SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Büdcə qatili olan məmurlara qarşı SƏRT CƏZALAR GƏLİR... - Hədəfdə təkcə icra başçıları deyil...

Büdcə qatili olan məmurlara qarşı SƏRT CƏZALAR GƏLİR... - Hədəfdə təkcə icra başçıları deyil...

Tarix:

23-12-2019, 11:03

/ 1 327 dəfə oxundu.
Büdcə qatili olan məmurlara qarşı SƏRT CƏZALAR GƏLİR... - Hədəfdə təkcə icra başçıları deyil...

Xəbər verdiyimiz kimi, dekabrın 19-da Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə həyata keçiriləcək tədbirlərlə bağlı müşavirə keçirilib.

Ölkə başçısı çıxışında icra başçılarına xəbərdarlıq edərək onlara müəyyən mesajlar verib.

“Əvvəlki dövrlərdə həm mərkəzi, həm də yerli icra orqanları tərəfindən subsidiyalarla bağlı böyük pozuntular var idi. Buna son qoyulur və son qoyulmalıdır. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır, o cümlədən ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq”,-deyə Prezident bildirib.

Prezidentin tapşırıqlarına əməl etməyən, sakinləri incidən “balaca padşah”lara qarşı artıq mexanizmi işə düşüb. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov və digər bir neçə vəzifəli şəxslər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Nizaməddin Quliyevin, müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan əlavə Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun da vəzifədə olduğu müddətdə nöqsanlara yol verdiyinə dair şübhələr yaranıb. Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilərək saxlanılıb. Hesab olunur ki, icra başçılarının vəzifədə olduqları zaman yol verdikləri nöqsanlara görə saxlanılması digər rayon rəhbərləri üçün də ciddi xəbərdarlıqdır.

Xəbərdarlıq mesajından sonra icra başçılarını nə gözləyir? İcra başçıları niyə tapşırıqlardan nəticə çıxarmır?

İddia olunur ki, sözügedən icra başçılarının arxasında yüksək çinli məmurlar dayanır. Məlumdur ki, bir sıra rayon rəhbərlərin nazir və ya digər yüksək post sahibi olan məmurlarla yaxın qohumluq əlaqələri mövcuddur. Hesab olunur ki, onlar məhz həmin məmurun maraqlarını yerinə yetirir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə açıqlamasında icra başçılarının fəaliyyətini tənqid edib. O hesab edir ki, icra başçıları “ailə mafiyası” yaradıblar:

“Son həbslərin və cəza tədbirlərinin təkcə korrupsiya ilə bağlı olduğunu demək olmaz. Ola bilsin ki, daxildə islahatlara qarşı çıxan qüvvələr var. Hesab edirəm ki, bu həmin qüvvələrdir. Bu adamlarının Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılması göstərir ki, burada başqa səbəblər də var. Onlar təkcə korrupsiya ilə məşğul olmur, görünür, aparılan dəyişikliklərə maneə törətmək istəyirmişlər.

İstintaqda bir ərazi prinsipi var. Cinayət harada baş veribsə, məhbuslar da orada saxlanılmalıdır. Amma adamları Bakıya gətiriblər. Bu da onu göstərir ki, bu, ümumrespublika əhəmiyyətli proses şəklində gedəcək. Yəni onların əlaqələri, kimlərlə necə münasibət saxlayıblar, nə işlərlə məşğul olublar, hamısı araşdırılacaq. Qənaətim budur ki, bunun arxasında dövlətə, hakimiyyətə qarşı olan kampaniya üzə çıxacaq. Məsələn, həbs olunan icra başçısının bir oğlu Korrupsiyaya qarşı Mübarizə İdarəsində işləyir, digər oğlu hakimdir. Tayfasında yəqin ki, yüzlərlə dövlət məmuru var. Yəni hakimiyyət üçün bu qədər “şöhrətli” olan bir adamın belə biabırçı şəkildə həbs edilməsi göstərir ki, burada başqa motiv var. Bu adamlar Prezidentə qarşı müqavimət göstərən qüvvələrdəndir. Ona görə də Bakıya gətirilib və istintaqın gedişində yəqin ki, əlbir olduqları adamlar üzə çıxarılacaq. Bunlar bir şəbəkədir və hakimiyyətə qarşı mübarizəyə başlayıblar. Bu mübarizədə cəmiyyət İlham Əliyevin yanında olmalıdır. Biz Azərbaycanı ancaq bu cür xilas edə bilərik”.

Tanınmış jurnalist Azər Həsrət isə hesab edir ki, icra başçılarının təqdimatını Prezidentə verən şəxslər araşdırılmalıdır: “Ümumiyyətlə, bu adamları anlamaq çox çətindir. Çünki cənab Prezident onlara çox böyük etimad göstərir. Amma təəssüflər olsun ki, o adamlar işə çıxan kimi xalqın “dərisini soymağa” başlayırlar. Açığı, bu təfəkkürü anlamaq çox çətindir. Bunun izahını tapa bilmirəm. Görünür bunların vicdanında, genində, qanında bir problem var. Bunu etmək üçün insan çağdaş dəyərlərdən xəbərsiz, anormal düşüncədə olmalıdır. Digər tərəfdən, maraqlıdır ki, bu cür adamların namizədliyini Prezidentə kim təqdim edir? Bilirik ki, Prezident ona təklif olunan namizədlərin arasından seçim edib vəzifəyə təyin edir. Bu adamların Prezidentin masasına qədər gedib çıxmasına vasitəçi olanları tapmaq lazımdır. Düşünürəm ki, problemlər təkcə icra başçılarında deyil. Arada vasitəçi olan adamları da araşdırmaq lazımdır. Çünki yəqin problem o vasitəçi olan adamdadır”.

Şərhlər

XƏBƏR LENTİ