SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Eldar Həsənov, Əli Həsənov, Abbas Abbasov, “Quska” və...daha kimlər? - Sensasion şəbəkə

Eldar Həsənov, Əli Həsənov, Abbas Abbasov, “Quska” və...daha kimlər? - Sensasion şəbəkə

Tarix:

17-08-2020, 11:47

/ 1 440 dəfə oxundu.
Eldar Həsənov, Əli Həsənov, Abbas Abbasov, “Quska” və...daha kimlər? - Sensasion şəbəkə

Heydər Əliyevin komandasının ambisioz fiqurlarından biri - səfir Eldar Həsənov Serbiyadan ayağı ilə gətirələrək qandallandı. Bu həbs qərarı bir günün, bir ilin işi deyil, dərinə getmək, keçmişə boylanmaq lazımdır. Niyə E.Həsənov, nə üçün, nə etmişdi...

Yada salır ki, 2000-ci ildə danlanaraq baş prokuror kimi böyük postdan uzaqlaşdırmaqla Eldar Həsənov mövcud hakimiyyətə olan qisasçılıq fəaliyyətini düz 20 il davam etdirə bildi. Yəni, səfir göndərilməsini (siyasi sürgün) heç cür həzm etmirdi.

Söylənə bilər ki, onun iqtidarın yüksək eşelonuna qarşı fəaliyyəti təsbit olunmuşdusa, nə üçün bu günə qədər göz yumulurdu. Məsələnin mürəkkəbliyi də ondan ibarətdir ki, köhnə qvardiyanın ağır artilleriyalarından biri olan E.Həsənovu vəzifəsiz qoymaq istəmirdilər.
Bu, onun daha iri çaplı hücumlara keçmək, gizli şəkildə apardığı işin daha da böyüməsinə səbəb ola bilərdi. Çünki incik məmur sıradan kadr deyildi və böyük ambisiyaları, hakimiyyətdə daha yüksək vəzifə tutmaq arzuları varıydı.

Məsələn, bir zamanlar Eldar Həsənov MTN rəhbəri, sonra Baş nazir olmaq xəyalına düşmüşdü. Amma onu yaxına buraxmadılar, bu, cəza idi.

Getdikcə hikkəsi artan sabiq baş prokuror öz nüfuzu, çevrəsi və resursları hesabına iqtidar əleyhinə samizdat işini gücləndirməyə başladı.

Bu həbsin dərinliyinə nəzər yetirəndə 2003 hadisələrini də unutmaq olmaz. Bəli, E.Həsənov o zaman müxalifətin hakimiyyətə gəlməsinə gizli dəstəyini vermiş, bəzi tənqidçi qəzetləri yemləmişdi.

Odur ki, səfir Serbiyadan gətirilib niyə həbsə göndərildi demək üçün son 20 ilə baxmaq vacibdir.

İkincisi, Eldar Həsənovun Təhlükəsizlik Şurasının katibi, keçmiş daxili işlər naziri Ramil Usubovla münasibətləri yaxşı olmasa da, (serb rəsmilərlə görüşdə yan-yana oturmuşdular - müəllif) köhnə qvardiya üzvüydü, Ramiz Mehdiyev klanı ilə əlaqələri mehriban-düşmənçilik idi.

Amma onun son illərdəki fəaliyyəti artıq bağışlanmaz həddə çatmışdı və bir gün sonra həbs ediləcəyini bilmədən Bakıya gəlir, rəsmi görüşdə iştirak edilir və barəsində cinayət işi açılır.

Əslində, onun aldadıldığını, ya da ələ keçməsinin çətinliyini söyləmək absurddur. E.Həsənov daha əvvəllər də Bakıya gəlib - gedib, onda tutardılar, habelə, istəsələr Belqraddan ekstradisiya oluna bilərdi. Sadəcə, hər şey Xarici İşlər Nazirliyindəki həbslər və prezidentin bəzi səfir-diplomatların dövlətə, vətənə xəyanət etdiyini söyləməsindən sonra baş verdi. Nəticədə ilk kəlləsi gedən E.Həsənov oldu.

Heç də istisna olunmur ki, neçə-neçə səfirlər olduqları ölkədə siyasi sığınacaq istəyəcək, konsulluq əməkdaşları qaçıb gizlənəcək, həmçinin daha neçə səfir həbs olunaraq Bakıya gətiriləcək. Çünki xəyanətkar şəbəkənin miqyası böyükdür və E.Həsənovla məhdudlaşa bilməz. Xəyanətkar şəbəkə demişkən, sabiq baş prokurorla yanaşı hakimiyyət əleyhinə oxşar dəstəyi digər sabiqlər də verib.

Almaniyada sığınacaq almış keçmiş deputat Hüseyn Abdullayevin (Quska) Türkiyədə tutularaq gətirilməsindən sonra verdiyi ifadələrdə oradakı yutuberlərə, söyüşcül bloqerlərə maliyyə dəstəyi verdiyini etiraf etdiyi bildirilir.

Bəzi kluarlarda, qeyri-rəsmi söhbətlərdə səslənən iddialara görə, prezidentin keçmiş köməkçisi Əli Həsənov da iqtidar rəhbərinə qarşı xaricdən söyüş, təhqir püskürən mühacir şəbəkənin əsas dayaqlarından olub.

Elə bunun nəticəsidir ki, prezident onu işdən azad edəndə heç qəbula çağırıb göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirmədi. Eynilə Eldar Həsənovun da Serbiyada otura-otura həm kəlbəcərlilərə, həm mühacirlərə, simvolik olaraq “söyüş müxalifəti” adlanan virtual fəallara maliyyə səstəyi göstərdiyi iddiaları yer almaqdadır. Ona görə də E.Həsənovun həbsinin real motivinin səfirlikdəki maliyyə maxinasiyaları ilə bağlı olması az səbəbdir.
Düzdür, ona verilən rəsmi ittihamlar sırf maliyyə yeyintiləridir. Ancaq barmağını qatlayın, görək hansı korrupsiya yoxdur?!

Sadəcə, 2000-ci ildən iqtidara qarşı əlindən gələn pisliyi əsgirməyən, siyasi iddiaları olan, 2003-də istəyinə nail ola bilmədikdən sonra axır illərdə mühacir şəbəkəni prezident İlham Əliyevə qarşı təşkilatlandıran E.Həsənovun gec-tez dörd divarlıq hücrəyə salınacağı gözlənilən idi.

Əslində prezidentin sabiq köməkçisi Əli Həsənovun da həbs ehtimalı yüksək idi. Amma onun bütün maliyyə rıçaqlarının əlindən alınması ilə tam tərki-silah ediblər, səksəkə içində yaşamaqdadır.

Bəli, hakimiyyət rəsmilərinin leksikonundan düşməyən “xaricdəki bəzi dairələr”, “5-ci kolon”, “xəyanətkar şəbəkə” və s. adlandırdığı qüvvələr deyərkən təkcə Avropadakı təsisatlar, fondlar, Avropa Parlamentində və AŞ PA-dakı deputatlar deyil, həm də hakimiyyətdən küskün, intiqam və revanş hissi ilə yaşayan sabiqlərdən söhbət gedir.
Və bu keçmiş məmurların başında Baş nazirin sabiq müavini Abbas Abbasovun da olduğunu qeyd etməliyik.

Onun 2013-də “Milyarderlər ittifaqı”nı yaratması, üstəlik, Eldar Həsənovla yaxşı münasibətləri gözdən qaçırıla bilməz.

Çox maraqlıdır ki, 2019-ci ildə də E.Həsənovun adı ölkəni qarışdırmaqda hallanırdı.
Ötən il SOCAR əməkdaşlarının üzərinə hücum çəkənlərin heç də hamısının Qarabağ qaziləri olmadığı üzə çıxmışdı.

Media yazırdı ki, “saxta qazilər”in adı ilə Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin kökü Rusiyaya bağlanır. Rusiyanın bu təxribatını isə Azərbaycana tanınmış bir fiqur ötürür!
Bu, əslən Kəlbəcərdən olan, Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdur.

Ən nəhayət, prezident İlham Əliyevin iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söylədiyi fikirləri xatırlamaq yerinə düşür:

“Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var.

Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir.

Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər.

Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik”. (anaXeber.info)

Şərhlər

XƏBƏR LENTİ