SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib

Tarix:

8-04-2023, 11:16

/ 528 dəfə oxundu.
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib

 
Zərifə xanım Əliyeva 62 il bənzərsiz, işıqlı bir ömür yaşayıb. Bu qısa ömür yolu parlaq səhifələrlə zəngindir. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyin uca zirvəsinə yüksəlmiş görkəmli elm fədaisinin nurlu çöhrəsi canlanır. Onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.
Zərifə xanım həyatı daim mübarizələrdə keçən Heydər Əliyevlə çiyin-çiyinə addımlayır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu ağır yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi.  
Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib. Onun daha bir xidməti yüksəkixtisaslı kadrlar yetişdirməsidir. Akademik Zərifə xanım Əliyeva zəngin irs qoyub, öz tədqiqatları, fundamental əsərləri ilə Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəli aparıb.
Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atası Əziz Əliyev rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifələrdə çalışmış, dərin intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, zəhmətsevərliyi, səmimiliyi, insanlara sevgisi ilə başqalarından seçilirdi. Peşə seçmək vaxtı yetişəndə tərəddüd etmədən həkimliyi seçdi. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul oldu və institutu əla qiymətlərlə bitirdi. Oftalmologiya peşəsinə yiyələnmək arzusu ilə Moskva şəhərinə üz tutdu, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçdi.
1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri geniş yayılmışdı, traxoma kimi dəhşətli bəla tüğyan edirdi. Zərifə xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olundu.
Zərifə xanım oftalmologiyanın aktual problemlərinə xüsusi diqqət yetirirdi. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bakı Məişət Kondisionerləri Zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, həmin zavodun və digər iri sənaye müəssisələrinin işçilərinə müalicə köməyi də göstərilib. Görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb.   
1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
 Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmiş, o, özündən sonra dəyərli məktəb qoymuşdu. Təbabətdə öz dəstxəti olan novator alim 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifidir. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Onun yaşadığı ömür başdan-başa bir işıq mücəssəməsidir.
 
 
Kübra Cabbarova – Əməkdar həkim

Şərhlər

XƏBƏR LENTİ