər  seçiləndən  sonra Şuşanı  abadlaşdırmaq,  şəhərin  başına  gətirilən  müsibətlərin  izlərini  ləğv  etmək,  dağıdılmış,  yandırılmış  evləri  bərpa  etmək,  eyni  zamanda,  tarixi  abidələri  qoruyub  saxlamaq və  böyük  bir  muzeyə  çevirmək  üçün  əhəmiyətli  işlər  görmüşdür.  1970-ci  illərdə  ermənilər  Dağlıq  Qarabağ  məsələsini  yenidən  ortaya  atsalar da,  onların  bu  istəklərinin  qarşısı qətiyyətlə  alınmışdı.  Bu  dövrdə  Heydər  Əliyevin  fəaliyyətinin  mühüm  əhəmiyyət  daşıyan  istiqamətlərindən  biri  Dağlıq  Qarabağda  milli  ruhun  oyadılması  olmuşdur.

1970-ci  illərin  ikinci  yarısında  Heydər  Əliyevin  bilavasitə  təşəbbüsü və  rəhbərliyi  ilə  Şuşa  şəhərinin  inkişaf  etdirilməsi  məqsədilə  bir  neçə  xüsusi  qərar  qəbul  edilmişdir.  Qərarlara  uyğun  olaraq  şəhərin  keçmişdə  tikilmiş  binaları,  tarixi  abidələri  bərpa  edilmiş,  yeni  çoxmərtəbəli  yaşayış  binaları,  böyük  mehmanxana  kompleksləri,  ayrı-ayrı  inzibati  binalar  inşa  olunmuşdur. Şuşa ümumittifaq  səviyyəli  kurort  şəhərinə  çevrilmişdir.   Şəhərdə  azərbaycanlılar  üçün  əlavə  iş  yerləri  açılmış, yaşayış səviyyəsi  yaxşılaşddırılmışdır. 1920-ci  ildən  1970-ci  ilə  qədər  Şuşada heç  vaxt  belə  geniş  miqyaslı  tikinti  işləri  aparılmamışdı.  Şəhərdəki  “Qala  divarları”nın  və  “Gəncə  qapısı”nın  bərpasına  təkcə  1975-ci  ildə  25  min  manat  vəsait  xərclənmişdi.  Azərbaycanın  mədəniyyət,  incəsənət  və  elm  xadimlərinin,  o  cümlədən  XIX  əsrin  görkəmli  ədibi  Qasım  bəy  Zakirin  məzarı  qaydaya  salınmışdı.

1979-cu  il  yanvarın  12-də  “Ağdam-Xankəndi” dəmiryolu  çəkildi  və  Ümummilli  Liderin  özünün  iştirakı  ilə  istifadəyə  verildi.  Nəticədə  dəmir  yolu  xəttinin  işə  düşməsi  ilə  muxtar  vilayətin  iqtisadi  cəhətdən  respublikanın  digər  rayonları  ilə  daha  sıx  əlaqəsi  yaradıldı.  Bu,  Heydər  Əliyevin  Qarabağın  dağlıq  və  aran  hissələrinin,  Azərbaycanın  digər  rayonlarının  təsərrüfat  və  iqtisadi  cəhətdən  daha  çox  birləşdirilməsi  baxımından  strateji  addımı  və  böyük  tarixi  xidməti  idi.  Dəmir  yolu  xəttinin  açıldığı  gün  Şuşaya  gedən  ümummilli  lider  şəhərdə Azərbaycan  xalqının  tarixi  abidələrinin  qorunmasına  xüsusi  qayğı  göstərilməsi  barədə  xüsusi  göstəriş  verdi. Ulu  Öndər,  eyni  zamanda,  Şuşada  aparılan  tikinti-quruculuq  işləri  ilə  də  yaxından  maraqlanmış,  Azərbaycan  poeziyasının  klassikləri  Molla  Pənah  Vaqifin  və  Xurşidbanu  Natəvanın  yaşayıb  yaratdığı  yerlərlə  tanış  olmuşdu.  Şuşa  rayonunun  rəhbərləri  ilə  keçirdiyi  görüşdə  ümummilli  lider  tövsiyə  edərək  demişdi:  “Şuşa  abidələr  şəhəridir.  Diyarın  zəngin  tarixi  ilə  bağlı  olan  hər  şeyi  qorumaq,  qədim  tikintiləri  bərpa  etmək  lazımdır”.  Heydər  Əliyevin  bilavasitə  səyləri  nəticəsində  az  sonra  Şuşa  şəhərini  tarix -memarlıq  qoruğu  elan  edən  qərar  qəbul  olundu.

Ümummilli  lider  deyirdi:  “Şuşa  Azərbaycanın  ən  əziz  və  böyük   tarixi  olan  bir  guşəsidir.  Bu, Azərbaycan  xalqının,  əcdadlarımızın  yaratdığı  böyük  abidədir,  təkcə  şəhər  deyil,  böyük  bir  tarixi  abidədir”. 

28 ildən artıq işğal altında qalan doğma Şuşamızı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycanın mərd övladları,  azad etdi. Bu, tarixi bir Qələbə, tarixi bir Zəfər idi. Biz artıq Şuşaya, Qarabağa – doğma yurd yerlərimizə qayıdırıq.

Təyyubə Hüseynova 
Abşeron rayon Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru

Şərhlər

XƏBƏR LENTİ