SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Rəsul Quliyevin köhnə söhbəti yenidən gündəmdə: ARA QARIŞDI... - NƏ BAŞ VERİR?

Rəsul Quliyevin köhnə söhbəti yenidən gündəmdə: ARA QARIŞDI... - NƏ BAŞ VERİR?

Tarix:

2-10-2021, 16:11

/ 643 dəfə oxundu.
Rəsul Quliyevin köhnə söhbəti yenidən gündəmdə: ARA QARIŞDI... - NƏ BAŞ VERİR?


Sosial şəbəkələrdə Amerikada mühacir həyatı yaşayan, Milli Məclisin sabiq spikeri Rəsul Quliyevin müsahibəsi yayılıb. O, hazırda İsveçrədə mühacirətdə olan jurnalist Emin Hüseynovla video-müsahibədə İranla bağlı şok açıqlamalar verib.

İrana aşırı simpatiya ilə danışan eks-spiker deyib ki, Azərbaycan İran ərazisi olub. Müsahibədə xeyli bu cür çarpıcı açıqlamalar var. Onun dedikləri sosial şəbəkələrdə çox ciddi müzakirə mövzusuna çevrilib, tənqid hədəfinə tuş gəlib.

R.Quliyevin Azərbaycandakı səlahiyyətli nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu məsələyə bu cür şərh verdi: “İlk öncə qeyd etməliyəm ki, məlum 2 dəqiqəlik video konteksdən çıxarılmış, məqsədli formada təhrif edilərək müəyyən maraqlı dairələr (lap dəqiq desək İran agenturası) tərəfindən tirajlanmaqdadır. Oxucularınızın diqqətinə çatdırmaq istərdim ki, Rəsul Quliyevin istər Rusiyaya, istərsə də İrana qarşı mövqeyi hər zaman ortalıqda olub və heç də həmin dövlətlərin Azərbaycana dost dövlət olmamasını özündə ehtiva edib. Bildirmək istərdim ki, hazırda məqsədli formada tirajlanmaqda olan məlum 2 dəqiqəlik video 2 saatlıq müsahibədən oğurlanmış hissədir. Bu müsahibə 2017-ci ildə verilib. Rəsul müəllim məlum çıxışda söyləyib ki, ”İranda yaşayan azərbaycanlılar assimilyasiyaya uğramayıb. Baxmayaraq ki, molla rejimi bunu həyata keçirmək istəyib, amma bu plan baş tutmayıb! Bu gün də İranda yaşayan azərbaycanlılar orada güc və böyük çoxluq olaraq qalır və 5 min ildən çoxdur İranda olan torpaqlarda yaşayan azərbaycanlıların həmin torpaqlar ana vətənidir - yəni İran Azərbaycanlılarının dədə-baba torpaqlarıdır... “İran azərbaycanlıları özlərini İranlı hesab edir” dedikdə isə İranı türk torpağı hesab etmək mənasında işlədib. Yəni İranda azərbaycanlıların kompakt yaşadığı bütün şəhərlərin qədim türk torpağı olmasına işarə edərək, orada yaşayan azərbaycanlıların həm qədimdən orda qalmasını, həm də böyük çoxluq olmasını nəzərə alaraq İranı orada yaşayan azərbaycanlıların ikinci dövləti kimi təqdim edib.

Digər tərəfdən “1812-1813-cü illərdə və 1828-ci illərdə Rusiya-İran savaşı olmasaydı, biz də İranın tərkibində qalacaqdıq İran vətəndaşı olaraq” ifadəsində isə hörmətli Rəsul Quliyev Rusiya-İran savaşı nəticəsində Şimali (hazırda müstəqil olan yaşadığımız) Azərbaycan Rusiya tərəfindən işğal edilməsəydi, Cənubi Azərbaycan olaraq bəlkə də İranın əsarətində qalmış olacaqdıq söyləmək istəyib. Daha sonra Rəsul Quliyev İran molla rejiminin Azərbaycana düşmən münasibətinə toxunaraq “İranın bugünkü Azərbaycanı öz ərazilərinə qatmaq xülyası ilə” yaşadıqlarına işarə verərək Azərbaycanın suverenliyinə olan təhlükədən bəhs edib. Heç şübhəsiz ki, bu gün İran yük maşınlarının Azərbaycanın Xankəndinə daxil olmaqla digər rayonlarına Azərbaycanın sərhədlərini pozaraq yük daşıdığı, Azərbaycan sərhədlərinə yaxın ərazilərdə hərbi təlimlər keçirdiyi və müəyyən mollalar vasitəsilə Azərbaycanımıza dil uzatdığı bir vaxtda belə kontekstdən çıxarılmış və təhrif edilərək agentura şəbəkələri vasitəsilə tirajlandırılması anlaşılandır. Məqsəd Azərbaycan daxilində “fikir ayrılıqları” olması rəyini yaratmaqdır...

Təbii ki, bu kimi halları təxribat hesab edirik və düşünürük ki, bu kimi təxribat-pozuculuq fəaliyyətləri ilə irəliləyən zamanlarda tez-tez rastlaşacağıq. Nə olsun ki, İranda başa bu gün mollalar keçib? İran orada yaşayan azərbaycanlıların vətənidir! Molla rejimi olmasaydı bəlkə də orada hansısa azərbaycanlının rəhbərliyi ilə demokratik respublika qurulmuş olacaqdı. Bugünkü Türkiyə kimi. İranda molla rejiminin olmasına baxmayaraq İran orada yaşayan azərbaycanlıların ana vətənidir. Fikirlər bu qədər sadə və konkret ifadə edilib. Sonda onu da qeyd etmək istərdim ki, Rəsul müəllimin İranla bağlı obyektiv fikirləri zaman-zaman mətbuatda dərc olunub. Kim istəsə axtarıb tapar, tanış ola bilər".
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ