Sentyabrın 29-da Vətən müharibəsi şəhid Şıxıyev Orxan Raqif oğlunun Daşkəsən Şəhidlər Xiyabanındakı məzarı başında qeyd edilən 33-cü doğum günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon prokuroru Şahin İmanov, rayon Polis şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, Şəhidin ailə üzvləri, rayonun şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhid Orxan Şıxıyevin məzarına gül dəstələri düzülüb, dualar oxunub. İcra başçısı Əhəd Abıyev Şəhidin ailəsinə rayon ictimaiyyəti adından bir daha da başsağlığı verib.
Çıxışlarda İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbəmizdən, Orxan Şıxıyevin ömür və döyüş yolundan danışılıb, şəhidlərimizə və qazilərimizə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq bildirilib.
Sonra sentyabrın 29-da icra başçısı Əhəd Abıyev Vətən müharibəsi şəhidi Bağırov Eşqin Rafiq oğlunun anım günü münasibətilə rayonun Xoşbulaq kənd qəbiristanlığındakı məzarını ziyarət edib. Şəhidin anım günündə icra başçısı Əhəd Abıyevlə birgə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidin ailə üzvləri, rayonun şəhid anaları və qazilər iştirak ediblər. Daşkəsənin ilk Vətən müharibəsi şəhidi Eşqin Bağırovun məzarına gül dəstələri düzülüb, dualar oxunub. Şəhidin atası Rafiq Bağırov, anası Nazilə Bağırova ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mərasimdə Əhəd Abıyev şəhid Eşqin Bağırovun ailəsinə bir daha da dərin hüznlə başsağlığı verib, habelə Şəhidin ömür və döyüş yolundan danışıb. Əhəd Abıyev çıxışında Daşkəsən rayonunda da şəhid ailələrinə və qazilərə hərtərəfli diqqət və qayğı göstərilməsini bildirərək bu istiqamətdə görülən işlərin dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın daim nəzarətində olduğunu qeyd edib.