XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Çovdarovun “Azəriqaz”dakı qohumları işdən çıxarılır?

Çovdarovun “Azəriqaz”dakı qohumları işdən çıxarılır?

Çovdarovun “Azəriqaz”dakı qohumları işdən çıxarılır?
1-06-2017, 09:25

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli şəxsləri qohum-əqrəbalarını “Azəriqaz” İstehsalat Birliyinə yerləşdiribmiş.
Həbsdə olan MTN generalı Akif Çovdarovun və nazir müavini olmuş Hilal Əsədovun yaxınları SOCAR-ın bu qurumuna müxtəlif vəzifələrdə çalışır.
Əldə etdiyimiz bilgilərə görə, onların işdən çıxarılmasına hazırlıq gedir. Araşdırma zamanı Akif Çovdarovun “Azəriqaz” İB-dəki qohumlarının kimliyi açıqlanıb.
İddialara görə, idarə rəisi işləyən Bəhram Hacıyev və şöbə rəisi olan oğlu Orxan Hacıyev məhbus MTN generalının qohumlarıdır.
İqtisadiyyat və proqnozlaşdırma şöbəsinin rəisi Ələsgər Gülməmmədovun da A.Çovdarovun qohumu olduğu xəbər verilir.
Bundan əlavə, idarə rəisi Fərid Mustafazadə Çovdarovla qohumdur. Bu tayfa-klan qruplaşması generalın “Azəriqaz” İB-də mövqelərini möhkəmləndirməyə şərait yaradıb.
Ümumiyyətlə, MTN rəhbəri olmuş Eldar Mahmudov və qruplaşması müxtəlif dövlət vəzifələrində öz komandalarını yaradıb.
Onların işdən azad olunması gözlənilir. Onlar komitələrdə, nazirliklərdə, icra hakimiyyətlərində adamlarına verdiyi təlimatla istəklərini diktə ediblər.
Məsələn, Rabitə Nazirliyində, Əmlak Komitəsində, Bakı İcra Hakimiyyətində, ayrı-ayrı qurumlarda MTN bandasının təsiri altında olan məmurların olduğu bildirilir.
Bu faktlar zaman-zaman mətbuat səhifələrinə çıxıb. Ancaq Əkbər Hacıyevin direktoru olduğu “Azəriqaz”da Çovdarovun qohumlarının kimliyi barədə müfəssəl məlumatlar ilk dəfə meydana çıxır.
Bu şəxslər Çovdarovla qohumluq əlaqələrinə malik olsa da, vəzifədən kənarlaşdırılmayıblar.
Onların Çovdaovla hansı işbirliyinin olması haqda ətraflı məlumatlar açıqlanmır. Lakin MTN şəbəkəsinin “Azəriqaz” İB-ə sızan yaxınları təkcə Çovdarovla məhdudlaşmır.
Əldə etdiyimiz bilgilərə görə, Ə.Hacıyev onları işdən azad etmək öhdəliyi götürüb.
Məlumata görə, “Azəriqaz”da Eldar Mahmudovun müavini, MTN işindən kənarda olan Hilal Əsədovun qaynı oğlu Səbuhi İbrahimov şöbə rəisi işləyir.
Onun qardaşı isə Hilal Əsədovun köməkçisi olub. Göründüyü kimi, qarşılıqlı anlaşma şəraitində vəzifələr bölüşdürülüb. Bu da ehtimal edir ki, tərəflərin bir-birindən sözü keçib, xahişi olub, müəyyən işlər həyata keçirilib.
Onu da deyək ki, sabiq nazir müavini əhali arasında “Vosmoy bazarı” kimi tanınan meyvə-tərəvəz bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodu üzrə dindirilib.
Müstəntiqlər tərəfindən sualları cavablandıran Hilal Əsədov bazarın Akif Çovdarov tərəfindən zorla alınmasından xəbərsiz olduğunu deyib.
Hilal Əsədov əlavə edib ki, hazırda bazarın 50 faizi arvadı Nüşabə Əsədovaya məxsusdur, qalan 50 faizi isə Akif Çovdarovun qızı Aida Qasımovanın adınadır.
Qeyd edək ki, vaxtilə bazarın sahibi olmuş sahibkar Salman Qürbət oğlu Səfərov əmlakının əlindən necə qəsb edilməsi haqda ətraflı danışıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.