SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir

Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir

Tarix:

17-03-2023, 10:16

/ 390 dəfə oxundu.
Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir

 
Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Dövlətimiz Avratlantik məkana inteqrasiya və Avropa İttifaqı ilə sıx əməkdaşlıq prosesində Almaniya ilə əlaqələrə xüsusi önəm verir. Qloballaşan dünyanın mühüm siyasi mərkəzlərindən biri olan Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir.
Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir. Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
İqtisadiyyat sahəsinə gəldikdə, Azərbaycanla Almaniya arasında əlaqələr kifayət qədər inkişaf edib. Ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. 2022-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Həmin il Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 591,3 milyon ABŞ dolları olub. Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər. İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi Azərbaycan təbii qazını İtaliyadakı qəbul nöqtəsi vasitəsilə Avropa İttifaqının bazarına çatdırır. Təkcə ötən il SOCAR tərəfindən Almaniya istiqamətində 1,764,5 min ton xam neft ixrac edilib. 
İki ölkə arasında humanitar əlaqələrin inkişafı çərçivəsində Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində 900-dən çox azərbaycanlı tələbə Almaniyada təhsil alıb. Eləcə də Alman Akademik Mübadilə Xidmətinin (DAAD) məlumatına görə, hazırda iki min nəfərə qədər Azərbaycan vətəndaşı Almaniyada təhsil alır. Bütün bunlarla yanaşı, ölkəmizdə alman dilinə böyük maraq var. Belə ki, alman dili ölkəmizdə bir sıra orta və ali təhsil müəssisələrində tədris olunur. 2018-ci ildə açılmış Bakı Höte Mərkəzi alman dilinin tədrisinə mühüm töhfə verir. Azərbaycan Almaniya şəhərləri ilə də əməkdaşlıq əlaqələrinin qurulmasına maraq göstərir. Belə ki, Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri qardaşlaşıblar.
Dövlət başçısının Almaniyaya səfəri çərçivəsində Cənubi Qafqaz regionundakı mövcud vəziyyət də geniş müzakirə olunub. Prezident İlham Əliyev dövlətimizin Ermənistanla sülh sazişi imzalamaq barədə təşəbbüslə çıxış etdiyini vurğulayıb. Azərbaycan Prezidenti Almaniyanın Federal Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında vurğulayıb: “Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”. Almaniyanın Prezidenti və Federal Kansleri isə Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan ediblər.
 Beləliklə, Prezident İlham Əliyevin səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələr Azərbaycanla Almaniya arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, qarşılıqlı əlaqələrin davamlı olaraq inkişaf edəcəyini deməyə əsas verir.
 
 
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
 
 

Şərhlər

XƏBƏR LENTİ