SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır

Gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır

Tarix:

4-02-2022, 11:00

/ 292 dəfə oxundu.
Gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır

1996-cı il fevralın 2-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə mənim də iştirakçısı olduğum Azərbaycanda Birinci Gənclər Forumu keçirildi. Gənclər siyasəti daim dövlətin prioritetləri sırasında görən Heydər Əliyev ölkəmiz üçün çox cətin və ağır günlər olmasına baxmayaraq bu Forumu keçirdi, gəncləri diqqətlə dinlədi və gələcəkdə bu sahədə görüləcək işlərlə bağlı geniş çıxış etdi. Həmin tədbirdən 1 il sonra Ulu Öndərin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və artıq iyirmi beş ildir ki, ölkəmizdə fevralın 2-i Gənclər Günü kimi qeyd edilir.

2022-ci il fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirildi. Forumda 25 il ərzində ölkədə gənclər siyasəti və bir çox digər sahələrdə həyata keçirilən işlər təhlil edildi, iştirakçıların müxtəlif mövzulara həsr edilən çoxsaylı sualları ölkə başçısı tərəfindən ətraflı cavablandırıldı.

Forumun işində Prezident İlham Əliyev milli özünüdərk, vətənpərvərlik, milli birlik və həmrəylik kimi məsələlərə toxunaraq bütün bu nailiyyətlərimizdə mənəvi keyfiyyətlərin mühüm rol oynadığını qeyd etdi. Dövlət başçısı  qeyd etdi ki, milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Dövlət başçısı çıxışında tarixi yaddaşın vacibliyinə toxundu. Bildirildi ki, tarixi hadisələri unutmamaq, tarixdə yol verilmiş səhvləri yadda saxlayaraq, onu bir daha təkrar etməmək lazımdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi  uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, əksinə qorudu. Dövlət başçısı vurğuladı ki, biz həmişə öz milli dəyərlərimizə, ənənələrə sadiq olmuşuq, onları qorumuşuq, nəsildən-nəslə əsrlər boyu bu milli ideologiyamızı, milli xüsusiyyətlərimizi ötürürmüşük. Beləliklə də özümüzü kənar təsirdən qoruyurduq.

Gənclərlə görüşdə səsləndirilən fikirlərin əsas istiqamətlərindən biri də qlobal imperializmin müxtəlif ideoloji siyasi mərkəzləri tərəfindən gənclərin hədəf kimi müəyyənləşdirilməsi, onların davranışlarının və milli kimliklərinin sorğulanması və manipulyasiya edilməsi cəhdləri ilə bağlı idi. Prezident İlham Əliyev vurğuladı ki, qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılsa da ideya olaraq qalır, başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Ancaq Azərbaycanda həyata keçirilən düzgün gənclər siyasəti bu vaxta qədər bəzi dağıdıcı ideoloji mərkəzlərin bu planlarının qarşısını vaxtında alıb. Elə fevralın 2-də keçirilən Gənclər Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də Azərbaycanın gələcəyi olan gənclərimizın gələcək fəaliyyətləri üçün bir proqram olacaqdır.
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ