SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərpaşa Nemətov teatrda Ramiz Novruza vida mərasimi keçirilməsinə niyə icazə vermədi?

Azərpaşa Nemətov teatrda Ramiz Novruza vida mərasimi keçirilməsinə niyə icazə vermədi?

Tarix:

23-02-2023, 07:30

/ 308 dəfə oxundu.
Azərpaşa Nemətov teatrda Ramiz Novruza vida mərasimi keçirilməsinə niyə icazə vermədi?

Ötən gün vəfat edən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruza onun uzun illər çalışdığı Akademik Milli Dram Teatrında vida mərasiminin keçirilməməsi, dəfn mərasimində Mədəniyyət Nazirliyi rəsmilərindən heç kimin iştirak etməməsi cəmiyyətin narazılığına səbəb olub. Xüsusən də 42 il səhnəsində can qoyduğu Akademik Milli Dram Teatrında vida görüşü keçirilməməsi böyük təəssüf və təəccüb doğurub. İddialara görə, adı çəkilən ana teatrın rəhbəri Azərpaşa Nemətov aralarında olan soyuq münasibət üzündən bu cür qərəz nümayiş etdirib.

Aktyorun layiqli şəkildə son mənzilə yola salınmamasına ilk narazılığını bildirənlərdən biri Xalq artisti Əli Nur olub. 

O, Musavat.com-a açıqlamasında deyib:

"Ramiz Novruz kimi çox dəyərli sənətkar layiqli dəfn edilməli idi. Axı Ramiz Novruz elə-belə aktyor deyil. O, Azərbaycan kinosunun, teatrının böyük aktyorudur. Bu sənətkar da gərək şərəflə, ləyaqətlə, adına layiq, həmçinin Azərbaycan mədəniyyətinin, dövlətinin adına layiq dəfn olunaydı. Axı bu cür aktyorlar səhnədə 50 il can qoymuş adamlardır. Ramiz Novruz Akademik Milli Dram Teatrının səhnəsindən götürülməli idi, Mədəniyyət Nazirliyinin yüksək səviyyəli məmurları heç olmasa hərəsi bir-iki kəlmə söz deyəydi. Ramiz Novruzu gizli şəkildə dəfn etmək axı ayıbdır!"

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Fazil Mustafa da məsələ ilə bağlı öz narazılığını bildirib. Bakıvaxtı.az saytına danışan millət vəkili qeyd edib:

"Ramiz Novruz kifayət qədər tanınmış aktyor, Xalq artisti idi. Allah ruhunu şad etsin, çox dəyərli sənət adamını itirdik. Onun həm statusuna, həm də dəyərli sənət adamı olmasına görə, son mənzilə yola salınması daha səviyyəli keçirilməli idi. Bunu niyə təşkil etmədilər, açığı, bunun mahiyyətini bilmirəm. Hər bir halda Xalq artistinin son mənzilə yola salınması daha fərqli olmalı idi".

"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkədə qeyd edib:

"Ramiz  Novruz böyük sənətkar olmaqla yanaşı, mükəmməl şəxsiyyət idi. Biz öyrənmişik ki, xalqın adına layiq  sənətkarları xalq özü son mənzilə yola salır. Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və yaxud bir zal olmadı ki xalq, sənət dostları sənətkarla vidalaşa  bilsin?!"

Jurnalist Aygün Muradxanlı: "Xalq artisti, prezident təqaüdçüsü, Azərbaycanın teatr məbədi sayılan Akademik Milli Dram Teatrının aktyoru Ramiz bəyi evindən götürdülər. Sənət üçün bacardığını edən sənətkara səhnə ilə, sənət dostlarını onunla teatrda vidalaşmağa qoymadılar. Kim? Kim olacaq? Teatrın qapısına qıfıl vuran Azərpaşa Nemətov, dilinin qıfılı götürülməyən nazir Adil Kərimli. Heç cür anlamıram ki, nədən Azərbaycanda vəzifə sahibləri pislik etməyə bu qədər həvəslidirlər? Guya bilmirlər ki, buna görə yüzlərlə, minlərlə insan onlara neqativ göndərir? Bilirlər, amma etdiklərindən qalmırlar…

Ahıl yaşına varan, Azərbaycan teatrını illərdir minib çapan Azərpaşa Nemətov haqqında hələ 1 adamdan xoş söz eşitməmişəm. Yəqin bugünkü əməlini eşidənlər ən yaxşı halda "76 yaşı var, elə bil özü ölməyəcək" deyiblər. Ramiz Novruzun getdiyi yer bəllidir - Haqqın dərgahı. Azərbaycan hara gedir? Bu qədər nahaqla…"

Məsələ ilə bağlı Musavat.com olaraq Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətovun mövqeyini öyrənmək üçün onunla əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz alınmadı. Adı çəkilən teatrın mətbuat xidmətindən isə sualımıza bu cür cavab verildi:

"Artıq uzun illərdir dünyasını dəyişən görkəmli sənətkarlarla vida mərasimi onların öz evində keçirilir. Bu, qəbul olunmuş qaydadır. İctimaiyyətin, teatrsevərlərin narahatlığını anlayırıq və onların bu istəyinə böyük hörmətlə yanaşırıq".

Musavat.com

Şərhlər

XƏBƏR LENTİ