XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Əli Həsənov Türkiyəyə Qurban Məmmədovla görüşə gedibmiş - ŞOK İDDİA!

Əli Həsənov Türkiyəyə Qurban Məmmədovla görüşə gedibmiş - ŞOK İDDİA!

Əli Həsənov Türkiyəyə Qurban Məmmədovla görüşə gedibmiş - ŞOK İDDİA!
5-09-2020, 10:55

Son günlərin hadisələri və mediada tirajlanmaqda olan tənqidi materiallar öz nişangahını sabiq PA rəhbəri, akademik Ramiz Mehdiyevə və onun ən sadiq silahdaşı, prezidentin sabiq köməkçisi Əli Həsənova tuşlamağa davam edir. Birinci "öyrədən" mövqeyində qalmaqla və AMEA-nın texniki potensialını öz fikirlərinin toz-dumanına qərq etməyə çalışsa da, digəri müalicə adı ilə Türkiyədə bir hastanəyə sığınaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin başlatdığı məlum cinayət işində təqsirli şəxs olduğunu pərdələməyə çalışır.
Əslində, yumşaq deməsək, son günlər dövlətin əsas sütunlarına savaş açan "boz kardinal" titullu Ramiz Mehdiyevin sovetsayağı ideolojisinin sınıq güzgüsünü yengə kimi əlində gəzdirən, medianı və ictimai münasibətləri linç edən Əli Həsənov təkcə qarnının ağrısından Türkiyəyə qaçmayıb, o həm də heç kimin ağlına gətirmədiyi bir siyasi gediş edib.
"Demokratik.Az"-ın Türkiyədəki özəl mənbədən əldə etdiyi məlumata görə, Əli Həsənovun ötən həftələrdə birdən-birə Türkiyəyə yollanması onun bir müddət əvvəl Londondan İstanbula təşrif buyurmuş dostu Qurban Məmmədovla görüşmək istəyilə də bağlıdır. İddialara görə, Əli Həsənovla Qurban Məmmədovun planlaşdırdıqları "məxfi görüş" artıq baş tutub. Onların ikilikdə nə danışdıqları, ümumiyyətlə nə üçün görüşmələri barədə məlumatı isə gizlətmək cəhdləri ortadadır. Lakin, son günlər "Qurban - Əli" cütlüyü barədə yazılanlar, Azərbaycanın dövlətçilik və milli maraqlarına qarşı əsən küləklər, eləcə də bu yaxınlığın milli məclis səviyyəsində deputat Vahid Əhmədovun əzmilə qabardılması "İstanbul görüşü" barədə bəzi təəssüratları özü yaradır.
Xatırladaq ki, adıçəkilənlərin uzun illərə dayanan dostluqları heç vaxt inkar edilməyib. Əksinə, onlar özləri də açıqlamalar edərəkən köhnə dostluqları haqqında bəh-bəhlə xeyli xatırlatmalar ediblər. Lakin məsələ şəxsi dostluqda deyil, onları bu ad altında birləşdirən müxalifətçilik, maddi-siyasi sapoyçuluq düşüncəsində qabaran məkrli fəaliyyətlərindədir.
Bircə faktı yada salmaq yetərlidir ki, mənzərəni anlayaq.
Ötən gün deputat Vahid Əhmədovun mediaya açıqlamasında qeyd edildiyi kimi, "Qurban Məmmədov Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Prezidentin keçmiş köməkçisi Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında "Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsini tələb etməsi və ümumi sahəsi 1500 kvadratmetr olan mənzillərə sahib olması məsələsi təsadüfün məhsulu deyil. İndi aydın olur ki, prezidentin ictimai-siyasi məsələlər üzrə sabaiq köməkçisi Qurban Məmmədov kimi radikal müxalifət lideri ilə separat danışıqlara getməklə heç nədən qorxmayaraq dövlət vəsaitindən öz şəxsi məqsədləri üçün istifadəyə belə girişib. Əlində oyuncaq etdiyi media maraqlarını, yaratdığı tərbiyyəsiz "trol" sürüsünü əslində prezident İlham Əliyevin qarant olduğu dövlətçilik və milli maraqlar əleyhinə yönəldən hərəkətlərə meyillənib. Əli Həsənovun kurasiyasında olan saytlara və "killer mirzələr"inin tirajladıqlarına da fikir yetirsəniz deyilənlər təsdiq olunur.
Əli Həsənovun jurnalistlərə paylanan evlərdə hansı hoqqalardan çıxdığını və sahib olduğu milyonlarla dollarlıq dəyərindəki biznes şəbəkəsini düşünəndə, Qurban Məmmədovun timsalında xaricdə yaşayan müxalifətçiləri maliyyələşdirə bilməsi də tamamilə mümkün və inandırıcı görünür.
Bundan əlavə, xatırladaq ki, dünən "Yeni Müsavat"-ın da paylaşdığı bir xəbər Türkiyədə missiya yerinə yetirən "xəstə" Əli Həsənovun iç üzünü açmağa şərait yaradır. Belə ki, Ramiz Mehdiyevin "toy"undan sonra "Azerfreedom"a çıxıb danışmaq istəyinə vasitəçiliyin də Əli Həsənov tərəfindən həyata keçirildiyinə əsaslı şübhələr yaranır. Böyük ehtimalla, Qurban Məmmədova bu cür təhlükəli pasları dostu Əli Həsənov ötürür, bununla da İstanbulda yerləşib öz adı ətrafındakı qalmaqalları arxa plana köçürməyə çalışır.
Əli Həsənovun özünün məhz dünən danışmağa məcbur qalması, 10 günə kimi Azərbaycana qayıdacağına söz verməsi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yaydığı rəsmi məlumata qarşı çıxması isə vəziyyətinin ciddiliyindən xəbər verir. O, bərk silkinir, qorxur, inandırıcı vədlər edib məngənədən çıxmağa çalışır.
Sonda daha mühüm bir ehtimal - eşitsəniz ki, Əli Həsənov da Qurban Məmmədova qoşulub Londona qaçıb, təəccüblənməyin!..
Demokratik.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.