XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Azərbaycanın hərbi sənayesi güclənir - işğalçının yuxusunu qaçıran gəlişmə

Azərbaycanın hərbi sənayesi güclənir - işğalçının yuxusunu qaçıran gəlişmə

Azərbaycanın hərbi sənayesi güclənir - işğalçının yuxusunu qaçıran gəlişmə
24-06-2017, 09:27

Prezident İlham Əliyev yeni hərbi zavodun açılışını etdi; xaricdən silah asılılığımız azalır; Bakı Ermənistanla informasiya savaşını da gücləndirir: Kremlin daha bir ideoloqu Bakıda...
Hər bir dövlətin gücü sözsüz ki, ilk növbədə onun iqtisadi və hərbi qüdrəti ilə ölçülür. Daha çox da iqtisadi amil həlledici sayılır, çünki güclü ordu bu amillə birbaşa bağlıdır. Ərazisinin 20%-i illərdir erməni işğalı altında olan Azərbaycan üçün hərbi faktor isə ikiqat, üçqat önəm daşıyır.
O da məlumdur ki, güclü hərbiyyəsi olan ölkə həm də öz hərbi sənaye kompleksi olan ölkədir, silah idxalçısından daha çox silah ixracatçısı olan dövlətdir. Nə yaxşı ki, işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan son illər bu yöndə nəzərəçarpan uğurlar əldə edib və etməkdədir. Bu isə o deməkdir ki, xarici ölkələrdən silah asılılığımız azalmağa doğru gedir. Bu da öz növbəsində müharibə vəziyyətində olan Azərbaycan üçün xüsusi önəm daşıyır.
Bakı ələlxüsus da strateji dost-tərəfdaş olan ölkələrlə - qardaş Türkiyə, İsrail və Pakistanla hərbi-texniki sahədə əməkdaşlığı ilbəil dərinləşdirməkdədir. Artıq bir sıra müasir döyüş silahlarının, atıcı silahların istehsalına başlanıb. Onlardan məsələn, düşmənin qorxulu röyası olan “Zərbə” pilotsuz uçan aparatların adını çəkmək olar.
Dünən isə Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin Şirvan şəhərindəki TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışında iştirak edib.
Zavodun yaradılmasında əsas məqsəd tank və özüyeriyən artilleriya qurğuları, o cümlədən dinamik qoruyucu sistemlər ilə təchiz olunmuş, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq, bundan başqa açıq ərazilərdə, səngərlərdə yerləşən düşmənin canlı qüvvəsini məhv etmək üçün TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ - qəlpəli, kumulyativ tandem, termobarik və inert qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir.
Bu sursatlar 700 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir. Zavodun illik istehsal gücü birnövbəli iş rejimində 20 min atəş yığımı təşkil edir ki, bu da güc strukturlarının tələbatını ödəməyə imkan verəcək. Bu məmulatlara xarici dövlətlərdən sifarişlərin olduğunu nəzərə alaraq gələcəkdə ixrac imkanları nəzərdən keçiriləcək. Prezident müəssisə kollektivinə uğurlar arzulayıb və zavodu işə salıb.
Bu, şübhəsiz ki, işğalçı Ermənistan üçün qanqaraldıcı bir xəbərdir. Hər necə olmasa, təcavüzkar ölkə də neçə vaxtdır öz hərbi-sənaye kompleksini yaratmağa çalışır. Lakin bundan ötrü qanunverici aktlar qəbul eləsə də, maliyyə-iqtisadi resursların kasadlığı real iş qurmağa imkan vermir. Rusiyaya isə öz satellitinin belə durumu tam əl verir, çünki Ermənistanı daha güclü şəkildə öz asılılığında saxlayır.
Lakin Azərbaycan Ermənistan deyil. Azərbaycan öz təbii qaynaqları, iqtisadi imkanları hesabına öz milli hərbi sənayesini qurub inkişaf eləmək potensialındadır və yöndə işlər uğurla davam edir. Milli hərbi sənaye isə müharibə olacağı təqdirdə Azərbaycanın start üstünlüyü deməkdir. Hətta müharibə olmasa belə, düşmən üzərində, danışıq masasında psixoloji üstünlük yaradan faktordur. Nəhayət, ixrac (satış) uğurla təşkil olunarsa, bu, həm də büdcəyə əlavə gəlir deməkdir.
Bakı paralel surətdə işğalçı Ermənistanla informasiya müstəvisində də müharibəni davam etdirir. Etiraf edək ki, müasir dövrdə təbliğat-informasiya savaşı da hərbi və diplomatik qələbə üçün az önəm kəsb eləmir. Xüsusən Ermənistanın əsas müttəfiqi və havadarı Rusiyada Qarabağla bağlı ictimai rəyi xeyrimizə dəyişmək mühüm önəm daşıyır.
Bundan ötrü həmin rəyə təsir imkanı olan tanınmış ictimai-siyasi xadimlərlə, KİV-lərlə işləmək çox vacibdir. Təbii ki, bu yolda maliyyə, pul xərcləməyə xəsislik etməməliyik. Çünki belə xərclər enində-sonunda özünü mütləq doğruldacaq və qazanan Azərbaycan, Qarabağ məsələsi olacaq.
Söz düşmüşkən, bu arada Kremlin daha bir ideoloqu - rusiyalı yazıçı və ictimai xadim, avrasiyaçılıq ideoloqu Aleksandr Proxanov Bakıya gəlib.Səfər zamanı o, Azərbaycanın ictimai-siyasi xadimləri və yüksək çinli məmurlarla görüşəcək, İsmayıllıda İvanovka kəndinə baş çəkəcək. Maraqlıdır ki, Proxanovun özü də əslən həmin kənddəndir.
Arayış üçün onu da bildirək ki, A.Proxanov sovet və Rusiya siyasi xadimi, yazıçı, ssenarist, publisist, jurnalist, ictimai xadimdir. Rusiya Yazıçılar İttifaqı katibliyinin üzvü, “Zavtra” qəzetinin baş redaktorudur. Son illər, üstəlik, Rusiyanın (Kremlin) əsas ideoloqlarından biri kimi çıxış edir.
Bu yerdə yada salaq ki, az öncə Rusiyanın başqa bir ideoloqu - tanınmış ictimai-siyasi xadim, filosof və politoloq Aleksandr Duqin Bakıda olarkən Dağlıq Qarabağla bağlı bir sıra çox mühüm bəyanatlarla çıxış etmiş, ölkəmizdən xoş təəssüratla getmişdi. Azərbaycan haqda xoş təəssürat isə Qarabağla bağlı haqlı mövqeyimizin daha anlaşıqlı qarşılanması və müdafiə edilməsi deməkdir - xüsusən Duqin, Proxanov kimi ictimai rəyə təsiri olan xadimlər səviyyəsində...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.