SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Sabiq nazir oğurladıqlarını, yoxsa özünü qurban verəcək? - GƏLİŞMƏ

Sabiq nazir oğurladıqlarını, yoxsa özünü qurban verəcək? - GƏLİŞMƏ

Tarix:

2-07-2020, 09:56

/ 1 209 dəfə oxundu.
Sabiq nazir oğurladıqlarını, yoxsa özünü qurban verəcək? - GƏLİŞMƏ

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev səksəkəli günlərini sayır. Onun pul “qırdığı”, qırtdığı günlər geridə qalıb. İndi sabiq nazir məhşər ayağındadır. Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən ayrılan və uzun illər həzm-rabedən keçirilən 10 milyonlarla büdcə pulunun hara, kimlərin cibinə axmasının hesabatı verilməlidir. Qarayevin ağ günləri geridə qalıb, qara günlər isə qabaqdadır. Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi əməliyyatından sonra Əbülfəs Qarayev açıq-aşkar müqavimət göstərir, kabinetini əldən vermək istəmirdi. Halbuki Mədəniyyət Nazirliyindəki böyük korrupsiya faktlarının videosübutları ortalıqda idi. Beləcə, Əbülfəs Qarayev nəhsliyi 13 gün davam etdi. Mayın 21-də Prezidentin sərəncamı ilə mədəniyyət naziri postundan uzaqlaşıdırıldı. Əbülfəs Qarayevin müavininin, həmçinin idarə rəisinin həbsi sabiq nazirin məsuliyyət məsələsini gündəmə gətirib və bu gün də, üstündən 1 aydan artıq müddət ötməsinə baxmayaraq aktuallığını itirməyib.

Yada salaq ki, həbs edilən nazir müavini Rafiq Bayramovla idarə rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. Rafiq Bayramov uzun illər Əbülfəs Qarayevin digər nazirlikdə köməkçisi olub. Sabiq nazirin Cinayət Məcəlləsinin 314-cü - səhlənkarlıq maddəsi ilə istintaqa cəlb oluna biləcəyi xəbəri də var. Bu maddədə səhlənkarlıq - işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquq şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir. Bu arada unikal.org Mədəniyyət Nazirliyində yoxlama aparılması barədə xəbər yayıb. Məlumatda bildirilir ki, Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir. Qeyd edək ki, bir il bundan öncə Hesablama Palatası nazirlikdə yoxlama aparıb. Əslində DTX-nın Mədəniyyət Nazirliyində aşkarladığı bəzi korrupsiya faktları Əbülfəs Qarayevin mədəniyyət sahəsinə ayrılan pulları necə taladağı haqda müəyyən təəssürat yaradırdı.

DTX-nın məlum əməliyyatından əvvəl də kino sahəsinə ayrılan vəsaitlərin talanması haqda çox ciddi iddialar səsləndirilirdi. Elə 2 il əvvəl maliyyə naziri Samir Şərifov bu xüsusda parlament tribunasından çıxış etmişdi.

Həmin dövrdə çıxışın Mədəniyyət Nazirliyində yaratdığı təlaş aydın sezilirdi. Müxtəlif media quruluşlarında Əbülfəs Qarayevin kino sahəsinə aid səhifə-səhifə yazıları çap olunurdu. O dövrdə nazir olan Əbülfəs Qarayev maliyyə nazirinə birbaşa da olmasa dolayısı ilə cavab vermə həvəsini gizlətmirdi. Maliyyə nazirinin o günlərdə dediklərindən sitat:

“Son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq. Halbuki əvvəllər bu istiqamətdə ildə 8 milyon manata yaxın vəsait ayrılırdı. Mən də kino sənayesinin inkişafının tərəfdarıyam. Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada keyfiyyətyönümlü dəyişiklik baş verməlidir. İndi deyirlər ki, 1 milyon 500 min manata kino çəkmək çətindir. Amma çəkilir. Burada bir sistem olmalıdır. Dövlət büdcəsinin ehtiyat imkanları var. Daha səmərəli mexanizm yaradılarsa, bu, yüksək keyfiyyətə malik kino əsərlərinin ortaya çıxmasına xidmət edəcək bir proqramın ərsəyə gəlməsi ilə nəticələnməlidir. Son 1-2 ildə özəl sektor tərəfindən bir neçə kino əsəri ərsəyə gətirilib. Bu da onu göstərir ki, söhbət təkcə puldan getmir”, - deyə nazir qeyd etmişdi.

Samir Şərifov dolayısı ilə kino sahəsinə ayrılan milyonların hər il mənimsənildiyinə işarə etmişdi.

Əbülfəs Qarayevin mətbuat səhifələrində yazdıqları isə hər il ayrılan pulların hansı kinoların çəkilməsinə xərcləndiyinə aydınlıq gətirmirdi. Bu izahatlar kino çəkilişi üçün hər il büdcədən ayrılan kifayət qədər böyük məbləğin - 8 milyon manatın birdən-birə 6 milyon 500 min manat “qayçılanması”nın əsassız olmasını sübuta yetirmək gücündə deyildi. Çünki illik ayrılan 8 milyon manatın qarşısında ortada baxımlı filmlər demək olar ki, yox dərəcəsindədir. Belə bir halda büdcədən hər il 8 milyon manatın bu istiqamətdə xərclənməsini də hökümətdəkilər mənasız xərclər hesab etmişdilər.

Əbülfəs Qarayev baş verənlərdən özünü kənar tutması, xəbərsiz göstərməsi də çətin ki, veriləcək qərarlara təsir etsin. Həbsə alınan müavini Rafiq Yasin oğlu Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir İmran oğlu Sultanovun DTX kameraları qarşısında etirafları Əbülfəs Qarayevi də “içəri” aparmaq gücündədir. “Otkat”ların nazir kabinetindən idarə olunmasını sübut etmək də elə də çətin görünmür...

İttihama görə, Əbülfəs Qarayevin tutulan müavini və idarə rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nazirliyin vəzifəli şəxslərindən müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə məsuliyyətə cəlb ediliblər. Hazırda istintaq davam edir. Əbülfəs Qarayev üçün hazırda iki yol var - ya illərlə büdcədən çəkilən milyonları xaricdəki hesablardan geriyə dövr edib azadlıqda qalmaq, mümkün olmayacaqsa, müavinin kamerasını onunla bölüşüb, böyük biznesi “içəri”dən idarə etmək. Seçim sabiq nazirindir. Çəkilməyən, pulu mənimsənilən kino ssenarisinə bənzəsə də, reallıq belə görünür.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ