SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Qarabağın cənub qapısı əlimizdə - Füzuli və Xudafərinin strateji əhəmiyyəti

Qarabağın cənub qapısı əlimizdə - Füzuli və Xudafərinin strateji əhəmiyyəti

Tarix:

20-10-2020, 11:47

/ 808 dəfə oxundu.
Qarabağın cənub qapısı əlimizdə - Füzuli və Xudafərinin strateji əhəmiyyəti

Humanitar atəşkəsi pozaraq Gəncədə, Tərtərdə və digər bölgələrimizdə mülki insanları raketlə vuran işğalçı Ermənistana rəşadətli Azərbaycan Ordusu cavab verməyə davam edir. Ötən həftə Füzuli şəhəri və bir sıra kəndləri, Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri azad olundu. Bu həftənin ilk günü isə Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonunun daha 13 kəndinin azad edildiyi xəbərini xalqa çatdırdı. Beləliklə, 19 oktyabra qədər azad olunan kəndlərimizin sayı 78-ə çatıb. Eyni zamanda iki şəhər Hadrut və Suqovuşan azad olunan ərazilərimiz sırasına daxildir.

Cəbrayıl şəhəri ilə yanaşı Xudafərin körpüsü də artıq Azərbaycan Ordusu tərəfindən azad olunan ərazilər sırasındadır. Oktyabrın 18-də Azərbaycan hərbçiləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı raport veriblər. Dövlət bayrağımız Xudəfərin də qaldırılıb.

Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub.

Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 m, çay səviyyəsindən ən böyük hündürlüyü 12 m, ən iri tağ aşırımı 8, 70 m, ən kiçik tağ aşırımı 5,80 m-dir.

Tarixi körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır.

Hər iki körpü İpək yolunun üzərində yerləşir.

Ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir. Ermənistan 1993-cü ildə ərazini işğal edən zaman Xudafərinə qarşı da vandallıq edib.

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Füzulinin və Cəbrayılın, həmçinin Cəbrayılın ən son olaraq elan edilən 13 kəndinin azad edilməsi növbəti mərhələdə Xocavəndin və Ağdamın azad olunmasına yol açılması deməkdir: “Bu taktika komandanlığın seçimidir və çox düzgün seçimdir. Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları dəqiqliklə, uğurla yerinə yetirir. Yaxın günlərdə biz daha yeni yaşayış məntəqələrimizin işğaldan azad edilməsinin şahidi olacağıq. Füzuli, Xudafərin Qarabağın cənub qapısıdır. Bu qapı artıq bizdədir. Odur ki, hesab edirəm yaxın günlərdə daha böyük xoş xəbərlər eşidəcəyik.

Sadəcə, bəzi vətəndaşlarımız bir qədər tələskənlik edərək sosial şəbəkələrdə ordumuza, ümumi işə zərər gətirə bilən yazılar yazırlar, paylaşımlar edirlər. Mən hər kəsin Vətən torpaqlarının azad olunmasının tezliklə tam şəkildə yekunlaşmasını istədiyini başa düşürəm. Amma insanlarımız bilməlidirlər ki, müharibə oyuncaq deyil, bir qədər diqqətli olmaq lazımdır, ordan-burdan rəsmi dəqiqləşdirilməmiş söz-söhbətləri, ehtiyac olmayan videoları, şəkilləri sosial şəbəkələrdə yaymaq lazım deyil. Hərbçilərimizə mane olmayaq, əsgərimizi çətin duruma salan hərəkətlərə yol verməyək. Müdafiə Nazirliyinin, Ali Baş Komandanın rəsmi məlumatından başqa heç bir xəbərə, yazıya, videoya ciddi yanaşmaq olmaz. Ordumuz nə etdiyini yaxşı bilir, onu tələsdirməyə ehtiyac yoxdur. Hər bir vətəndaşımız səbirlə prosesi izləməlidir. Müharibə vəziyyətidir və müharibə vəziyyətində hər kəs məsuliyyətli olmalıdır".

Ü.Cəfərov vurğuladı ki, Xudafərin körpülərinin azad olunmasının həm mənəvi, həm də strateji baxımdan böyük əhəmiyyəti var: “Mənəvi tərəfi hər kəsə aydındır. Strateji baxımdan isə Xudafərinin azad olunması düşmənin daha bir nəfəs borusunun kəsilməsi deməkdir. Oradan silah-sursat, ərzaq gələ bilməz. Ona görə də bu ərazi bizim üçün çox ciddi strateji hərbi əhəmiyyət kəsb edir. Yəqin ki, artıq orada Dövlət Sərhəd Xidmətinin sərhəd zastavası da qurulacaq”.

Ü.Cəfərov onu da dedi ki, ermənilər atəşkəsə əməl etmədikcə və Azərbaycan ərazilərindən xoşluqla çıxmadıqca Azərbaycan Ordusu onları zorla çıxaracaq və bu zaman erməni ordusunun olan-qalan tör-töküntüləri də tamamilə məhv olacaq. Azərbaycan tərəfi erməni əsgərlərinin meyitlərinin bir hissəsini verməyə hazır olduğunu bəyan etsə də Ermənistan hakimiyyəti cəsədləri götürmür: “Azərbaycan birtərəfli qaydada erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi ilə keçirilmiş görüşlərdə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında elan edilmiş müvəqqəti humanitar atəşkəsin ruhuna uyğun olaraq, Azərbaycanın birtərəfli qaydada hazırda Azərbaycan tərəfində olan erməni hərbçilərinin meyitlərinin bir hissəsini iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində əvvəlcədən razılaşdırılmış dəhlizdə BQXK-nın vasitəçiliyi ilə Ermənistana verməyə hazır olduğunu diqqətə çatdırıb. Bu barədə qarşı tərəfə bildirilməsi xahiş olunub.

Belə görünür ki, Paşinyan hökuməti erməni əsgərlərinin cəsədlərinin öz ölkələrinə aparılmasında maraqlı görünmür. Çünki müsbət reaksiya verilmir. Erməni əsgərlərin anaları Paşinyan hökumətinin onlara olan bu münasibətinin fərqinə varmalıdırlar".

Şərhlər

XƏBƏR LENTİ