SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Dilimizin böyük himayədarı...

Dilimizin böyük himayədarı...

Tarix:

27-04-2023, 12:42

/ 1 308 dəfə oxundu.
Dilimizin böyük himayədarı...

Ümummili lider Heydər Əliyevin  Azərbaycan dilinə verdiyi dəyər, onun var olması üçün etdiyi mücadilə bu böyük şəxsiyyətin öz xalqına olan sonsuz sevgisinin nümunəsidir.
1969-cu ildə siyasi hakimiyyətə gələn Heydər Əliyev özündə elə bir liderlik qabiliyyəti, xalq, vətən sevgisi cəmləşdirmişdi ki, bu bizim sonrakı bütün tariximizə günəş kimi işıq saçdı. Heydər Əliyev Sovet imperiyasının amansız repressiya maşınında minlərlə parlaq şəxsiyyətlərini itirmiş, dini, dili, maddi-mədəni dəyərləri məhv edilmiş, geridə qalmış bir aqrar ölkənin rəhbəri kimi fəaliyyətə başlayanda bəlkə də çoxları bu təyinatın Azərbaycanın xilası, gələcək böyük uğurlarının təməli olduğunu düşünmürdü. Amma tarixin təkəri bu dəfə Azərbaycan xalqının xeyrinə fırlanırdı, çünki onun xilası naminə bütün həyatını qurban verməyə hazır olan böyük bir şəxsiyyət yola çıxmışdı - Azadlıq və istiqlaliyyət yoluna! 
Dahi rəhbərin bütün həyatı Azərbaycana, azərbaycançılığa bağlı olub. Heydər Əliyev Azərbaycan dilində saatlarla danışardı. Onun nitqi dilimizin ən təmiz, bulaq suyu kimi saf köklərindən qaynaqlanardı. O, bu dildə ən səmimi hisslərini ifadə edirdi, çünki bu dilin həm də ən böyük himayəçisi idi. 
Ulu Öndər ölkəmizə rəhbərliyə gəldiyi dövrdə Azərbaycan dili sıxışdırılaraq az qala məişət dili səviyyəsinə endirilmişdi. Bütün dövlət strukturlarında kargüzarlıq və ünsiyyət dili kimi rus dilindən istifadə edilirdi. Rus dilində danışmaq və yazmaq karyera yüksəlişi və uğur qazanmaq üçün trampilinə çevrilmişdi. Belə bir vaxtda Heydər Əliyev bütün təhlükələri göz önünə alaraq çəkinmədən nəinki dilimizi qorudu, hətta onu yenidən dövlət dili səviyyəsinə qaldırdı. Onun bu addımı azadlığa gedən yolumuzda ilk qığılcım idi.
Dilimizin ən incə çalarlarına bələd olan Ulu Öndər nəinki onu ən yüksək statusa qaytarırdı, həm də bu dildə yeni ədəbi-bədii əsərlərin yaranmasına şərait yaradırdı. 
Heydər Əliyevin qayğısı sayəsində ali məktəblər üçün dördcildlik "Müasir   Azərbaycan dili" dərsliyinə, "Azərbaycan dilinin dialektologiyasının əsasları" dərs vəsaitinə respublika Dövlət mükafatı verildi, təhsil müəssisələrində ana dilinin tədrisinə ayrılan saatların miqdarı artırıldı, Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı.
Bu istiqamətdə Ulu Öndərin şəxsi təşəbbüsü, qətiyyəti və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Totalitar rejimin hökm sürdüyü, qatı rus millətçiliyi və şovinizminin baş alıb getdiyi keçmiş Sovetlər Birliyində bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi. Tarix sübut etdi ki, Heydər Əliyevin atdığı bu addım da onun uzaqgörən siyasətinin parlaq təzahürü idi və dilimizin, ədəbiyyatımızın sonrakı inkişafında müstəsna rol oynadı. 
Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi.
Azərbaycan dili anlayışı ölkədə yaşayan bütün xalqlar tərəfindən qəbul olunmuşdur. Bu dil artıq kifayət qədər işlənmə təcrübəsi qazanmış və müstəqil Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artması ilə tarixdə və beynəlxalq arenada da bu adla tanınmışdı. 
Ulu öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, bugünkü durumunu və mövcud problemlərini də daim diqqət mərkəzində saxlamış və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atmışdır. Həmin tədbirlər sırasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.
Heydər Əliyevin öz xalqına, vətəninə olan sonsuz sevgisinin ən bariz təzahürü ana dilimizə olan qayğısı, ona verdiyi yüksək dəyərdir. “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var” - deyən Ümummilli Lider hər bir çıxışı, nitqi ilə bu dilə yeni bir çalar, zənginlik bəxş etmişdir. 
“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”- deyən Ulu Öndər  bütün ömrü boyu vətəni, xalqı üçün yorulmadan çalışdı. Bu gün onun əməlləri dilimizin ən şirin kəlamlarında, yurdumuzun hər bir qarışında yaşayır. Bu gün Heydər Əliyev ideyaları Azərbaycanımızın dünyanın güclü dövlətləri sırasında yer almasına, qalib ölkə kimi şərəfli bir tarix yazmasına gətirib çıxarıb. 

Sərdar Musayev
Abşeron rayon Qobustan kənd tam orta məktəbin müəllimi

Şərhlər

XƏBƏR LENTİ