XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » “Tərtər işi”, yaxud “Tərtər cinayətləri” nədir, nə baş verib?

“Tərtər işi”, yaxud “Tərtər cinayətləri” nədir, nə baş verib?

“Tərtər işi”, yaxud “Tərtər cinayətləri” nədir, nə baş verib?
31-03-2021, 12:15

Son günlər 2017-ci ildə çoxsaylı hərbçilərə qarşı aparılan cinayət işindəki qanunsuzluqlar və istintaq çərçivəsində ordunun ruhunu sarsıtmağa yönələn dəhşətli işgəncələr ictimaiyyətin gündəmindədir.

Bakupost.az bununla bağlı ictimai fəal Bəxtiyar Hacıyevin ümumiləşdirməsini təqdim edir:
- 2017-ci ildə 4 rəsmi qurum birlikdə açıqlama yayaraq, bir qrup hərbçimizin Ermənistanın xeyrinə casusluq etməsi barədə cinayət işi açıldığını bildirdi. Lakin həqiqətən də onlar Ermənistana işləyiblərmi, yoxsa, əsl xainləri gizlətmək üçün yüzlərlə əsgər və zabitə misli görünməmiş işgəncələr verilib?
- Əvvəlcə təqdirləndirilənlərin hansı işgəncələr gördüklərini həmin şəxslərin özləri və yaxınlarının dediklərindən ümumiləşdirək:
İşgəncələr:
▪ Əl-ayaqlar bağlı halda döyülmək, suda boğmaq
▪ Əl və ayaq dırnaqlarının kəlbətinlə çıxarılması
▪ Əl və ayaqlar bağlı şəkildə yuxarı mərtəbələrdən aşağı atılması
▪ Cinsiyyət orqanlarına və bədəninə elektrik cərəyanı verilməsi
▪ Cinsiyyət orqanına elektrik cərəyanı verilərək partladılması
▪ Gözlərin göz dəliyindən çıxarılması
▪ Bağırsaqlarına dəmir armaturun daxil edilməsi
▪ Plastik su borularını yandıraraq ərimiş plastiki çılpaq bədənə damızdırmaq və yara yerinə duz, istiot tökmək
▪ Günlərlə ac-susuz saxlanılmaq
▪ Ata və övladı birlikdə gətirib, övladın atanın başına sidik ifrazı etməyə məcbur etmək.
▪ Rezin boru ilə zorlama
▪ Armaturla zorlama
▪ Hərbi qulluqçuların ağzına lampa qoyub, bədənindən cərəyan keçirməklə o lampanı yandırmaq
▪ Su şüşələri üzərində otuzdurmaq
▪ Diz qapaqlarının drellə deşilməsi
▪ və digər qəddar üsullar.
Əsgər və zabitlər qarşısında qoyulan tələb bu olub ki, ya ermənilərə işlədiyini etiraf etməlisən, ya da öləcəksiniz.
Onlara səslənən ittihamları qəbul etməyən və işgəncələrə dözən hərbçilərə bildiriblər ki, atanız, ananız və yoldaşlarınızı gətirib, onları zorlayacağıq. Bəzilərinə isə övladlarının öldürüləcəyi ilə bağlı təhdidlər edilib.
İşgəncələr nəticəsində ölən hərbçilərlə bağlı rayon icra hakimiyyəti səviyyəsində “vətən xaini” kampaniyası başladılmış, onların övladları “vətən xaininin uşağıdır” damğası ilə məktəblərdə psixoloji təqibə və təzyiqə məruz qalmışdır.
Ən azı 9 hərbi qulluqçu işgəncələrdən ölüb, ancaq bəzi ekspertlər öldürülənlərin sayının daha çox olduğunu bildirirlər. Öldürülən hərbçilərin cənazələrinin yuyulmasına, normal dəfninə imkan verilməyib, polis nəzarəti altında tələsik dəfn ediliblər. Yerli icra hakimi nəzarətində onların vətən xaini olması barədə təbliğat aparılıb.
Öldürülənlərdən bir neçəsinin ailəsinə ölümlərindən sonra rəsmi məlumat verilib ki, onların təqsiri sübuta yetirilməyib. Yəni, günahsız olaraq işgəncəyə məruz qalıblar və öldürülüblər.
25 hərbçi həbs edilib, yüzlərlə hərbçi zərərçəkən olub. Zərərçəkənlərin dediklərinə görə, 200-ə yaxın hərbçiyə eyni məkanda bənzərsiz işgəncələr verilib.
Zərərçəkənlərin ailə üzvlərinin dediklərinə görə, ümumilikdə 1700-dən çox hərbçiyə işgəncə verilib. İşgəncələrə məruz qalanların çoxu aprel döyüşlərində xüsusi fəallıq nümayiş etdirmiş, vətənpərvərliyi, peşəkarlığı ilə seçilən hərbçilər olublar.
Nədənsə, məhkəmə işgəncələr faktını araşdırmayıb və həbs edilən hərbçilər barədə uzunmüddətli azadlıqdan məhrumetmə barədə hökm çıxararkən yalnız onların öz ifadələrinə istinad edib. Halbuki, həbsdə olan hərbçilər işgəncələr altında etirafedici ifadələr verdiklərini bildiriblər.
Bu bənzərsiz işgəncələrin məqsədlərindən biri əsl xəyanətkarları və satqınları gizlətmək üçün törədilmiş cinayətləri başqalarının üzərinə yıxmaq olub.
"Tərtər işi" kimi tanınan misli görünməmiş bu işgəncə, xəyanət və şərləmə kampaniyasını araşdıran, ictimailəşdirən və qurbanları müdafiə edən ən fəal şəxslərdən biri hüquq-müdafiəçisi Oqtay Gülalıyev olub. O, 2019-cu ilin oktyabr ayında mətbuat konfransından qayıdarkən müəmmalı şəkildə avtomobillə vurulur və bu günə qədər komadadır.
"Tərtər işi" cəmiyyət tərəfindən, hüquq-müdafiəçiləri, müstəqil jurnalistlərin də daxil olacağı yeni bir komissiya tərəfindən yenidən araşdırılmalı, bu işgəncələri və insan faciələrinə yol açan əsl xəyanətkarları taparaq, işgəncə verməyi əmr edənləri cəzalandıraraq, günahsız şəxslərə bəraət və kompensasiya verilməsini təmin etməlidir.
Etiraf edək ki, bu məsələni araşdırmaqda, ictimailəşdirməkdə gecikmişik. Amma bu işin qurbanları olan ailələrin və anaların rahatlığı üçün, gələcəkdə belə xəyanətkar işgəncələrin olmaması üçün günahkarlar cəzalana qədər, ədalət bərpa olunana qədər Azərbaycan cəmiyyəti bu hadisələrə susmamalıdır, hər gün bu mövzudan yazılmalıdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.