XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Azərbaycan 2021-ə Qarabağla gedir - GƏLİŞMƏ

Azərbaycan 2021-ə Qarabağla gedir - GƏLİŞMƏ

Azərbaycan 2021-ə Qarabağla gedir - GƏLİŞMƏ
7-11-2020, 10:26

Azərbaycan XXI əsrin üçüncü onilliyinə Qarabağ problemini, torpaq dərdini birdəfəlik həll edərək daxil ola bilər. Bizim üçün 2021-ci ilin işğala son qoyaraq başlanması son dərəcə inandırıcı və yaxın görünür. Bunun üçün ağır və mürəkkəb, heç zaman unudulmayan təqvim olacaq 2020-ci ilin son iki ayını da uğurlu başa vurmaq lazımdır.

İndi dünyanın və xalqımızın gözü Ali Baş Komandan İlham Əliyevin verəcəyi müjdəli xəbərlərə, Ordumuzun əməliyyatlarına dikilib. Bununla da 27 illik əsarətə, məşəqqətə son qoyub, Qarabağı işğaldan tamamilə azad edib 2021-ci ilə əsl bayram ab-havasında, zəfər ovqatında başlaya bilərik.

Necə ki, hər il tanınmışlar, sənətçilər “Gələn bayramı Şuşada, Laçında qeyd edək” tipli arzular dilə gətirirdilər, amma gerçəkləşmirdi, bu dəfə isə Laçına, Kəlbəcərə, Şuşaya, Xankəndinə nəfəs qədər elə yaxınıq ki...

“Yeni Müsavat” bildirir ki, hazırda gedən əməliyyatlar düşmənin müqavimətini tamamilə qırıb, tərk-silah vəziyyətinə gətirib, Qarabağdakı separatçı rejimin “hökumət kabineti”ni Ermənistana köçürməyə məcbur edib.

Təhlilçilərin proqnozuna və Şuşadan, Xankəndindən yayılan videolardan hasil olan nəticəyə görə, erməni terrorçularını tam gömmək üçün çox qalmayıb. Bu fikri qüvvətləndirən ermənilərin “Pandorum” yutub kanalı məlumat yayıb ki, Azərbaycan Ordusu əməliyyat şəraitinə nəzarət edir. Sitat: “Daha əvvəl bunker danışıqlarında Ermənistan silahlı qüvvələrinin rəisi Onik Qasparyan və onun müavini Karen Obramyan məlumat verdilər ki, əgər münaqişəyə dərhal müdaxilə edilməsə, bir həftə ərzində Azərbaycan Ordusu Şuşa və Xankəndini nəzarətə götürəcək. Buna əsaslanaraq, əminliklə demək olar ki, Azərbaycan Ordusu əməliyyat şəraitinə nəzarət edir. Erməni tərəfinin ”bir həftə" açıqlaması əsassız deyildi".

Spiker Sahibə Qafarova da bildirib ki, tezliklə Şuşa şəhərində, həmçinin Xankəndində, Laçında Azərbaycan bayrağı qaldırılacaq: “Qırx gündən artıqdır ki, hərbi əməliyyatlar gedir. Ermənilərin son 30 ildə yaratdığı cəbhə xətti darmadağın edilib, düşmənin hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb”.

Bütün bu açıqlamalar, proseslərin, əməliyyatların gedişi, Azərbaycanın həm döyüş meydanında, həm diplomatiya arsenalında aşkar üstünlüyü, beynəlxalq şəraitin əlverişli olması deməyə əsas verir ki, 2021-ci ilə artıq təkcə de-yure yox, de-fakto da Qarabağla daxil ola bilərik.

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyanın açıqlamasından da bəlli olub ki, Şuşa uğrunda gedən döyüşlərdə ciddi itki veriblər, ölən və yaralananlar arasında onun dostları da var.

Deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, 2021-i Qarabağa həsr edəcəyik. Onun sözlərinə görə, 2020 Qarabağ uğrunda savaş oldu, gələn il isə azad edilmiş şəhərlərimizdə quruculuq işlərinə başlayacağıq.

A.Abbas qeyd etdi ki, abadlaşdırmadan öncə ərazilərin minalardan təmizlənməsi işləri həyata keçirilməlidir: “Sonra sağlıq olsun, bərpa işlərinə başlayacağıq. Amma gərək hər şeyi dövlətin üstünə yıxmayaq. Təbii ki, dövlət inzibati binalar tikəcək, yollar salacaq, şərait quracaq. Amma bir çox adamlar doğma ev-eşiyini özü tikməlidir. Biri elə özüm. Ağdamda evimizi də tikəcəm, orada oxuduğum 2 saylı orta məktəbin yenidən qurulmasına dəstəyimi də verəcəm. Eləcə də başqaları bunu etməlidirlər. Ona görə içimdə böyük bir inam var ki, 2021 Qarabağ ili olacaq”.

A.Abbasın fikrincə, gələn ilin büdcəsində Qarabağın xərcləri də göstəriləcək: “İnşallah, bayramları öz torpaqlarımızda keçirəcəyik. Sadəcə, hər şeyin öz yeri var. Prezident dedi ki, nəyi, nə vaxt edəcəyimi bilirəm. Bizimkilər həmişə deyirdi ki, bu ”Lazım" hardadır. Deməli, hər şeyin öz vaxtı var imiş".

Deputat hesab edir ki, dövlət rəhbərliyi müharibə başlamazdan əvvəl yüksək səviyyədə siyasi-iqtisadi, o cümlədən kadr islahatları həyata keçirib. “Kadr islahatları başlayanda dedim ki, Qarabağın işğaldan azad olunması üçün yol açılır. Bu gün Ceyhun Bayramov kimi bacarıqlı xarici işlər nazirimiz var. Prezidentin xarici siyasət məsələləri üzrə Hikmət Hacıyev kimi səviyyəli, peşəkar köməkçisi gecə-gündüz çalışır. Eyni fikirləri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev haqda söyləmək olar. Bundan başqa, Əli Nağıyevin DTX rəisi, Vilayət Eyvazovun DİN rəhbəri gətirilməsi bugünkü proses üçün hesablanmışdı. Sadəcə, bilmirdik, amma bu gün müsbət nəticəsini görürük. Ümumiyyətlə, müharibə başlayanda hər şeyi hesablamaq lazımdır. Çünki savaş bahalı, pullu işdir. Gərək bütün ehtiyaclarını qarşılayasan ki, kiməsə möhtac olmayasan. Çox şükür ki, Azərbaycan ərzaqdan silaha qədər bütün tədarükü görüb”, - deyə deputat qeyd etdi.

Onun sözlərinə görə, Azərbaycan göyə peyk buraxanda bəziləri ağız büzürdü: “Deyirdilər ki, niyə kosmosa vəsait xərcləyirik? Bu gün həmin peyklər hesabına görüntülər əldə edirik. Bu peyklər özümüzdə olmasaydı, Rusiyadan və ya başqasından almalıydıq. Onlar isə bizə istədiyimizi verməzdilər. İndi öz peykimizlə hər şeyi izləyirik. Bunlar hesablanmış və kompleks işlərdir. İnşallah, bir 10 günə müharibə bitər və 2021-ci ili Qarabağı tam azad etmiş halda qarşılayarıq”.

Polkovnik Şair Ramaldanov isə “Yeni Müsavat”a dedi ki, qarşıdakı son iki ayın konkret proqnozunu vermək çətindir, lakin dayanıqlı amillərə əsaslanmaq olar.

Polkovnik hesab edir ki, dayanıqlı faktorun birincisi prezident İlham Əliyevin mövqeyində hər hansı dəyişiklik olmamasıdır. Ş.Ramaldanovun fikrincə, ikinci nüans budur ki, Ordumuz azadetmə əməliyyatlarını dayandırmır: “Biz görürük ki, Ordumuz yerində dayanmayıb, irəliləyir. Müdafiə Nazirliyinin mətbuat xidməti də mütəmadi olaraq məlumatlar verir. Dayanıqlı amillərdən digəri isə odur ki, xalq prezidentin ətrafında sıx birləşib, hər kəs Orduya, dövlətə dəstək verir, iqtidar-müxalifət həmrəydir, hamı birlik nümayiş etdirir. Eyni zamanda, bu müddət ərzində Türkiyənin Azərbaycana dəstəyi dayanmayıb, Ankaranın mövqeyi dəyişməyib. Bütün bunlar Ordumuzun Vətən müharibəsində qarşıya qoyduğu hədəfləri gəlib çıxması üçün vacib detallardır”.

Polkovnik qarşı tərəfə gəldikdə isə bildirdi ki, düşmən 30 ildir müdafiədə idi, amma Ordumuz o stereotipi dağıtdı, mifi məhv etdi. “Ermənilər nə qədər müdafiə qursalar da, bu gün Ordumuza tab gətirmirlər. Amma düşmənin zəif silahlandırılmadığını da görürük. Silahlanma ilə əlaqəli beynəlxalq statistik qurumların verdiyi məlumata və rəqəmlərə baxanda görürük ki, düşmən cürbəcür qanunsuz yollarla silahlandırılıb. Yəni onlar bu daşınmanı nəzarət sistemindən gizlədə biliblər. Ancaq yenə də Ordumuzu saxlaya bilmədilər. Hərbçilərimizin professionallığı və üstünlüyü özünü göstərdi. Biz qarşı tərəfin insan və silah resurslarını hesablayıb öz imkanlarımızı götür-qoy edirik. Müasir dünyada hesablamalar bəzən düz olmur. Çünki ermənilər cürbəcür yollarla muzdlu əsgərlər, terrorçular gətirir. Artıq dövlət elan edib ki, muzdlu əsgərlərin gəlməsi leqallaşıb. Dünyada yaşayan ermənilərə müraciət ediblər ki, gəlin, döyüşün. Halbuki, beynəlxalq normalara baxanda başqa dövlətin vətəndaşıdırsa, döyüşməsi qanuna uyğun deyil. Amma Qarabağda ölənlər içində muzdlu əsgərə rast gəlirik. Həmçinin Ermənistandakı rus hərbi bazasından da silahlanırlar. Bütün bunları nəzərə alsaq, həmin amillər Ordumuzun öz hədəfinə çatmasına mane olsa da, yetərli deyil”, - deyə Ramaldanov vurğuladı.

Onun fikrincə, digər amil hərbi siyasi faktordur: “Gedişat göstərir ki, maraqlı qüvvələr var və danışıqlara üstünlük verilməsinin tərəfdarıdırlar. Prezident də şərtləri açıqlayıb - istər hərb, istər sülh yolu olsun, ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ona görə də proqnoz vermək istəmirəm, amma arzum kimi deyə bilərəm, ayın sonuna qədər əsas məsələlərin həll olunacağını gözləyirəm. Arzum da təhlillərə əsaslanır".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.