XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » “Prokuror Rüstəm Usubovun imzaladığı sənədin ziddinə getdi” – İTTİHAM

“Prokuror Rüstəm Usubovun imzaladığı sənədin ziddinə getdi” – İTTİHAM

“Prokuror Rüstəm Usubovun imzaladığı sənədin ziddinə getdi” – İTTİHAM
26-05-2017, 15:13

Ötən gün Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı rayon sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tural İman oğluna açılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qaynatasını qətlə yetirən Tural Rüstəmov barəsində hökm çıxarılıb.

Hökmə əsasən, Tural Rüstəmov cəzasının 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi.

Tural Rüstəmovun vəkili Sadiq Əfəndiyev açıqlamasında məhkəmənin verdiyi qərarın heç bir hüquqi əsasa söykənmədiyini bildirdi:

“Tam əminliklə deyə bilərik ki, məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin ən elementar və sadə formada başa düşülən tələblərini açıq-aşkar pozaraq qanunsuz və əsassız hökm çıxardı. İbtidai istintaqda bizim mövqeyimiz o idi ki, hadisə zəruri müdafiə vəziyyətində törədilib. Lakin Tural Rüstəmov qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilindi.

Eyni zamanda ibtidai istintaqda Tural Rüstəmovun cinayət hadisəsini törətdikdən sonra könüllü olaraq Rayon Polis Şöbəsinə gəlməsi və hadisə barədə ətraflı məlumat verməsi cəzanın yüngülləşdirici halı kimi nəzərə alınmışdı. Məhkəmə isə Tural Rüstəmovun könüllü olaraq təslim olması faktını şübhə altına aldı. Tural Rüstəmovun əlində kəsici alətin yetirdiyi xəsarətlə bağlı ekspertiza rəyi var idi.

Ancaq müstəntiq bu xəsarətin əmələ gəlməsi səbəbləri ilə bağlı araşdırma aparmadı. Bundan sonra biz həmin məsələni məhkəmədə qaldırdıq. T.Rüstəmov da proses zamanı dedi ki, qaynatasının atdığı bıçaq nəticəsində o, xəsarət alıb. Hadisə yerindən götürülmüş bıçağı məhkəmə iclasında mərhumun qardaşı da təsdiqlədi ki, həmin bıçaq Tural Rüstəmovun qaynatasına məxsus olmuşdur”.

Vəkil hesab edir ki, məhkəmənin ən qərəzli yanaşması Tural Rüstəmovun könüllü olaraq təslim olması faktını şübhə altına alınması oldu:
“İttihamçı prokuror bizim vəsatətimizi qəbul etmədi. Bildirdi ki, guya bu, iş üçün elə də ciddi əhəmiyyət kəsb etmir. Məhkəmə də prokurorun təklifini qəbul etdi və əlavə ekspertiza təyin edilmədi. Məhkəmənin ən qərəzli yanaşması isə Tural Rüstəmovun könüllü təslim olmasının şübhə altına alınması idi. Tural Rüstəmov hadisəni törətdikdən bir qədər sonra polis şöbəsinə gedərək təslim olur.

Məsul növbətçi dərhal prokurora məlumat verir, sonra sənədləşmə aparılaraq protokol tərtib edilir. Protokol tərtib edilərkən vaxtla bağlı texniki yanlışlığa yol verilir. Tutaq ki, əgər 14:35 yazılmalı olan vaxt texniki yanlışlığa görə 16:50 yazılır. Bu da sanki ittihamçı prokurorun və hər fürsətdə onun mövqeyini qəbul edən məhkəmənin əlinə bir fürsət verdi. Yəni Tural Rüstəmov guya təslim olmağa özü gəlməyib. Biz də tələb etdik ki, araşdırılsın, Tural özü təslim olub, yoxsa kimsə onu gətirib? Hər halda onun könüllü və azad surətdə gəlməsini polisdə və prokurorluqda tərtib edilmiş sənədlər, polis əməkdaşlarının verdiyi şahid ifadələri təsdiq edirdi. Tural hadisəni törətdikdən sonra qohumu Kamrana zəng edir ki, gəlib maşınla onu götürsün və polis şöbəsinə aparsın”.

Sadiq Əfəndiyev bildirdi ki, Tural Rüstəmovun könüllü olaraq təslim olmasını Baş Prokurorun birinci müavini Rüstəm Usubov da öz imzası ilə təsdiqləmişdi:
“Könüllü olaraq təslim olma cəzanın mühüm yüngülləşdirici halı kimi qəbul edilir. Bu halda cinayəti törədənin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın yuxarə həddinin ¾-dən çox cəza verilə bilməz. 120.1-ci maddənin sanksiyasında nəzərdə tutulan cəzanın yuxarı həddi 14 ildir. Ona görə də verilən cəza 10 il 6 aydan artıq ola bilməzdi. İbtidai istintaqda Turalın könüllü gələrək təslim olması özünün tam təsdiqini tapmış və bu, ittiham aktında yüngülləşdirici hal kim qeyd edilmişdi.

Baş Prokurorun müavini Rüstəm Usubov da bunu öz imzası ilə təsdiqləmişdi. Ancaq dünənki məhkəmədə ittihamçı prokuror çox gülünc iddialarla bu halı şübhə altına almış və Tural Rüstəmovun yərin ki, kiminsə xahişi ilə təslim olduğunu bildirmişdi.

Digər müəmmalı məqam isə məhkəmənin verdiyi cəzanın həbsxanada çəkilməsi ilə bağlı qərarı idi. Halbuki, prokuror tərəfindən cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi tələb edilmişdi. Yəni qanunla da bu növ cinayətlərə görə məhkəmə tərəfindən ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən olunmalıdır. İşdə hər hansı ağırlaşdırıcı hal yoxdursa, məhkəmə cəzanın bir hissəsinin həbsxanada çəkilməsi ilə bağlı qərar çıxarmamalı idi. Çünki bu, mövcud qanunvericiliyə və Ali Məhkəmənin plenumunun rəhbər izahlarına uyğun deyil”.
Qeyd edək ki, hadisə 2016-cı ilin 22 avqust tarixində İsmayıllı rayonunda baş verib. 29 yaşlı Tural Rüstəmov qaynatasını öldürdüyünə görə Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə (qəsdən adam öldürmə) ilə ittiham olunurdu.

Modern.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.