XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...

Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...

Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...
15-11-2019, 09:14

DSMF-nin iki rayon şöbəsinin müdirləri barəsində cinayət işi başlanıb. Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə açıqlamasında bildirilib.

Açıqlamada deyilir: “Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunub.

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Dövlət Sosial Müdafiə Fondunun Saatlı və Sabirabad rayon şöbələrində güzəştli şərtlərlə yaşa görə əmək pensiyalarının təyin edilməsində qanunvericiliyin tələblərinə əməl edilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı DSMF-nin Saatlı və Sabirabad rayon şöbələrinin müdirləri Seyidrəsul Abbasov və Bayram Mikayılovun xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vətəndaşların pensiya təyinatı ilə bağlı müraciət etdikləri tarixlərdən ən çoxu 3 il əvvəl üçün pensiya təyin olunması barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Saatlı rayon şöbəsində 44 pensiya işi üzrə 102 min manat, Sabirabad rayon şöbəsində isə 31 pensiya işi üzrə 95 min manat artıq ödəməyə səbəb olan keçmiş tarixə pensiya məbləğlərini hesablamalarına dair əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən xüsusatlarla əlaqədar fakta görə həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

“Yeni Müsavat” bildirir ki, dövlət başçısı İlham Əliyev son aylar keçirdiyi müşavirə və qəbullarda korrupsiyaya qarşı mübarizə mövzusunu ön plana çəkib. Oktyabrın 15-də iqtisadi sektoru kurasya edən hökumət üzvləri ilə keçirdiyi müşavirədə prezident deyib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə iqtidarı tam qane edə bilməz. “Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər”, deyə dövlət başçısı vurğulayıb.

Həmin müşavirədə prezident indi həbslər olan sosial təminat sahəsindəki vəziyyətə də toxunmuşdu: “Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır”.

Dövlət başçısı sonrakı günlərdə-həm 30 oktyabr da, həm 12 noyabrda yeni təyin olunan icra başçıları ilə söhbətində də bu məsələni konkret qoyub. Sitat: “Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır”. Başqa bir sitata diqqətə yetirək: “Rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”.

Hiss olunur ki, dövlət başçısı İlham Əliyev korrupsiyaya qarşı mübarizəni ölkədə başladılan geniş sosial-iqtisadi islahatların, o cümlədən ciddi kadr dəyişikliklərinin tərkib hissəsinə çevirmək niyyətindədir. Bu proseslərin paralel aparılması bəzi aspektlərdən riskli olsa da, ortada İlham Əliyevin iradəsi olduğu aşkar görünməkdədir. Bu səbəbdən prezidentin atdığı addımlar sayəsində, özünün dediyi kimi, “islahatlara qarşı olanlar” “özlərini yığışdırıb” , bu səbəbdən onların antikorrupsiya ilə bağlı sərt tədbirlərə müqavimət göstərmək iqtidarında deyillər.

İddialara görə, yaxın vaxtlarda daha bir sıra nazirliklərdə mənimsəməyə və korrupsiyaya bulaşmış şəxslər barəsində də ciddi tədbirlər görüləcək. Hətta korrupsiyaya yol verən idarə müdirləri, şöbə rəisləri, ayrı-ayrı məmurların həbsi gözlənilir. Onu da qeyd etmək lazımdır ki, prezidentin yerlərdə vətəndaşların mənfi hallara qarşı fəal olmaq çağırışından sonra hüquq-mühafizə orqanları vətəndaşların şikayət və müraciətlərinə xüsusi həssaslıq nümayiş etdirir.
“Yeni Müsavat”

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.