SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ali Məhkəmənin sahibkarın hüquqlarını müdafiəsində qətiyyətli mövqeyi məhkəmələrə olan inamı artırır

Ali Məhkəmənin sahibkarın hüquqlarını müdafiəsində qətiyyətli mövqeyi məhkəmələrə olan inamı artırır

Tarix:

28-04-2023, 14:30

/ 900 dəfə oxundu.
Ali Məhkəmənin sahibkarın hüquqlarını müdafiəsində qətiyyətli mövqeyi məhkəmələrə olan inamı artırır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarlıq fəaliyyətinin dəstəklənməsini ölkənin inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Dövlət başçısı əlverişli iqtisadi mühitin yaradılması, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılması ilə yanaşı, onların hüquqlarının ədalətli şəkildə məhkəmələrdə müdafiəsinin təmin edilməsinin də vacib olduğunu dəfələrlə vurğulayıb. Sahibkarların hüquqlarının pozulması dövlət orqanlarının hərəkətləri nəticəsində baş verdikdə isə onların bərpası xüsusi əhəmiyyətlidir. Məhkəmələr belə pozuntuların aradan qaldırılması istiqamətində daha qətiyyətli və ardıcıl mövqe nümayiş etdirməlidirlər.

Ötən gün Ali Məhkəmə sahibkarın hüquqlarının müdafiəsinə dair məhz belə bir qərar çıxarıb. “X” MTK-nın (ad şərtidir) Bakı Şəhər İcra Hakimiyyətinə və digər cavabdehlərə qarşı məhkəmə işində iddiaçı dövlət orqanlarının və vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə görə uğradığı zərərin ona ödənilməli olduğunu tələb edib.
Mübahisə isə ona görə yaranıb ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2003-cü il tarixdə verilmiş sərəncamla universitetlərin birinin həyətindən 0.16 ha torpaq sahəsi MTK-ya ayrılmış və ərazidə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Daha sonra isə 2006 və 2007-ci il tarixlərdə bağlanılmış müqavilələrlə Əmlak Məsələləri Dövlət Komitəsi ərazidə yerləşən və dövlətə məxsus qeyri-yaşayış sahələrini və torpaq sahəsini MTK-ya satmışdır.
MTK tikinti işlərinə başlayaraq binanın bir hissəsini inşa etsə də, sonradan Təhsil Nazirliyinin qaldırdığı iddialara baxılması ilə əlaqədar tikinti dayandırılmışdır. Məhkəmələr Təhsil Nazirliyinin iddiasını haqlı hesab edərək torpaq sahəsinin ayrılması və tikintiyə icazə barədə BŞİH-nin sərəncamını, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanılmış müqavilələri etibarsız hesab etmişlər. Məhkəmələrin həmin işlərdəki mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələblərinə görə universitetin ərazisindəki torpaq sahələri yaşayış binasının tikintisi üçün ayrıla bilməzdi, eləcə də həmin sahə özəlləşdirilməklə tikinti şirkətinə satıla bilməzdi.
Bundan sonra “X” MTK dövlət orqanlarının razılığı ilə apardığı tikinti fəaliyyəti nəticəsində uğradığı zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri iddianı rədd etmişlər.
İddiaçının şikayəti əsasında işə baxan Ali Məhkəmə isə sahibkarın vurulmuş zərərə görə kompensasiya almaq hüququnu tanımış, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdır. Ali Məhkəmənin mövqeyi belə olub ki, hər kəsin dövlət orqanlarının qərarlarına etimad göstərmək hüquqları vardır. Bu hüquq onu tələb edir ki, dövlət orqanlarının, yaxud vəzifəli şəxslərin qərar və hərəkətlərinin məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş zərərə görə ona kompensasiya ödənilməlidir.
Ali Məhkəmənin bu cür qətiyyətli mövqe sərgiləməsi məmurlar üçün mənfi nəticələr yarada bilər. Məhkəmə qərarı ilə sahibkara vurulan ziyan dövlət tərəfindən ödəniləcək. Ancaq öz qərarları ilə sahibkarın hüquqlarını pozan və nəticədə dövlətə zərər vuran vəzifəli şəxslər məsuliyyət daşımalıdırlar.
Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasının əsas prioritetlərindən biri qeyri-neft sektorunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsidir. Bu sahənin inkişafını şərtləndirən əsas amillərdən biri də ölkəyə investisiyaların cəlb edilməsidir.
Lakin heç kəsə sirr deyil ki, sahibkarlar hüquqlarının yüksək səviyyədə qorunduğu ölkələrə sərmayə qoymaqda maraqlıdırlar. Bu baxımdan Ali Məhkəmənin sahibkarların hüquqlarının müdafiəsində bu cür qətiyyətli mövqeyi məhkəmələrə olan inamı artırır, eləcə də ölkəmizdə əlverişli biznes mühitin formalaşmasına töhfə vermiş olur.

Şərhlər

XƏBƏR LENTİ