XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Sabiq nazirlər milyonluq mülklərini NİYƏ SATIŞA ÇIXARIB? - Həbs qorxusu, yoxsa pulsuzluq?

Sabiq nazirlər milyonluq mülklərini NİYƏ SATIŞA ÇIXARIB? - Həbs qorxusu, yoxsa pulsuzluq?

Sabiq nazirlər milyonluq mülklərini NİYƏ SATIŞA ÇIXARIB? - Həbs qorxusu, yoxsa pulsuzluq?
12-02-2021, 12:19

Son günlər əmlak saytlarında millyonlarla manat dəyəri olan daşınmaz əmlakların kütləvi satışa çıxarıldığının şahidi oluruq.


Məsələyə fərqli yanaşmalar olduğu üçün bu mülklərin kimlər tərəfindən satıldığı, onların kimlərin aldığı ilə bağlı da konkret məlumat yoxdur.

Ancaq burada əsas üç yanaşma önə çıxır ki, onların başında son zamanlar korrupsiya əməllərinə görə həbs olunan sabiq məmurların mülklərini satışa çıxartması gəlir. İddia olunur ki, sabiq məmurlar bahalı mülkləri “əldən çıxararaq” həm də həbsdən qurtulmağa səy göstərirlər.

Digər yanaşmaya görə, kütləvi satışa çıxarılan mülklərin sahibləri iri biznesmenlərdir ki, pandemiyaya görə gəlirləri aşağı düşdüyü üçün artan xərclərini bununla kompensasiya etməyə cəhd edirlər.

Daha bir iddia isə ondan ibarətdir ki, satışa çıxarılan milyonluq mülklər bank girovluğunda olanlardır. Deyilənə görə, iri kredit borcları olan şəxslər girovluqda olan əmlaklarını müəyyən şifahi razılıqlar əsasında özləri sataraq bank borcunu bağlamaq istəyirlər.

Göründüyü kimi, hər üç iddia kifayət qədər realdır. Bugünlərdə isə sabiq Vergilər naziri Fazil Məmmədovun mülklərini satışa çıxartması ilə bağlı məlumat yayıldı. Yerli KİV-lərdə yayılan məlumata görə, Fazil Məmmədov yaşadığı Şəmkir rayonunda olan mülklərini satışa qoyub. Həmin mülklərdən birinin də məşhur “Excelsior Hotel Shamkir” olduğu bildirilir. Keçmiş nazirin oteli hansı qiymətə satdığı haqda heç bir məlumat yoxdur.

Sabiq nazirlə bağlı bu məlumatın yayılması satışa çıxarılan milyonluq mülklərin məhz məmurlara aid olduğu iddialarını daha da gücləndirir. Məlumdur ki, son zamanlarda bir çox məmur-icra başçıları, nazirlər, nazir müavinləri fəaliyyətlərində yol verdikləri nöqsanlara, korrupsiya, rüşvət faktlarına görə məsuliyyətə cəlb olunub. Həbs olunan məmurların üzə çıxan milyonluq mülkləri, obyektləri sözün həqiqi mənasında onların oliqarx olduqlarını göstərir. İddia olunur ki, hələlik həbs olunmayan sabiq məmurların mülklərini satışa çıxarması da məhz bu məqamla bağlıdır. Yəni sabiq məmurlar milyonluq mülklərini həbs və müsadirə qorxusundan satır.

Digər tərəfdən hesab olunur ki, oliqarx məmurlar son dönəmlər sahib olduqları biznesi idarə etmək gücündə deyil. Belə ki, onların böyük biznes imperiyaları məhz sahib olduqları gücün-oturduqları kreslonun sayəsində yaranıb və inkişaf edib. Artıq həmin gücün olmaması onları bu “müharibə”nin məğlub tərəfinə çevirir. Bu məğlubiyyət isə onlarda pul ehtiyacı yaratdığı üçün əllərində olan mülklərin bir qismini və ya tamamını satmağa məcbur buraxır.
Cebhe.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.