SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Rövşən Əkbərov TƏHLÜKƏSİ... - Onun qorxusundan ata oğlundan, dost dostundan imtina edirdi

Rövşən Əkbərov TƏHLÜKƏSİ... - Onun qorxusundan ata oğlundan, dost dostundan imtina edirdi

Tarix:

16-03-2021, 17:12

/ 1 180 dəfə oxundu.
Rövşən Əkbərov TƏHLÜKƏSİ... - Onun qorxusundan ata oğlundan, dost dostundan imtina edirdi

Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov 20 il əvvəl iş adamı Elçin Əliyevin qətlində ittiham olunur. Elə bu səbəbdən də onu həbs ediblər. Demək olar ki, bütün media qurumları bu həbsin təfərrüatından yazır. Təqdirəlayiq haldır. Ancaq vaxt var idi ki, Rövşən Əkbərovun adını çəkmək son dərəcə təhlükəli idi.

“Yeni Müsavat” sözügedən cinayət hadisəsi baş verən ilk gündən bu məsələni gündəmə gətirib. Müxtəlif mənbələrə istinadən bu barədə yazıb. Jurnalistlər üçün bu mövzuda yazmağın nə qədər təhlükəli olduğunu vurğulamaq üçün bir məqama toxunacam. Mərhum Elçin Əliyevin atası bir dəfə redaksiyamıza gəlmişdi. O da oğlunun Rövşən Əkbərov tərəfindən qətl edildiyini təkidlə söylədi. Dedi ki, “Yeni Müsavat”dan başqa heç bir qəzet qorxusundan bu barədə yazmır. Söhbətin sonunda dedim ki, ağsaqqal, siz narahat olmayın. Dediklərinizi olduğu kimi verəcəm. Ağsaqqal etiraz etdi. Dedi ki, yaz, ancaq mənim adım olmasın. Dəhşətə gəldim. Sənin bir oğlun ola, onu da belə bir müsibətlə öldürələr və sən də həyatına yarana biləcək təhlükədən ehtiyat edəsən. Razılaşmadım. Dedim ki, bu ölüm işidir. Axı kiməsə istinad etmədən belə şeyi necə yazmaq olar? Ağsaqqal anlatmağa çalışdı ki, onların da həyatı təhlükə altındadır. Bu fikirlər mənim adımdan getsə, bizi də öldürərlər. Axırda bildirdim ki, ağsaqqal, bizi də ana doğub, bizim də ailəmiz, uşağımız var. Sizin qorxduğunuz təhlükə bizi də izləyir. Siz yeganə oğlunuza görə həqiqəti dilə gətirməyə ehtiyat edirsiz, bizi isə güllə qabağına verirsiz...

Bu olayın üstündə 20 ilə yaxın vaxt keçib. Məhz indi Rövşən Əkbərovun nə qədər təhlükəli olduğunu qabartmaq üçün bu epizodu xatırlatmağı lazım bildim.

Orasını da deyim ki, az sonra özlüyümdə mərhumun atasına da bəraət qazandırdım. Azərbaycanda hamı bilirdi ki, o vaxt Azərbaycan Respublikasının Diasporla İşi üzrə Dövlət Komitəsinin sədri olan Nazim İbrahimov Elçin Əliyevlə bərk dost olub. Elə mərhumun cənazəsini də Bakıya o gətirmişdi. Ancaq bu məsələ ilə bağlı Nazim İbrahimov da susdu. Onunla şəxsi münasibətim vardı. Neçə dəfə bu barədə onunla danışdım. Dedi ki, bu iş mənim danışmağımla düzəlməz, əksinə, əlavə problemlər yaradar. Dərinə varsaq, heç onu da qınamalı deyildi. Nazim İbrahimov işin içində idi. Yaxşı bilirdi ki, bu işə müdaxilə etməklə nəsə dəyişməyəcək. Həm də bu müdaxilə onun tutduğu vəzifə ilə vidalaşmasına da səbəb ola bilərdi. Mərhum Heydər Əliyev məmurların özfəaliyyətlə məşğul olmasına qarşı son dərəcə amansız idi.

Rövşən Ələkbərovla bağlı ikinci epizoda keçirəm. Bir dəfə xalam oğlu dedi ki, oğlumun komandiri ailəsi ilə bizə qonaq gələcək. Gəl, yenə bu “yekələrin dilini sən bilirsən”. Xalam oğlu sadə adamdır, amma həlli müşkül görünən problemlərə çarə tapmaq bacarığı var. Elə bu bacarığının hesabına oğlu Bakıda bir polkovnikə sürücülük edirdi. Hərbi xidmətdən də çox razı idi.

Nəsə, həmin polkovniklə görüşdüm. Özümü təqdim etdim. Dedi ki, təqdimata ehtiyac yoxdur. Mən sizi çox yaxşı tanıyıram. Hətta düşünə biləcəyinizdən də yaxşı tanıyıram. Gördüm ki, sözlü adama oxşayır. Təcrübəm mənə dedi ki, biz az gözləmək lazımdır. Oturub yeyib-içdikdən sonra özü dilə gəldi. Məlum oldu ki, general Rövşən Əkbərov bir gün onu yanına çağırıb. “Yeni Müsavat”da onun haqqında yazdığım yazını polkovnikin qabağına qoyub. Deyib ki, bu jurnalistin kimliyini araşdırın. Mənim haqqımda niyə bu qədər çox yazmasının səbəbini öyrənin və qısa müddətdə bu barədə mənə məruzə edin...

Polkovnik hərəkətə keçib. Hər şeyi nöqtə-vergülünə qədər araşdırıb. Məsələn, it ilində mənim başıma gəlmiş elə şeylərə toxundu ki, heyrətdən mat qaldım. Qonağımız qısa müddət sonra generala məruzə edib. Məlum olub ki, bu yazılar sifarişlə yazılmayıb. Və bu amil mənim qanımın arasına girib.

Bir müddət sonra isə Rövşən Əkbərovun bu qətllə bağlı narahatçılığına son qoyuldu. Görünür, müəyyən dairələr onu arxayın samışdı...

Polkovnik mənimlə söhbət edəndə şəkil məsələsinə də toxundu. İlk dəfə Rövşən Əkbərovun general mundirindəki fotosunu “Yeni Müsavat” vermişdi. Yadımdadır, o fotonu mənə bir xanım gətirmişdi. O, Rövşən Ələkbərovun alovlu tərəfdarı kimi çıxış etdi. Generalın Qarabağda ermənilərə qarşı amansız mübarizə aparmasından, onun yenilməz qəhrəmanlığından danışdı. O qadının dediklərini də yazdıq və həmin fotonu da verdik. Ancaq o fotonun “Yeni Müsavat” qəzetində getməsi generalın ürəyincə olmamışdı. O, hesab edirmiş ki, həmin fotonu “Yeni Müsavat”a onu əleyhdarları ötürüb.

Rəsmən elan olunan odur ki, Rövşən Əkbərov Elçin Əliyevin işinə görə həbs olunub. Mənsə əminəm ki, o, II Qarabağ müharibəsində keçirdiyi uğursuz hərbi əməliyyata görə zindana atılıb.

Sonda bir şeyi də deyim. Yaşadığım İsveçrədə müdafiə nazirini işdən qovdular. Bu, məsələ yerli parlamentdə ciddi müzakirələrə səbəb oldu. Generalın vəzifədən kənarlaşdırılmasının ilginc səbəbi vardı. O, mübahisə zəminində həyat yoldaşına bir şillə vurubmuş. O boyda müdafiə naziri vəzifəsi bir şillənin güdazına getdi. Maraqlıdır ki, həmin general yerli hərbi elita arasında yaxşı mənada xüsusi nüfuza malik idi. Ona görə də parlamentdə bəzi deputatlar deyirdi ki, generalın öz xanımına əl qaldırması onların ailədaxili işidir. Bu məsələnin siyasiləşməsi yolverilməzdir. Digərləri isə iddia edirdi ki, öz xanımına qarşı zorakılıq tətbiq edən general tabeçiliyində olan hərbçilərələ bəlli standartlar çərçivəsində münasibətdə ola bilməz.

Zoraklığa meylli adamlar yüksək vəzifədə olmamalıdır. Avropalılar bu sadə həqiqəti çoxdan başa düşüblər. Belələri bir qayda olaraq tabeliyində olanlara qarşı kobud rəftar nümayiş etdirirlər, onlarla qeyri-insanı formada davranırlar. Rövşən Ələkbərov bu qəbildən olan generalların bariz nümunəsi idi.

Şərhlər

XƏBƏR LENTİ