SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ayrılan 100 milyonlarla subsidiya ilə məhsul istehsalı arasında TƏRS MÜTƏNASİBLİK - KİMDİR GÜNAHKAR?

Ayrılan 100 milyonlarla subsidiya ilə məhsul istehsalı arasında TƏRS MÜTƏNASİBLİK - KİMDİR GÜNAHKAR?

Tarix:

1-06-2022, 18:29

/ 386 dəfə oxundu.
Ayrılan 100 milyonlarla subsidiya ilə məhsul istehsalı arasında TƏRS MÜTƏNASİBLİK - KİMDİR GÜNAHKAR?

 
Azərbaycan tarixən aqrar ölkə olub. Bu gün də belədir. Hazırda ölkə əhalisinin ən azı 50 faizi kəndlərdə yaşayır. Ölkə iqtisadiyyatında qeyri-neft sektorundan sonra ixracda aqrar sektor ikinci yeri turur. Təəssüf ki, idxalda da kənd təsərrüfatı məhsullarının payı yüksək səviyyədə qalmaqdadır. Baxmayaraq ki, ölkə başçısı aqrar sektorun inkişafı üçün bütün zəruri addımları atıb. Son 17 ildə regionların inkişafı ilə bağlı 4 dövlət proqramı qəbul edilib. Kənd təsərrüfatı məhsullarının istehsal xərclərinin əsas hissəsini dövlət öz üzərinə götürüb.

Aqrar sektor son 3 ildə nə qədər geriləyib?

Həyata keçirilən bütün tədbirlərə rəğmən aqrar sektor yerində sayır. Hətta bəzi sahələr üzrə geriləmələr var. Məsələn, ölkənin qida təhlükəsizliyində əsas yer tutan buğda istehsalı ilbəil azalır. Belə ki, 2019-cu ildə ölkəmizdə 2 milyon 149 min ton buğda istehsal edildiyi halda 2020-ci ildə bu göstərici 1 milyon 867 min ton olub. Ötən il isə cəmi 1 milyon 885 min ton buğda tədarük edilib.

İkinci çörək hesab edilən çəltik istehsalında da enmə müşahidə olunur. Belə ki, 2017-ci ildə ölkə üzrə 16,2 min ton çəltik istehsal edildiyi halda 2019-cu ildə bu rəqəm 12 min ton, 2020-ci ildə isə 9,9 min ton məhsul toplanıb. Göründüyü kimi son 3 ildə çəltik istehsalı iki dəfəyə yaxın azalıb. Halbuki Dövlət Proqramına görə, 2025-ci ilə qədər ölkədə illik çəltik istehsalı 40 min tona çatdırılmalıdır. Görünən odur ki, bu rəqəm xəyal olaraq qalacaq.

Kənd təsərrüfatı məhsullarının digər sahələrində də geriləmə var. Məsələn, 2017-ci ildə ölkə üzrə 410 min ton şəkər çuğunduru istehsal olunub. Sonrakı illərdə isə istehsalda kəskin azalma qeydə alınıb. 2020-ci ildə isə cəmi 233 min ton anoloji məhsul istehsal edilib. Göründüyü kimi, son 3 ildə çuğundur istehsalı 2 dəfəyə yaxın azalıb.

Azərbaycanda zəngin pambıqçılıq ənənələri olub. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində ölkəmizdə 1,2 milyon tondan artıq pambıq istehsal edilirdi. Bu istehsal hesabına o zamanlar Azərbaycanda güclü yüngül sənaye kompleksi yaradılmışdı. Di gəl ki, bu ənənələr sonradan məhv edildi.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramının 6.3-cü bəndində qeyd olunurdu ki, Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək. Çox təəssüf ki, bu, xəyal olaraq qaldı. Belə ki, ötən il cəmi 183 min 917 ton pambıq toplanıb.

Dövlətin dəstəyini fermer niyə hiss etmir?

Aqrar sektora dövlət dəstəyi ilbəil artır. 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı üçün dövlət büdcəsində 342 milyon 824 milyon subsidiya ayrılıb. 2019-cu ildə isə bu vəsait 379 milyon 423 min manat olub. 2021-ci ildə isə kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasına 496 milyon manatdan artıq büdcə vəsaiti xərclənib. Daha doğrusu israf olunub. Çünki subsidiyalar məqsədyönlü və effektiv şəkildə ödənilsəydi, yəqin ki, aqrar sektorda bu qədər geriləmər olmazdı.

Qeyd edək ki, fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd, 75 faizi isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər.

Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı illüziya

İlk baxışdan hər kəs Kənd Təsərrüfatı Nazirliyinin təəssübkeşliyinə həsəd apara bilər. Çünki elə bir mənzərə yaradılır ki, guya nazirlik əməkdaşları gecə-gündüz dayanmadan çalışırlar ki, torpaq sahibləri bütün qayğılardan azad olunsun. Amma işin dərinliyinə baş vuranda görürsən ki, yenə də “dava yorğan davasıdır”. Ona görə ki, subsidiyaların verilməsindən məhsulun toplanmasına qədər bir çox qaranlıq məqamlar var.

Əvvəla, subsidiyanın verilməsi qeyri-şəffafdır. İndiki vəziyyətdə istənilən şəxs subsidiya ala bilər. Bunun üçün hansısa bələdiyyədən bir müqavilə kağızı alıb gətirmək kifayət edir.

İkincisi, subsidiya verənlə (Kənd Təsərrüfatı Nazirliyi) subsidiya alan arasında heç bir hüquqi öhdəlik yoxdur. Yəni Kənd Təsərrüfatı Nazirliyi verdiyi külli miqdarda vəsaitin əvəzində fermerdən heç bir hesabat istəmir.

Üçüncüsü, verilən subsidiya ilə əldə olunan məhsul arasında tərs-mütənasiblik var. Belə ki, verilən subsidiyalar ölkədə ərzaq təhlükəsizliyinə tam təminat yaratmalıdır. Lakin bu gün ölkəmizdə yalnız yumurta və quş ətinə olan tələbat əsasən yerli istehsal hesabına ödənilir. Amma digər ərzaq məhsulları üzrə ehtiyaclarımızın əsas hissəsi idxal hesabına ödənilir.

KONKRET.az

Şərhlər

XƏBƏR LENTİ