XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Şəhid bulağında araq içən qorxaq millət vəkili... - Replika

Şəhid bulağında araq içən qorxaq millət vəkili... - Replika

Şəhid bulağında araq içən qorxaq millət vəkili... - Replika
19-05-2021, 14:47

Nə yaxşı ki, ötən gün Güləbird kəndində tədbir təşkil olunub, o tədbirlə bağlı qalmaqal yaranıb və deputat Mahir Abbaszadənin də adı o qalmaqalda hallanıb. Yoxsa and olsun Əbülfəzl-Abbasın qələm düşən qollarına ki, bu adlı deputatımızın mövcudluğundan xəbərim yox idi.

Ona görə əvvəlcə başladım Mahir Abbaszadənin özünü aramağa: 46 yaşı olacaq bu il, Laçındandır, Güləbird kəndindən. Peşəkar iqtisadçıdır, “Zaminbank”da aşağıdan yuxarıya qədər xeyli karyera keçib.

Yəni adam iqtisadiyyatdan siyasətə gəlib. “Gəlib” deyəndə, dünənki açıqlaması sübut elədi ki, hələ gəlib çıxmayıb, tərəddüd edir...

Bəs nədir dünənki qalmaqal və bu qalmaqala verilən açıqlamada bizi qane etməyən?

Dövlət kanalı da daxil olmaqla, bir neçə televiziya nümayəndəsinin və qazi-veteranların iştirakı ilə cənab deputat Laçının işğal olunduğu gün – 18 mayda artıq Azad Laçına gedib, Güləbird kəndində çəkilişlər edib və əlbəttə ki, orda yemək yeyiblər... Bəzi media qurumları da yazıb ki, deputatın da olduğu heyət yeyib-içib, apardıqları arağı da şəhid adına olan bulağın suyu altına qoyub soyudublar və s.

Mahir Abbaszadə bunları dərhal təkzib edərək, hamını inandırmağa çalışır ki, orda içki-filan olmayıb, Humay bulağı da şəhidin adına deyil.

Siyasətçi daha peşəkar, açıq və cəsarətli açıqlama verməliydi, “düzə zaval yoxdur” əqidəsinə hər yerdə sadiq qalmaq lazımdır.

Mahir Abbaszadə qalxıb demir ki, qardaş, yasa getmişik? 29 ildir ölüb-dirilirdik 18 mayda! Bu il 29 ildən sonra ilk dəfədir ki, 18 may bizim üçün bayramdır, şərəfdir; bu qara günü ağ günə çevirən əsgərlərimizə qurban olum!

Bayramı qeyd edərlər də - Laçının işğal gününün üstündən qalın bir xətt çəkilib, bayrama, azadlığa çevrilməsini bəs necə qutlamalısan? O da qala Bakıdan bir xeyli qonaq sənin öz doğma kəndinə gələ - Güləbirdə. Sən nə kişisən ki, onlara qonaqlıq verməyəsən? Sən nə adamsan ki, onlarla bir əlli qram içməyəsən?

Adam durub cəsarətlə bunu demək əvəzinə, “o məclisdə araq olmayıb” deyib, and-aman edir və... əllərində badə olan foto ilə fakt qarşısında qalır. Niyə özünü pis vəziyyətə salırsan? Hansı suç işləmisən? Erməni ilə yallı getmisən? Yoxsa erməni və ya rus xüsusi xidmət orqanlarının agentləri siyahısında adın çıxıb ki, utanıb xəcalət çəkəsən?

O ki qaldı şəhid adına olan bulaqda araq soyutmağa... Bu niyə şəhidin ruhuna təhqir olsun ki! Onda şəhidin adını daşıyan küçədə də restoran, kafe fəaliyyət göstərməməlidir!

Şəhidlər and yerimizdir, qürurumuzdur; Şəhidlər ona görə can vermədi ki, onların doğmaları, bu millət öz torpaqlarına qayıdıb yas içində yaşasın, üzü gülməsin, sevinməsin! Əksinə, milləti yasdan çıxarmaq, üzünü güldürmək, qəddini düzəltmək və qürurunu qaytarmaq üçün öldülər!

Bu, həm də ona görə təhlükəli tendensiyadır ki, bundan sonra şəhidlərin adını bulaqlara verəndə ehtiyat edəcəklər və yaxud səfalı yerlərə şəhid adını verməyəcəklər. Halbuki hər bulağımız şəhidlərimizin adına olmalıdır; qoy o bulaqların başında dincələnlər şəhidin adını görüb, bu rahatlıqlarına, istirahətlərinə, qayıtdıqları torpaqlara görə kimə borclu olduqlarını bir daha anlasınlar, şəhidlərin adına, şərəfinə layiq yaşasınlar, məclislərində də, mərasimlərində də, toylarında da, yaslarında da şəhidlərimizin adını zikr etsinlər!

Bunu cəsarətlə demək olardı – olmadı və bu cəsarətsizliyin nəticəsidir ki, Mahir Abdullayev Laçınla bağlı çəkilişlər üçün Güləbirdə qədər – Laçın şəhərinin 36 kilometrliyinə qədər gedib. Daha cəsarətli olmalı, Laçına girməli, Laçın koridoruna daxil olmalı, orda müsahibə verməli idi. Sən bu rayonun millət vəkilisən, get, rus sülhməramlıları ilə düz-qoş, gir o koridora, çəkiliş apar, belə yığ başına rus əsgərlərini də, onları da Laçının şərəfinə içirt, onlara da sağlıq dedirt, çəkdir kameralara və yay da! Nədən çəkinirsən?

Bəlkə Laçına da gedib – yəni adamın haqqına girməyək. Ancaq yayılan məlumatda onun Güləbirdə qədər getdiyi görünür və ümumiyyətlə, təəssüf ki, Azad Laçından bu çəkilişlərdən, mərasimdən qabaq boş, mənasız və heç kimə lazım olmayan hay-küy gördük.

Deputatın tənqid olunası addımları qalıb bir qıraqda, yapışıblar araq içməkdən...
//AXAR.AZ//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.