XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Şeyx “vurulur”?

Şeyx “vurulur”?

Şeyx “vurulur”?
29-01-2022, 16:51

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alına bilər. Bununla bağlı məsələ “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinat səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.


Bu qanunun 8-ci maddəsinin hazırkı variantı isə belədir: “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir”. Başqa sözlə, məscidlərə imam təyinatı artıq QMİ-dən alınaraq dövlət komitəsinə veriləcək.

Qanuna dəyişikliklərin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında müzakirə edilməsi nəzərdə tutulur. Əgər dəyişikliklər reallaşarsa,  bu, faktiki olaraq QMİ-nin məscidlər üzərində təsirini sıfıra endirəcək və onun dini sferada yeganə fəaliyyəti dini təqvimlərin, Məhərrəm, Ramazan və Qurban bayramlarının daxil olması ilə bağlı fətva verməkdən o tərəfə keçməyəcək. Çünki hüquqi baxımdan QMİ qeyri-hökumət təşkilatıdır. Hələlik Şeyxülislam bu məsələyə reaksiya verməyib. Ancaq iddialara görə, o, dövlətin müvafiq qurumlarının rəhbərliyinə bu düzəlişə narazılığını bildirib. Görünür, tamamilə portfelsiz bir şəxsə çevrilməsi istiqamətində iş gedir. Hətta bir müddət əvvəl müzakirələr gedirdi ki, QMİ ləğv edilə bilər, onu əvəzləyəcək hansısa QHT-nin təsis edilməsi mümkündür. Amma bu proqnozlar özünü doğrultmur.

Azər Badamov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Azər Badamov “Yeni Müsavat”a bildirib ki, bu dəyişikliklər qanunun təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Deputat hesab edir ki, təkcə 8-ci maddə deyil, 9 və 18-ci maddələrdə də dəyişikliklər təklif olunur: “Din xadimləri hər 5 ildən bir attestasiya ediləcək. Sadəcə, bundan sonra imam, axundlar icra hakimiyyəti tərəfindən təyin olunacaq, bu haqda Qafqaz Müsəlmanları İdarəsi isə məlumatlandırılacaq. Ümumilikdə din sahəsində fəaliyyət təkmilləşdirilir, hər hansısa səlahiyyət azaldılmır. Qafqaz Müsəlmanları İdarəsi İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunan din xadimlərinin attestasiyasında iştirak edəcək. Həmçinin Azərbaycanda dini icma yaradılmamış dini ibadət yerlərinə və ziyarətgahlara din xadimləri təyin edilməyəcək.

Bundan başqa, Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər. Bu da “Dini etiqad azadlığı haqqında”” Qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə biləcəklər".

Kənan Rövşənoğlu

Dini mövzular üzrə ixtisaslaşmış jurnalist, ekspert Kənan Rövşənoğlunun bildirdiyinə görə, “Dini etiqad azadlığı haqqında” Qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklikdən sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məscidlərə nəzarəti tam itirəcək. Onun sözlərinə görə, əslində bu proses bir neçə ildir başlayıb: “Artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir. Azərbaycanda konstitusiyaya görə, din dövlətdən ayrıdır və ötən dövrdə formal da olsa bu qayda gözlənilirdi. Dövlət müxtəlif qurumlar vasitəsilə dini fəaliyyətlərə nəzarət etsə də, dini ayinlərin icrası, təbliğat və maarifləndirmə kimi sırf dini fəaliyyətləri formal da olsa qeyri-hökumət təşkilatı olan Qafqaz Müsəlmanları İdarəsinə vermişdi. Ancaq ”ərəb baharı" və Yaxın Şərq müharibələrindən sonra bu balans, belə demək olarsa, pozuldu".

Mütəxəssis hesab edir ki, tədricən dövlət dini fəaliyyətləri həyata keçirməyə başladı: “Əvvəlcə, komitə dini maarifçilik, zorakılıq və tolerantlıq kimi ümumi mövzularda maarifləndirmə işlərinə start verdi. Sonra İsam həmrəyliyi tədbirləri keçirildi. Daha sonra dini təhsil Qafqaz Müsəlmanları İdarəsindən alındı və komitənin nəzdində İlahiyyat İnstitutu yaradıldı. Qafqaz Müsəlmanları  İdarəsinin təsis etdiyi İslam Universiteti bağlandı. İndi isə artıq axund və imam təyinatı QMİ-dən alınır. Buna qədər formal da olsa qayda belə idi. Tarixi abidə olmayan (tarixi abidə olan məscid və ziyarətgahlar Mədəniyyət Nazirliyinin tabeliyindədir) məscidlərin torpağı və tikilisi bələdiyyələrin nəzarətində idi. Məsciddə icma komitə tərəfindən qeydiyyata alınırdı. Məscidin axund və imamı isə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tərəfindən təyin edilirdi. Ancaq sonra qayda dəyişdi, Qafqaz Müsəlmanları İdarəsi axund təyinatında dövlət komitəsi ilə razılaşdırırdı. İndi isə daha razılaşdırmayacaq. Birbaşa özü təyin edəcək. Bununla da idarə məscidlərə nəzarəti tam itirəcək”.

K.Rövşənoğlunun fikrincə, məscidin imamı icma tərəfindən təklif olunmalı, müvafiq qurumlar isə bunu təsdiq etməlidir: “Amma indi inzibati amirlik formasında təyinat birbaşa dövlət tərəfindən həyata keçiriləcək. Başqa sözlə, dövlət qurumları din sahəsində nəzarəti daha da gücləndirmiş olacaq. Qafqaz Müsəlmanları İdarəsi isə bundan sonra sadəcə dini fətva və əlamətdar təqvimləri elan edən ictimai təşkilat olacaq”.

Qeyd edək ki, 1823-cü ildə Qafqaz (Zaqafqaziya) şiələrinə (dini) başçılıq etmək üçün Tiflis şəhərində şeyxülislam vəzifəsi təsis edilib. Bundan 9 il sonra - 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. QMİ hələ SSRİ dövründə İslamı təmsil edən 4 regional dini qurumdan biri idi. Mərkəzi Asiya və Qazaxıstan (qərargahı Daşkənddə), Rusiyanın Avropa hissəsi və Sibir (qərargahı Ufada), Şimali Qafqaz (qərargahı Mahaçqalada) və Zaqafqaziya (qərargahı Bakıda) müsəlmanları ruhani idarələri də SSRİ ilə birlikdə süqut etdi. Lakin məhz Azərbaycan dövlətinin dəstəyi və Şeyxülislam Allahşükür Paşazadənin şəxsi nüfuzu sayəsində 1992-ci ildə Şimali Qafqaz və Zaqafqaziya dini idarələri vahid qurumda - Qafqaz Müsəlmanları İdarəsində birləşdilər. Elə həmin il Şeyxülislam Allahşükür Paşazadə Qroznı şəhərində Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıgeyin din xadimləri tərəfindən yekdilliklə Qafqaz Xalqları Ali Dini Şurasının sədri vəzifəsinə seçilib.

Demokrat.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.