SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanlı milyarder bütün kartları açdı: “Palmali”ni ondan necə almaq istəyiblər...

Azərbaycanlı milyarder bütün kartları açdı: “Palmali”ni ondan necə almaq istəyiblər...

Tarix:

16-05-2017, 09:22

/ 61 854 dəfə oxundu.
Azərbaycanlı milyarder bütün kartları açdı: “Palmali”ni ondan necə almaq istəyiblər...

Mübariz Mənsimov şirkətin borclarını qaytarıb, girov səhmlərini geri alıb ; “Palmali”nin sahibi həmişə mən olacağam”, demək kimlərə mesajdır?
Türkiyədə yaşayan tanınmış azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov son günlər yenə Azərbaycan mediasının gündəmindədir.
Az qala müflis olduğu, biznesinin əhəmiyyətli hissəsini satdığı, hətta səhmlərinin SOCAR-ın girovunda olduğu barədə iddialar dolaşan biznesmen Türkiyə mediasına müsahibəsində maraqlı faktlar açıqlayıb.
İki gündür mediada dolaşan bu müsahibədə ən maraqlı məqamlardan biri milyarderin Azərbaycan brendi SOCAR-la bağlı dedikləridir. Müxbirin “SOCAR” la niyə ortaq olmaq istəmədiniz" sualına M.Mənsimovun cavabı belə olub: “Təəssüflər olsun ki, ”SOCAR"la iş tərzimiz bir-birinə uyğun gəlmədi. Baxışlarımız fərqli olduğu üçün və o vaxt gündəmdə olan iqtisadi vəziyyəti dəyərləndirərkən də fikir ayrılıqları oldu. Bildiyiniz kimi, “Palmali” 20 ildir ki, fəaliyyət göstərən bir şirkətdir və açıldığı gündən beynəlxalq iş təcrübəsinə sahibdir. Sektorda əldə etdiyi məlumat və təcrübə sayəsində bu il “Clarkson” şirkətinin keçirdiyi araşdırmalara görə dünya dənizçilik şirkətləri arasında 7-ci yeri tutub. Həmişə olduğu kimi bundan sonra da daha peşəkar, dünya səviyyəli böyük şirkətlərlə əməkdaşlıq etməyə hazırıq. İllərin verdiyi təcrübəyə və komandama güvənirəm".
M.Mənsimov “iş tərzimiz” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb. Amma məlum idi ki, SOCAR rəsmi adı “Palmali International Holding Co Ltd”yə 2015-ci ildə 120 mln. ABŞ dolları məbləğində kredit vermişdi. SOCAR-ın açıqladığı maliyyə hesabatında bildirilirdi ki, kreditin müddəti 31 dekabr 2021-ci il tarixində başa çatacaq. Kredit illik 4,5% dərəcəsi ilə ayrılmışdı. Müqavilənin şərtlərinə əsasən, əsas və faiz məbləği hər rüb ödənilməli idi. Bildirilirdi ki, “Palmali” kredit müqaviləsinin yerinə yetirilməsinin təminatı kimi 514 ümumi təsdiqlənmiş və buraxılmış səhmdən 340 səhmi girov da qoyub. Bundan əlavə, xam neft və neft məhsullarının nəqli ilə bağlı “Palmali”nin əldə etdiyi və ya əldə edəcəyi ümumi gəlirlər və vəsaitlərdəki bütün hüquq və paylarını SOCAR-ın xeyrinə girov qoymuşdu . Bu girov müqavilələri “Palmali”nin SOCAR qarşısında öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacağı deyilirdi.
Amma indi məlum olur ki, M.Mənsimovun şirkətinin “SOCAR”la “iş tərzi bir-birinə uyğun gəlmədiyi üçün” bu əməkdaşlığa son qoyulub. Azərbaycanlı milyarderin açıqlaması onu deməyə əsas verir ki, “Palmali” səhmlərini SOCAR-ın girovluğundan qurtarıb və kredit borcunu ödəyərək səhmlərini geri alıb. “Palmali”nin sahibi “SOCAR”la bərabər "“Goldman Sachs” ilə ortaq olmayacağıq" deyərək ABŞ-ın ən böyük investisiya bankı ilə də əməkdaşlıq etməyəcəklərini deyib.
Amma daha sensasion məqam M.Mənsimovun bundan sonra dedikləridir. “Bir dövlət şirkəti ilə ortaq olmaq istəmirəm. ”Palmali"nin sahibi həmişə Mənsimov olacaq". Həm SOCAR, həm də “Goldman Sachs”la bağlı qəzəbi sezilən milyarderin “Palmali”nin sahibi həmişə mən olacağam" deməsi xüsusi diqqət çəkir. Əcəba, bu kimlərə mesajdır?
Belə iddialar hələ öncədən də vardı ki, Azərbaycanda və Rusiyada müəyyən çevrələr “Palmali”ni milyarderin nəzarətindən çıxarmaq və ya səhmlərinin müəyyən hissəsinə sahib olmaq istəyində olublar. Hətta onun Azərbaycandakı biznesi də bu səbəbdən sıxışdırılıb, Rusiya isə “Palmali”nin tankerləri ilə İŞİD-ə neft daşınması iddiası ilə gəmilərinin ölkə dənizlərində hərəkətinə müəyyən maneələr yaradılıb.
M.Mənsimov müsahibədə şəriklərlə bağlı danışarkən şirkətindən uzaqlaşdırdığı bir adamın adını çəkib: Alaattin Aykaç. M.Mənsimov “onu işdən uzaqlaşdırdıq” deməklə kifayətlənib.
İnternet üzərindən araşdırmamız zamanı belə məlum olur ki, məhz bu adamdan istifadə edərək “Palmali”nin səhmlərinin ələ keçirilməsi planı varmış. “Palmali Dənizçilik”in baş direktoru vəzifəsində 8 il çalışan və təxminən il yarım əvvəl işdən kənarlaşdırılan Alaattin Aykaç direktor olduğu dövrdə “Palmali Dənizçilik” adından iştirak etdiyi tenderlərdə şirkətə zərər verəcək addımlar atıb, bunun nəticəsində tenderlər rəqib şirkətlərin xeyrinə sona çatıb.
“Goldman Sachs”la bağlı onu deyə bilərik ki, dünyanın ən tanınmış investisiya banklarından biridir. Bank 1869-cu ildə təsis edilib, mənzil-qərargahı Nyu-Yorkda yerləşir. M. Mənsimovun “Goldman Sachs”dan narazılığı da səbəbsiz deyil. Dünyadakı maliyyə krizisi zamanı “Rolling Ston” jurnalı bankı “nəhəng qan içən spruta” bənzətmişdi. M.Mənsimovun bankla ortaq iş görməkdən niyə bu qədər çəkindiyi bu qiymətləndirmədən də aydın görünür.
Milyarder onu da deyib ki, 2020-ci ildə Nyu-Yorkda “Palmali”nin səhmlərini açıq şəkildə satışa buraxmaq fikrindədirlər. “Şirkətin 20-30% hissəsini satmağı düşünürük” deyə, o bildirib.

Şərhlər

XƏBƏR LENTİ