SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?

Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?

Tarix:

24-09-2020, 11:25

/ 1 068 dəfə oxundu.
Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının antikorrupsiya əməliyyatları əhalinin ürəyincə olan addımdır. Ekspertlər hesab edir ki, bu cür əməliyyatların davam etməsi zərurəti var, çünki qanunsuz əməllərindən əl çəkməyənlər hələ də çoxdur.

Mətbuatda, sosial şəbəkələrdə korrupsiya cinayətləri, əməlləri ilə bağlı bəs deyincə məlumat-siqnallar var. Ötən ilin dekabrından başlanan əməliyyatlar çərçivəsində bu günə qədər nazir müavini də daxil olmaqla, 10-dan çox yüksək vəzifəli məmur rüşvət və korrupsiya ittihamı ilə qandallanıb. Amma bəzi məmurların “köhnə qaydalar”dan əl çəkməməsi də sirr deyil.

Elementar bir nümunə: Bakının Türkan qəsəbəsində 2 ahıl qadını “öldürən” icra nümayəndəsi Rahil Babayev qanunlara meydan oxuyur, “milyon verib işimi görərəm” kimi fikirlər səsləndirməkdən belə çəkinmir. Yerlərdə onun tipində olan vəzifəlilər az deyil və əhali arasında narazılıq yaratmaqda davam edirlər. Bilgəh qəsəbəsində vaxtilə bələdiyyə sədri və icra nümayəndəsi olmuş, eks deputat Qalib Salahzadənin də vəzifədə olarkən törətdiyi qanunsuzluqlar bu günə qədər araşdırılmayıb. Cəzasızlıq mühiti isə qanunsuzluqların koronavirus kimi yayılmasına yol açır. Hazırda qanunsuzluqlara görə istintaq altında olan məmurlar sırasında 6 icra başçısı, bir nazir müavini və Mədəıniyyət Nazirliyinin idarə rəisi var. Həbsə alınan məmurlar İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev, Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, Yevlağın sabiq icra başçısı Qoca Səmədov, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Məharət Mustafa oğlu Mustafayevdir. DTX əməliyyatçılarının qandalladığı mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da həbsdədirlər. Həbsə alınan məmurların ittiham olunduqları maddələr də demək olar ki, üst-üstə düşür. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı...

Tutulanların iş yerlərində və çoxsaylı villalarında aparılan axtarışlar zamanı külli miqdarda pul aşkar olunaraq götürülüb. Nəzərə almaq lazımdır ki, həbs olunan icra başçılarının maaşları 880-1045 manat arası dəyişir.

Bundan əlavə, başçıya dövlət hesabına ev, kommunal xidmətlər xərci, xidməti avtomobil, həmin avtomobilin təmir, yanacaq xərcləri və s. xərclər üçün də əlavələr verilir, dövlət büdcəsindən ödənilir. Və günlərin birində başçının başı üstündə “qara maskalılar” peyda olanda üzə çıxanlar göz qamaşdırır.

İmişlinin artıq keçmiş icra başçısı Vilyam Hacıyevin mənzilində aparılmış əməliyyat çəkilişi zamanı təkcə ortalıqda olan avro, dollar, manat bağlamalarını xatırlamaq kifayətdir. Həmin məbləği saymamış da aydın idi ki, İmişlidə ehtiyacı olan hər bir adama 190 deyil, 290 manat da paylasalar, yenə də pul bitib-tükənməzdi... İqtisadçı alim Qubad İbadoğlu hesablamışdı ki, Vilyam Hacıyevin həbsi zamanı evindən müsadirə edilən maliyyə vəsaitləri 5 milyon manatdan artıqdır. O, başçının həbsi zamanı çəkilərək ictimailəşdirilən fotoları nəzərdən keçirib jurnalistlərə demişdi ki, əgər bu şəkil tapılan pulların hamısını özündə əks etdirirsə, orada 2 milyon 480 min dollar, 450 min avro var.

Ekspert əlavə etmişdi ki, əgər evdə xarici valyutada bu qədər vəsait nağd şəkildə gizlədilibsə, heç şübhəsiz ki, xarici və yerli banklarda yerləşdirilən vəsait bundan dəfələrlə çoxdur. Bundan əlavə, pulların ondan da çox hissəsi biznesə və əmlaka yatırılır.
“Bu hesabla Vilyam Hacıyevın varidatı ən azından 10 milyonlarla dollarla ölçülə bilər. Bu da büdcə üçün əlavə maliyyə qaynağıdır” deyə, ekspert bildirmişdi.

Daha bir iqtisadçı ekspert Əkrəm Həsənov da deyir ki, bu gün həbsdə olan icra başçılarının rüşvət aldığı, əmlakını mənimsədiyi vətəndaşlar istintaq orqanına müraciət etməlidirlər: “Əgər vətəndaş könüllü şəkildə istintaqa - bu halda Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib - məsələn, Biləsuvarın icra başçısının ondan 10 min manat rüşvət tələb edib aldığını deyirsə, bu halda vətəndaş rüşvət vermə cinayəti ilə əlaqəli məsuliyyətdən azad olunur. Əks halda, yəni bu məsələni istintaq təsbit edərsə, bu halda vətəndaşı da rüşvət verməyə görə cəza gözləyir. Bu baxımdan həbs olunan icra başçılarına məcbur olub rüşvət vermiş vətəndaşlar ləngimədən istintaqa bu haqda xəbər verməlidirlər”.

Hüquqşünas Əkrəm Həsənov deyib ki, həbs olunan icra başçılarının, məmurların üzərinə həbs qoyulan əmlakları haqda məlumatlar ictimailəşdirilməlidir.

Barələrində ittihamedici hökm çıxarılacağı halda, həmin əmlakların şəffaf şəkildə hərracdan satılması üçün ləngidilmədən tədbirlər görülməlidir. Əks halda, antikorrupsiya əməliyyatlarından dövlət büdcəsinə daxilolmalar dəfələrlə azala bilər. Hazırda həbsdə olan məmurları gözləyən cəzalara gəlincə isə onları 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda başladılan antikorrupsiya tədbirlərinin davamlı olması ümumilikdə ölkəmizin hərtərəfli inkişafı üçün zəruridir: “Bu gün ən müxtəlif qurumlarda, nazirliklərdə əyri yollara əl atan vəzifə sahibləri, məmurlar var. Belə vəzifə sahiblərinin həbsi, qandallanması olduqca vacibdir. Dövlət Təhlükəsizliyi Xidmətinin ötən ilin dekabrından başlayaraq həyata keçirdiyi əməliyyatlar ümumilikdə ölkədə ab-havanı dəyişdi, feodal təfəkkürlü icra başçılarının sərhədsiz qanunsuzluqları nisbətən də olsa aradan qalxdı. Belə tədbirlərin davamlı olması ümumilkdə duruma müsbət təsir edəcək. Zaman-zaman qanunsuzluq edən, dövlətin xalqa, millətə yönəlik addımlarına kölgə salan icra başçıları, nazirlər öz cəzalarını alırlar. Zərdabda bir icra nümayəndəsinin, bir bələdiyyə sədrinin tutulması, bundan əvvəl Masallıda da oxşar əməliyyatın baş tutması, göründüyü kimi, dövlətin bu istiqamətdə niyyətini ortaya qoyur. Nəzarətdə saxlayırlar, araşdırırlar, yeri gələndə həbsə alır, cəzaya çatdırırlar. Kimliyindən asılı olmayaraq iş yerində korrupsiyaya, rüşvətə yol verirsə, əvvəl-axır onlar cəzasını alacaq”.

Hüquqşünas deyir ki, qanunun sərt üzü tam şəkildə korrupsiyaya bulaşmış məmurlara tətbiq olunmalıdır: “İcra başçıları, nazir müavinləri, bələdiyyə sədrləri və digər məmurlar həbs olunur. Qanuna görə, həbsə alınan şəxslərin mal-mülklərinin üzərinə həbs qoyulur, həmin əmlaklar həbsə alan orqanın sərəncamında olur. Məhkəmənin hökmündən asılı olaraq həmin əmlaklar dövlət nəfinə keçə də bilər. Hər şey son nəticədə məhkəmənin çıxardığı hökmdən asılıdır. Məhkəmələr belə hallarda birmənalı şəkildə korrupsiya əməli təsdiq olunan məmurun əmlakının müsadirəsi haqda qərar verməlidir. Əks halda, korrupsiyanın kökünü kəsmək çətin olacaq.

Nazir, icra başçısı düşünür ki, bacardığım qədər oğurlayım, büdcədən ayrılan vəsaiti talayım. Həbs olunundan sonra 3-5 il ”yatıb" çıxaram, ömrümün axırına qədər oğurladığımı xərcləyib şad-xürrəm yaşayaram. Bu düşüncə məmurları daha çox oğurlamağa, daha çox talamağa sövq edir. Odur ki, məhkəmələr müsadirə məsələsində ortaya konkret praktika qoymalıdırlar. Əks halda, korrupsiya ilə mübarizə istənilən effekti verməyəcək. DTX-nın əməliyyat çəkilişlərində bizlər icra başçısı Vilyam Hacıyevin həyətində “Bentley” markalı maşın gördük. Bu maşının real bazar qiyməti 300 min manatdır. Başqa avtonəqliyyat vasitələrini də onun villiasının həyətində gördük. Bax həmin maşınların bazar qiymətləri 400 min manata yaxındır. Bu maşınların icra başçısının əmək haqqı ilə alması sadəcə mümkün deyil. Başqa hansı yol var? Əlbəttə ki, korrupsiya! Ona görə də korrupsiya əməli məhkəmə hökmü ilə təsdiqlənən məmurun əmlakı qeyd-şərtsiz müsadirə olunmalı, onun taladığı sahəyə, rayona qaytarılmalı, xalqın, millətin bu çətin günündə rifahına xərclənməlidir".

Hüquqşünas deyir ki, Azərbaycanda müsadirə praktikası var: “15 ildir ki, bu praktika tətbiq olunur. Nazirlərin, məmurların əmlakları müsadirə olunur. Lakin çox vaxt hakimlər müsadirə məsələsində tərəddüd edirlər. Cəmiyyət müsadirə məsələləri haqda məlumatlanmır. Amma yaxşı olardı ki, müsadirə olunmuş əmlaklarla bağlı ayrıca ictimaiyyətə məlumat verilsin. Hər kəs bilsin ki, dövlətdən oğurlanan əmlak gec-tez geri alınır. Başçılar, məmurlar tərəfindən sahibkardan, iş adamlarından alınan əmlaklar, pullar da həmin o müsadirə olunan əmlakların, pulların hesabına sahiblərinə qaytarılmalıdır. Bu gün həbsdə olan icra başçılarının rüşvət aldığı, əmlakını mənimsədiyi vətəndaşlar çəkinmədən istintaq orqanına müraciət etməlidirlər”.

Natiq Ələsgərov DTX və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyatlarının davamlı olmasının vacib olduğunu vurğulayıb.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ