XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Ziya Məmmədov üçün YOLUN SONU... - HƏBS OLUNA BİLƏR...

Ziya Məmmədov üçün YOLUN SONU... - HƏBS OLUNA BİLƏR...

Ziya Məmmədov üçün YOLUN SONU... - HƏBS OLUNA BİLƏR...
8-02-2021, 18:10

Ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və rayon icra başçıları ilə bağlı keçirdiyi əməliyyatlar vəzifəli məmurlar arasında saf-çürük işləri görən ələk funksiyasını yerinə yetirdi. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında həbs edilən məmurları misal gətirərək digərlərinə bundan dərs çıxarmağı və qanuna uyğun işləməyi tapşırırdı. Lakin köhnə əməllərinə davam edənlər “ələk”də ilişib qalırdı.

“Qafqazinfo” xəbər verir ki, artıq növbəti bir proses üçün də start düyməsinə basılıb.

Dövlət başçısının Abşeron rayonunda xəstəxana açılışında məmurların adlarını çəkərək onların fürsət düşən kimi torpaq qamarlaması, oranı hasara alıb iqamətgahlar tikməsini tənqid edərək bu cür əməllərə görə onları cəzalandıracağını bildirməsinin ardından yüksək vəzifəli şəxslərin həbsləri gözlənilən idi.

Bu prosesdə ilk siqnal sabiq nazir Səlim Müslümovla bağlı oldu. S.Müslümov keçmiş korrupsiya əməllərinə görə həbs edildi. Bunun ardınca isə nəqliyyat naziri olmuş məşhur oliqarx Ziya Məmmədovun həbs edilməsi xəbəri yayıldı. Lakin Məmmədov “Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil” deyərək azadlıqda qaldığını açıqladı. Bunun ardından isə ictimai müzakirələr zamanı artıq Ziya Məmmədovla bağlı hüquq-mühafizə orqanlarında ilkin araşdırmalara start verildiyi bildirildi. Sabiq nazirin “azadlıqdayam” deyə açıqlama verməyə özünü məcbur hiss etməsi də bunun sübutu kimi təqdim edilir.

Sabiq nazir Səlim Müslümovun da saxlanılması barədə ilkin məlumat yayılanda ailəsi bunu təkzib etdi, hüquq-mühafizə orqanları isə susdu və bir neçə gün sonra Müslümovun həbs edilməsi rəsmən elan edildi. Bu gün isə qanun keşikçiləri Ziya Məmmədovla bağlı susurlar...

Ziya Məmmədovun adı bundan öncə bir neçə qalmaqallı işlərdə, korrupsiya əməllərində hallanıb. Onların birində isə adı Səlim Müslümovla birgə çəkilib. 2018-ci ildə Göyçay şəhərini uzun müddət yolsuz qoyan körpünün uçmasına görə media Səlim Müslümov və Ziya Məmmədovu günahkar bildi. Araşdırma zamanı məlum oldu ki, körpünün uçmasına səbəb çayın məcrasının qum və çınqıl eşqi ilə qazılaraq enləndirilməsidir. Burada isə Ziya Məmmədovun iki, Səlim Müslümovun bir şirkəti qazıntı işləri aparırdı. 2007-ci ildən 8 il Göyçay rayon icra başçısı işləmiş Mənsur Məmmədov isə Ziya Məmmədovun bacısı oğlu kimi təqdim edilib.

Ziya Məmmədov və qardaşı Elton Məmmədov da daim sabiq PA rəhbəri Ramiz Mehdiyevə yaxınlıqları ilə seçiliblər. Hətta deputatlar R.Mehdiyevi tənqid edəndə Z.Məmmədov mediaya müraciət edərək “Akademik Ramiz Mehdiyev haqqında yazılanlar sifarişlidir. Bəzi şəxslər Ramiz müəllim haqqında etikadan kənar yazılar yazdırırlar” deyərək onu müdafiə etməyi özünə borc bilmişdi.

Hazırda isə sabiq deputat Elton Məmmədov AMEA-da İşlər İdarəsinin müdiri işləyir.

Ziya Məmmədov illər öncə mətbuatda bu mövzularla daim gündəmə gəlib: sürücüləri döyən qoluzorlu “lotu”lar, yolların keyfiyyətsiz asfaltlanması sayəsində "yeyilən" milyonlar, oğlu Anar Məmmədovun 1 milyona ayı yeməsi, Bakıda və digər rayonlarda yanan villalar, istirahət mərkəzləri, lüks avtomobillər və ZQAN holdinq...

Eks-nazirin adı bir çox pul yeyintisində hallansa da, ən çox müzakirələrə səbəb olanı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə həyata keçirilən 100 milyon dollarlıq layihədir. Belə ki, Ziya Məmmədov NİİM vasitəsilə ölkəyə marşrut avtobuslarının hərəkət sxemini göstərən monitorlar gətirərək dayanacaqlar quraşdırdı və bunun üçün kifayət qədər yüksək qiymətə “yazılan” proqram təminatı da hazırlandı. Lakin bir neçə ay sonra nəinki o monitorlarda hərəkət sxemi düz göstərildi, hətta soyuq qış aylarında həmin “ağıllı” dayanacaqlarda quraşdırılan termometr havanın müsbət 60-80 dərəcə olduğunu göstərirdi. Bu korrupsiya əməli isə birbaşa hər bir vətəndaşa təsir etdi. Çünki monitorlar və layihə üçün vəsait dövlət büdcəsindən ayrıldı və bu günədək də həmin monitorlar sərnişinlər üçün qara güzgündən başqa heç bir funksiya yerinə yetirə bilmir.

Bu məsələyə, ekspert Osman Gündüz də şərh verib. O bildirib ki, Azərbaycanın ən uğursuz və ən böyük , 100 milyon dollar dəyəri olan İT layihələrdən biri də Ziya Məmmədovun adı ilə bağlıdır: “2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi və Koreyanın “SK C&C” şirkəti ilə müqavilə imzalanıb.

Layihənin ilkin dəyəri 77 milyon dollar olub, sonradan isə 19 milyon dollar da əlavə edilib. Bu nəhənglikdə layihə qarşıya qoyulan vəzifələrin heç birisini reallaşdıra bilmədi , alayarımçıq infrastruktur dağıdıldı , monitorlar və informasiya sistemləri, trafikin intellektual idarəetməsi və qabaqcadan məlumatlandırma sistemi işləmədi və qısa müddətdə layihə iflas oldu. İndi isə məlumat verilir ki, Ziya Məmmədov istintaqa çağrılması ilə bağlı sosial mediadakı xəbərlərdən təəccüblənib”.

Görünür, kənddə mal-qara otardığını deyən Ziya Məmmədovun başının üstünü qara buludlar alıb. O da artıq saf-çürük edilən, “ələk”dən keçib-keçməyəcəyi sual altında olan məmurlar sırasındadır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.