XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » İRADƏ GÜLMƏMMƏDOVANIN BU GÜN İCRA BAŞÇISI İŞLƏMƏSİ DÖVLƏTÇİLİYİMİZƏ İSTEHZADIR

İRADƏ GÜLMƏMMƏDOVANIN BU GÜN İCRA BAŞÇISI İŞLƏMƏSİ DÖVLƏTÇİLİYİMİZƏ İSTEHZADIR

İRADƏ GÜLMƏMMƏDOVANIN BU GÜN İCRA BAŞÇISI İŞLƏMƏSİ DÖVLƏTÇİLİYİMİZƏ İSTEHZADIR
19-08-2020, 01:14

Əsassız həbs edilən memar Akif Əliyevin qardaşı ölkə başçısına, hüquq mühafizə orqanlarının rəhbərlərinə və İnsan hüquqları üzrə müvəkkil, Ombudsman Səbinə Əliyevaya ikinci dəfə müraciət ünvanlayıb.

Ovqat.com-un poçtuna göndərilən məktubu təqdim edirik.
İkinci dəfə qapınıza pənah gətirməyimə zərurət yaradan ailəmizin Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təqiblərinə, təzyiqlərinə məruz qalmasıdır. Ötən müraciətimdə qeyd etdiyim kimi icra başçısı rayonun baş memarı, sərəncamınızla “əməkdar memar” fəxri adı verdiyiniz qardaşım Akif Əliyevi hiylə işlədərək öz əvəzindən həbs etdirmiş, bacım bu haqsızlığa dözməyərək intihar etmiş, indi isə mənə hədələr göndərməyə başlamışdır. Məlumat üçün bir daha bildirirəm ki, qardaşım Akif Əliyevin zərrə qədər günahı yoxdur və cəsarətlə demək istəyirəm ki, onun rayonda heç bir səlahiyyəti də yox idi. Başçı onun bütün səlahiyyətlərini eləcə də möhürünü, ştampını da əlindən almışdı. Başçı bütün sənədlərə memarın əvəzindən imza atır, möhür vurur və açıq-aşkar pul yığırdı. Qardaşım Akif isə çox vaxtlar işə də getmirdi.
Bir daha xatırladıram ki, bu ilin iyun ayında daxil olmuş çoxsaylı məlumatlar əsasında Respublika Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların müraciətləri araşdırılarkən müraciətlərdə göstərilən faktların böyük əksəriyyəti öz təsdiqini tapmışdır. Məlum olmuşdur ki, Abşeron rayonunun İcra Başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən, bacısı oğlu Babək, yaxın qohumları Şamil, Cəfər rayonda baş alıb gedən rüşvətxorluğa, talançılığa rəvac verir, başçının pul yığanları kimi tanınırlar.
Deyilənləri təsdiq etmək üçün onlarla insan işaparan müstəntiq tərəfindən qəbul edilmiş, onlar icra başçısının adları çəkilən qardaşının yaxın qohumlarının üzünə dirənməyə hazır olduqlarını bildirsələr də müstəntiq onları dindirməmiş, onlardan izahat alıb rəsmiləşdirməmişdir. İcra başçısı İradə Gülməmmədova vəziyyətin dramatik hal aldığını, özünün qardaşının və yaxın qohumlarının həbslə üz-üzə qaldığını görərək baş memardan təkidlə xahiş edir ki, sən həbsinə razılıq ver, narahat olma, mən səni 10 gün müddətinə azadlığa çıxaracam. Qardaşım onunla razılaşmasa da onun üzünə dirənən, əleyhinə ifadə verən olmasa da qardaşım heç bir əsas olmadan qondarma ittihamlarla həbs edilmişdir və hazırda Kürdəxanı təcridxanasında İradə Gülməmmədovanın əvəzindən cəza çəkir.
Hörmətli cənab Prezident, icra başçısı İradə Gülməmmədovanın hiyləsi və ssenarisi ilə həbs edilən Akif Əliyev tutulanda başçının bacısı oğlu Babək də həbs edilmişdi və ona qarşı irəli sürülən ittihamları etiraf etmişdir. Lakin başçının səyləri nəticəsində Babək azadlığa çıxmış, qardaşım Akif isə bu ilin iyun ayının 23-dən həbsdədir.
Hörmətli cənab Prezident, bu gün Sizin rüşvətxorluğa, talançılığa qarşı apardığınız amansız mübarizəni xalqımız ürəkdən alqışlayır. Bu siyasətiniz Sizə ucalıq gətirir və ümumxalq məhəbbəti qazandırır. Millətimizin ümumi qənaəti belədir ki, sözün indiki mənasında bu gün Sizi əvəz edən lider yoxdur. Siz hər bir Azərbaycan vətəndaşının prezidentisiniz. Yaranmış şəraitdən istifadə edərək onu da qeyd etməyi zəruri sayıram ki, rüşvətxorluğuna və talançılığına görə artıq qara maskalıların icra başçısı İradə Gülməmmədovanın da qapısını döyməyinin zamanıdır.
Ümidvar olduğumuzu bildiririk ki, Ombudsman Səbinə xanım Əliyeva öz vəzifə səlahiyyətlərindən istifadə edərək haqsız həbs edilən memar Akif Əliyevlə həbsxanada görüşəcək, onunla fərdi söhbət edəcək və onun azadlığa qovuşması üçün müvafiq orqanlar qarşısında vəsatət qaldıracaqdır.
Hörmətli cənab Prezident, bu məktubu xüsusi nəzarətə götürməyinizi, Akif Əliyevə qarşı irəli sürülən ittihamların yenidən araşdırılmasına və ədalətli qərar çıxarılmasına göstəriş verməyinizi ikinci dəfə səmimi qəlbdən xahiş edirəm. Bir daha ümidvaram ki, heç kimdən əsirgəmədiyiniz köməkliyinizi bizdən də əsirgəməyəcəksiniz, ədalət şər üzərində zəfər çalacaq.
Qoy, Ulu Yaradanımız Sizi daim hifz etsin, xalqımızın xoşbəxt gələcəyi və məmləkətimizin daha da tərəqqisi naminə Sizə əbədi cansağlığı bəxş etsin, kölgənizi başımızın üstündən əskik etməsin – Amin!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.