SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İcra başçısını həbsə aparan yol – niyə o və niyə indi...

İcra başçısını həbsə aparan yol – niyə o və niyə indi...

Tarix:

20-12-2019, 17:21

/ 1 752 dəfə oxundu.
İcra başçısını həbsə aparan yol – niyə o və niyə indi...

Ölkənin qərbindəki, paytaxtdan 470 kilometr uzaqlıqda yerləşən balaca bir rayonun icra başçısının və komandasının həbsi seçkilərə köklənmək istəyən fəal kəsimin diqqətinin “yayındırdı”. Əvvəllər bir idarə müdiri və ya daha xırda məmur həbs ediləndə həmin xəbərlərə sitəm edənlər çox olurdu. “Bəs, böyük korrupsionerlər, bəs “balaca padşah”lar ” deyə, haqlı görünən suallar çoxalırdı. Rəhbərlik etdiyi rayon balaca da olsa, çirkin əməlləri ilə dövlət məmuru adına böyük ləkə gətirən sabiq icra başçısının həbsinə reaksiya da tam fərqlidir. Bu, həmin həbsin videogörüntüsünə baxış sayında da özünü göstərdi. Adamlar “haqq” alanların DTX-nın qurduğu əməliyyat tələsinə düşməsindən, həbsindən necə də məmnundurlar!

Azərbaycanlılar bağışlayan, ürəyiyumşaq xalqdır. Amma bu adamlara rəhm yoxdur, çünki camaatın haqqını yeyiblər, dövlətə olan inamı sarsıdıblar...

Cəmiyyətin fərqli toplumlarında dəstək reaksiyaları olacağı məlumdur: insanlara dövlət tərəfindən verilən yardımlara belə göz dikənlərin əlləri qandallanmalı, qanun qarşısında cavab verməlidirlər.

Prezident İlham Əliyev son aylar demək olar ki, hər çıxışından xüsusən icra başçılarına xəbərdarlıq edirdi. Amma görünür, bu adamların təkcə haram tikədən boyunları yoğunlamayıb, həm də beyinləri piylənib. Bu adamlar daima gözükölgəli yaşayıblar, amma qorxu, məsuliyyət hisslərini itiriblər ki, Prezidentin xəbərdarlıqlarına baxmayaraq, bu cür əməllərini davam etdiriblər. Ən maraqlı sual da burda ortaya çıxır: niyə?

Yəni bu təcrübəli “qanunsuz oğrular” bilməyiblər ki, onların bu cür bazar adamına çevrilmələri gec-tez ifşa oluna bilər. Axı, hakimiyyətdə, idarəetmədə baş vermiş dəyişiklikləri ilk əvvəl məmur təbəqəsi, həm də bir neçə mənbədən öyrənirlər. Gecələr bağ evlərində toplaşıb təkcə “Barselona”-“Real” derbisini “müzakirə etmirlər”, həm də bu kimi məsələlərdən danışırlar axı...

Təcrübəli dövlət adamı, 16 il Prezident Administrasiyasına rəhbərlik etmiş, AMEA-nın prezident Ramiz Mehdiyevin bu günlərdə bir kitabından verilmiş bəzi sitatlar indi təcridxanada boz divarlara baxan sabiq icra başçısı və müavini üçün son yerin hara olduğunu əslində, göstərmişdi. Yox, hörmətli akademik həbsxana barədə yazmamışdı, amma...

R.Mehdiyev İlham Əliyev 2003-cü ildə prezident seçiləndə onun hansı komandaya rəhbərlik etdiyini dəqiqliklə yazmış və sonra indiki şəraitlə müqayisə etmişdi: “İlham Əliyev 2003-cü ildə prezident seçiləndə onun kreativ komanda formalaşdırması tələb olunurdu. Bu o demək deyildir ki, yeni Prezident əvvəlki prezident Heydər Əliyevin kadrları ilə işləmək istəmirdi. Ağıllı dövlət başçısı bu fürsəti əldən verməz və məhz təhsilli, təcrübəli, istedadlı, xalqın həqiqi mənafelərini müdafiə edən kadrları öz tərəfinə çəkər. Buna görə də Heydər Əliyevdən sonra kim prezident olsa, onun taleyi əvvəlki dövlət başçısının kadrlarına münasibətdən asılı olacaqdı”. Bəs indi vəziyyət necədir? R.Mehdiyevə diqqət edək: “Azərbaycanda yaradılmış dövlət idarəçiliyi sistemi keyfiyyətcə yeni idarəçi kadrlar üçün nəzərdə tutulmuş, tamamilə yeni əsaslar üzərində qurulmuş vahid mexanizm olacaq.”

Beləliklə, “niyə” sualının cavab çox da uzaqda və mürəkkəb deyilmiş: çirkli əməlləri və kütbeyin qafaları ilə yeni dövrə qarşı olanlar həm də sonlarının çatdığının fərqindədirlər. O səbəbdən də kabinetdən çıxıb küçə reketçisinə, çapovulçuya çevriliblər. Tatarov necə deyirdi: “Cənab başçı, bu 1900-ü vermirdilər e, zorla aldım!”.

Seçkilər kimi mühüm bir (hətta iki) proses ərəfəsində Prezidentin həm də rayon təşkilatının sədri olan müavinin qandallanmasına, bu ifşanın xüsusi əməliyyat nəticəsində gerçəkləşməsinə razılığı da necə deyərlər, ürək istər. Prezident bu dələduzların əməllərini ifşa edib, vəzifədən hay-küysüz uzaqlaşdıra bilərdimi? Əlbəttə. Hətta həbsləri sanksiyalaşdırılıb kabinetlərindən təcridxanaya aparıla bilərdilər. Amma onların bu cür rəzil, yolkəsən kimi həbs edilməsi digərlərinə dərs olsun deyə, bu əməliyyata razılıq verilib. Həm də digər sabotajçılar, xalqın malını oğurlayanlar əməllərindən çəkilsinlər deyə.

Təkcə onlaramı? Əlbəttə, yox. Bu həm də hələ kreslosunda rahatlanmayan yeni və gənc icra başçılarına xəbərdarlıqdır. Bir dəfə vəzifə təyinatı alanda xəbərdarlıq olunub, indi isə dərs vaxtıdır...

Prezident İlham Əliyev yeniləşən komandasına-yeniliklə köhnəlik arasında var-gəl edənlərə doğru yolun hansı istiqamətdə olduğunu göstərir həm də. Yolunu azanların isə gedəcəyi yer məlum...
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ