SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Sırada struktur islahatıdır: Gömrük Komitəsi ləğv olunur, bəzi nazirliklər birləşir

Sırada struktur islahatıdır: Gömrük Komitəsi ləğv olunur, bəzi nazirliklər birləşir

Tarix:

13-10-2019, 21:38

/ 1 585 dəfə oxundu.
Sırada struktur islahatıdır: Gömrük Komitəsi ləğv olunur, bəzi nazirliklər birləşir

Novruz Məmmədovun istefaya getməsi və Baş nazir postuna Əli Əsədovun təyin olunması hökumətdə aparılmalı olan struktur islahatlarını yenidən gündəmə gətirib.
İslahatların ilk proqnozu elə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi, deputat Siyavuş Novruzovdan gəlib. O, parlamentin plenar iclasında çıxışı zamanı Əli Əsədovun Baş nazir təyin olunmasından sonra islahatların sürətlənəcəyini bildirib. Hesab olunur ki, islahatlar ilk növbədə elə Nazirlər Kabinetinin tərkibində baş verəcək.
Cebhe.info-nun yazdığına görə, söhbət isə bəzi nazirliklərin və komitələrin birləşdirilməsindən gedir. Əslində bu məsələ hələ 2018-ci il prezident seçkilərindən sonra da gündəmə gəlmişdi və bunun məntiqi nəticəsi kimi hökumətin tərkibində ciddi kadr və struktur dəyişiklikləri həyata keçirilib. Amma prosesin bununla yekunlaşmayacağı dəfələrlə ən yüksək səviyyədə bəyan edilib. Yeni gözləntilər isə Nazirlər Kabinetinin tərkibində dəyişiklə bağlıdır.

Belə ki, dəyişkliyin ilk növbədə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi ilə bağlı olacağı iddia olunur. İddialara görə, Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilib Vergilər Nazirliyinə birləşdiriləcək. Hətta bu prosesin bu ilin sonuna qədər qərar başa çatacağı da deyilir.

Prosesin gedişinə gəlincə, əvvəl ƏDV-nin (Əlavə Dəyər Vergisi) toplanmasının Gömrük Komitəsindən alınaraq Vergilər Nazirliyinə veriləcəyi, bu qərardan bir müddət sonra Gömrük Komitəsinin ayrıca qurum kimi ləğv edilib Vergilər Nazirliyinə birləşdiriləcəyi gözlənilir.

Nəzərə alsaq ki, nazirlik və dövlət qurumları dərhal ləğv edilmir, əvvəl səlahiyyətləri alınır və sonra qərar verilir, bu, daha məntiqli görünür. Gömrük Komitəsi ilə bağlı şikayətlərin həddindən artıq çox olduğunu nəzərə alsaq, bu iddiaların yaxın zamanlarda gerçəkləşəcəyini demək mümkündür.



Amma dəyişikliklərin bununla yekunlaşmayacağı iddia olunur. Təhsil Nazirliyi də islahatların hədəf olacaq qurumlar siyahısında ilk yerlərdən birini tutur. Qurumun tamamilə ləğv ediləcəyi gözlənilməsə də, qurumda ciddi dəyişikliklərin olacağı istisna olunmur. Versiyalara görə, nazirliyin adı Elm və Təhsil Nazirliyi olacaq. Qeyd edək ki, bu qurumun adı müəyyən dövrlərdə bir neçə dəfə dəyişdirilib. Yəni, Azərbaycan artıq belə bir təcrübəyə sahibdir.

Belə ki, Azərbaycanda xalq maarifi və təhsili üzrə ilk nazirlik Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Xalq Maarifi və Dini Etiqad Nazirliyi adı ilə yaradılıb. Sonradan bu qurum Xalq Maarif Komissarlığı, ardınca Xalq Təhsili Nazirliyi və sonda 1993-cü ildən etibarən isə Təhsil Nazirliyi olub.

Dəyişikliklərin iqtisadiyyat sahəsini də əhatə edəcəyi deyilir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadiyyat Nazirliyinin də birləşdiriləcəyi gündəmdədir.

Yeni Baş nazir Əli Əsədovun iqtisadi sahədə ciddi dəyişikliklərə gedəcəyi ilə bağlı müxtəlif fikirlər səslənir. Struktur dəyişikləri ilə yanaşı, kadr dəyişikliklərinin də şahidi ola bilərik. Bu məsələdə isə siyahıya daha çox adı qalmaqallarda hallanan, şikayətlərin çox olduğu qurum rəhbərlərinin başçılıq edəcəyi gözləntisi var. Hər halda, hökumətin başına ixtisasca iqtisadçı olan birinin gətirilməsi və islahat anonslarının verilməsi gözləntilərin reallaşacağına inamı artırıb.

Şərhlər

XƏBƏR LENTİ