
Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
Qüdrətli Azərbaycan ordusunun iki il öncə həyata keçirdiyi əks – hücum əməliyyatlarını “İldırım sürətli müharibə” adlandırmaq olar. Qarşı tərəfin 30 il ərzində işğal altında olan ərazilərdə qurduğu istehkamlar, çoxpilləli maneələr, üstəlik beynəlxalq tribunalarda mövcud ikili standartlar, habelə Ermənistana verilən silah yardımı əməliyyatların 44 gün ərzində bitəcəyini proqnozlaşdırmağa imkan vermirdi. Ancaq xalq – ordu – lider birliyi, azərbaycanlıların doğma torpaqlarına bağlılığı və bu millətin vətənpərvərlik duyğuları, hətta Ermənistana siyasi – hərbi dəstək ifadə edən bəlli ölkələri də mat vəziyyətə saldı.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76 – cı sessiyasında çıxışın əsas tezisindən aydın olur ki, Ermənistan Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymadan düşünülmüş şəkildə bilərəkdən yeni müharibənin başlanmasına doğru gedirdi. “2020-ci ilin sentyabrında BMT Baş Assambleyasında çıxışım zamanı mən sizin diqqətinizi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi, Ermənistan hökümətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltdim. Bu gün qürur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu. Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşahidə olunurdu. Ermənistan 1992 – ci ildə Xocalı soyqırımını törədərək yüzlərlə dinc sakinin, o cümlədən, 106 qadın, 63 uşağı qətlə yetirmiş, 1275 azərbaycanlı əsir götürülmüşdür. Onların 150 – si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür”.
Azərbaycan Prezidenti Vətən müharibəsinin başlama səbəbləri barədə BMT tribunasında dünya ictimaiyyətinə verdiyi mühüm mesajlar bugün müxtəlif beyin mərkəzləri tərəfindən araşdırılır və geniş şəkildə təhlil edilir. Həmin mesajların əsas qayəsi Ermənistan hakimiyyətinin pozucu və təcavüzkar siyasətinin 44 günlük Vətən müharibəsinə gətirib çıxardığı dünya ictimaiyyətinin nəzərinə çatdırmaq təşkil edirdi. Çünki qarşı tərəf bu müharibəyə görə məsuliyyəti üzərinə götürməkdən boyun qaçırırdı. Bununla belə Prezidentin dərin məntiqə söykənən təhlili, həmçinin hadisələrin gedişi, müharibənin başlama şərtləri ilə bağlı müfəssəl, konkret faktlarla məlumatları, informasiya cəbhəsində tarazlığı labüd şəkildə Azərbaycanın xeyrinə dəyişirdi.
Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.
Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər.
Prezident İlham Əliyev xalqa müraciətlərinin birində deyib: “Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur... Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.
Ona görə də döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçır, Azərbaycan əsgəri isə öz torpağı uğrunda baş qoyur, canından keçirdi.
Azərbaycan cəbhədə əldə etdiyi bu qələbələrin əsasını son 17 il ərzində qoyub. Ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikasının alınması gerçəkləşdirilib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Prezidenti çıxışlarının birində bu barədə danışarkən, deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.
Azərbaycan Ordusunun kəmiyyət və resurslar baxımından güclü, əsgər və zabitlərimizin isə yüksək peşəkarlığı, mübarizə əzmi işğalçının geri çəkilməsinə, döyüşdə təslim olmasına gətirib çıxardı.
Xətai rayon İcra Şöbəsinin rəisi vəzifəsini icra edən, ədliyyə müşaviri
Vüqar Qasımov