SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Həbslər TƏBİB-də gedir... işdən Oqtay Şirəliyev çıxarılır... - Həkimlər ƏNDİŞƏDƏ

Həbslər TƏBİB-də gedir... işdən Oqtay Şirəliyev çıxarılır... - Həkimlər ƏNDİŞƏDƏ

Tarix:

25-04-2021, 16:44

/ 1 163 dəfə oxundu.
Həbslər TƏBİB-də gedir... işdən Oqtay Şirəliyev çıxarılır... - Həkimlər ƏNDİŞƏDƏ

Koronavirus xəstələrinin müalicəsində ixtisaslaşmış iki xəstəxana rəhbərinin korrupsiya əməlinə görə həbsi mətbuatda bu cinayətdə yüksək məmurların əlinin olduğuna dair ittihamların səslənməsinə səbəb olub. Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əlməmməd Nuriyev bildirib ki, bu hadisə ilə bağlı yeni şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi istisna edilmir.

Əlməmməd Nuriyev qeyd edib ki, Baş Prokurorluğun həbs edilən şəxslərlə bağlı məlumatında onların korrupsiya cinayətlərində ittiham olunduğu bildirilir: "Prokurorluğun xəbərində bütövlükdə bu şəbəkənin necə qurulması ilə bağlı məlumat verilib. Məlum olub ki, bu cinayətdə həm xəstəxanada çalışan, həmçinin də kənardan cəlb edilən şəxslərin köməyindən istifadə edilib. Bu, klassik korrupsiya sxemidir. Həmçinin, burada rüşvət almada təkrarlıq var", - deyə Ə.Nuriyev bildirib.
Hüquqşünasın sözlərinə görə, bu cinayət dövlətin pandemiya ilə mübarizə tədbirlərinə kölgə salır: "Bir ildən artıqdır ki, dünya COVID-19-un cəngindədir. Azərbaycan pandemiyanın təsirlərini azaltmaq üçün çox ciddi tədbirlər görür. Burada əsas yük səhiyyənin üzərinə düşür. Bu baxımdan da modul xəstəxanalar inşa edildi ki, xəstələrin tələbatını qarşılaya bilsin. Bu istiqamətdə çox böyük tədbirlər görüldü.

Çox təəssüf ki, bu genişmiqyaslı işlərin həyata keçirilməsi zamanı nöqsanlara yol verildi. COVID-19-un müalicəsində dərmanların pulla satılması, xəstələrin yerləşdirilməsi üçün pul tələb olunması halları üzə çıxdı. Qeyd edim ki, Azərbaycan pandemiya ilə yanaşı, eyni zamanda korrupsiya ilə mübarizədə də geniş işlər həyata keçirir. Bu gün tibb işçilərinin pandemiya ilə mübarizədə rolu əvəzsizdir. Amma unutmaq olmaz ki, dövlət həm stimullaşdırır, həm mükafatlandırır, nöqsan olduqda isə cəzalandırır. Çox təəssüf ki, bu sahədə ciddi nöqsanlar üzə çıxdı".
Ə.Nuriyev deyir ki, istintaq orqanları həbs edilən şəxslərin fəaliyyətini bu işdə qiymətləndirəcəklər: "Çox təəssüf ki, qanunsuz hərəkətlər artıq baş verib. Dövlətin bu fəaliyyətinə kölgə salmaq olmazdı. Bəzi məmurlar bu səhvə artıq yol veriblər. Bu digər şəxslərə görk olmalıdır. Həmçinin bu hadisə ilə bağlı yeni şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi istisna edilmir".

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev və onların əlaltıları həbs olunublar. Həmin şəxslər koronavirus xəstələrinin tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsində ittiham edilirlər.

Bu gün isə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun işləri müvəqqəti olaraq elə bu gün dövlət başçısının sərəncamı ilə yaradılan səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunmuş Teymur Musayevə həvalə olunub.

Şərhlər

XƏBƏR LENTİ