SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Biz nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır”- Prezidentin şifrəli mesajı

“Biz nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır”- Prezidentin şifrəli mesajı

Tarix:

29-03-2017, 10:17

/ 1 320 dəfə oxundu.
“Biz nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır”- Prezidentin şifrəli mesajı

İlham Əliyev Azərbaycanı təhdid edən “xarici və ideoloji risklər”dən danışdı; Dövlət başçısı Saatlıda keçirdiyi müşavirədə keçmiş SSRİ məkanında çox aktual olan siyasi sabitlik məsələsinə toxundu; bəyanat MDB ölkələrində küçələrə çıxanlardan ruhlanmış Azərbaycan müxalifətinəmi, yoxsa həm Rusiyada, həm də Belarusda hadisələri diqqətlə izləyən Qərb dairələrinəmi yönəlib...
Azərbaycan prezidenti İlham Əliyev martın 28-də Saatlıda respublika müşavirəsi keçirib.
Müşavirə pambıqçılığın inkişafına həsr olunsa da, dövlət başçısı keçmiş SSRİ məkanında çox aktual olan siyasi sabitlik məsələsinə də toxunub ki, bu da təsadüfi hesab oluna bilməz.
Çünki son bir həftədə Rusiyada və Belarusda siyasi intriqalar gözlənilmədən küçələrdə ciddi toqquşmalarla müşahidə olunan etiraz aksiyalarına çevrilib. Xüsusən şimal qonşumuz Rusiyada martın 26 və 27-də paytaxt Moskva da daxil olmaqla, yüzlərlə aksiya iştirakçısının həbs olunduğu mitinqlər hazırda bütün dünyanın diqqətindədir.
Rəsmi Bakının Azərbaycanın yaxın qonşuluğunda baş verən proseslərə daima ehtiyatlı mövqeyi başa düşüləndir. Amma bu etiraz aksiyalarının tezliklə digər MDB ölkələrinə yayıla biləcəyi ilə bağlı artıq bəzi ehtimallar səslənməkdədir. Bu səbəbdən də prezident İlham Əliyevin sosial-iqtisadi mövzulu müşavirədə ölkədəki siyasi prosesləri dəyərləndirməsi diqqət çəkir. Qeyd edək ki, prezident İlham Əliyev matın 17-dəki bayram nitqində də regiondakı siyasi gərginliyə toxunmuşdu:
“Bu gün regionumuzda, dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmalar, müharibələr, əlbəttə ki, bizi çox narahat edir. Çünki biz təcridolunmuş vəziyyətdə yaşamırıq, bizim bölgəmizdə əgər vəziyyət gərginləşirsə, risklər artırsa, əlbəttə ki, bizə də bunun mənfi təsiri ola bilər. Ona görə bizim əsas vəzifəmiz ölkəmizi, xalqımızı mövcud olan və gələcək risklərdən qorumaqdır və biz buna nail oluruq. Biz əlbəttə ki, ölkəmizdə mövcud olan təhlükəsizliyi daha da möhkəmləndirməliyik. Azərbaycanda daxili risklər, təhlükələr demək olar ki, yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq. Biz özümüzü həm fiziki risklərdən, həm mümkün olan ideoloji risklərdən qoruyuruq”.
Prezident Saatlıdakı müşavirədə bir daha deyib ki, Azərbaycanda sabitlik təmin olunur. Sitat: “Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir”. Dövlət başçısı bildirib ki, Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir. Prezidentin daha sonra səsləndirdiyi bəyanat daha çox diqqət çəkir: “Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır. Ehtimal etmək olar ki, dövlət başçısı konkret ünvan göstərməsə də, bəyanatın bir tərəfi MDB ölkələrində küçələrə çıxanlardan ruhlanmış Azərbaycan müxalifətinə yönəlib. Daha bir ehtimal isə əlbəttə ki, həm Rusiyada, həm də Belarusda hadisələri diqqətlə izləyən, həbs edilənlərin isə dərhal azadlığa buraxılmasını tələb edən Qərb dairələrinə yönəlib. Prezident əlavə edib ki, ”bu siyasət xalq tərəfindən də bəyənilir, dəstəklənir. Xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir".
Prezident müşavirədəki çıxışında müstəqilliyin ilk illərini də xatırladıb: “Bu illər çox ağır keçirdi, dərin siyasi, iqtisadi, hərbi böhran yaşanırdı. Müstəqilliyin ilk illərində hakimiyyətdə olmuş qüvvələr Azərbaycanı məhvə aparırdılar, vətəndaş müharibəsi, kütləvi itaətsizlik, dərin böhran hökm sürürdü. Sənaye, kənd təsərrüfatı demək olar ki, tamamilə dağıdılmışdı. Bizim üçün ənənəvi olan pambıqçılıq, üzümçülük məhvə doğru gedirdi”.
Dövlət başçısı iqtisadiyyatın inkişafının və əlbəttə ki, sosial-siyasi sabitliyin təminatçısı ola biləcək strateji yol xəritələrinin qəbul olunduğunu xatırladaraq pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri olduğunu bir daha vurğulayıb: “Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilib. Bu il bu rəqəm daha da böyük olacaq”.
Prezident bildirib ki, dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib: “Biz yeni iş yerləri yaratmalıyıq. Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və aşağı səviyyədə qalmalıdır. Bəzi qonşu ölkələrdə həm işsizlik artıq böhran həddinə çatır, eyni zamanda orada demoqrafik böhran yaşanır. Bizdə isə əhali artır. Əhali artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq eyni zamanda bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var”.
Prezident deyib ki, pambığın alış qiyməti keçən il 41 qəpikdən 50 qəpiyə qaldırılıb, eyni zamanda 10 qəpik subsidiya verilib: “Vətəndaşlar hər gün tarla başında öz halal pulunu alırlar. Artıq vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yaranıb. Bax, bu, çox önəmli amildir. Dövlət öz dəstəyini göstərir və göstərəcəkdir. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq və buna şübhə yoxdur”.
Dövlət başçısı sahibkarlara dəstəkdən də danışıb: “Mən hər il dəfələrlə sahibkarlarla görüşürəm, çalışıram ki, onların problemləri həll olunsun və onlar da ölkə iqtisadiyyatına daha böyük həvəslə yatırım, yəni sərmayə qoysunlar. Eyni zamanda sahibkarlara böyük maliyyə dəstəyi göstərilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər hesabına on minlərlə yeni iş yeri, yüzlərlə, minlərlə yeni müəssisə yaradılıbdır və bir sözlə, ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar açılıbdır. Məhz bunun nəticəsində bu ilin ilk iki ayında qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artmışdır. Bu, iqtisadiyyatın real sektorunun - qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafının göstəriciləridir. Çünki qeyri-neft sənayesinin inkişafı qiymətlərlə tənzimlənir. Neftin qiyməti qalxarsa, əlbəttə ki, göstərici də qalxacaq. Neftin hasilatı qalxarsa, göstərici də qalxacaq, düşərsə, düşəcək. Ona görə bu, göstərici deyil. Bizim üçün əsas göstərici qeyri-neft sektorunun və kənd təsərrüfatının göstəriciləridir. Hər iki göstərici çox müsbətdir”.
“Növbəti illərdə əsas vəzifələrdən biri qeyri-neft məhsulları ixracının artırılmasıdır” deyən dövlət başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyini vurğulayıb: “Bu da tarixi layihədir. Ancaq bizim əsas məqsədimiz qeyri-neft ixracımızı artırmaqdır. Burada təkcə pambıqçılıqdan söhbət getmir. Biz keçən il tütünçülükdə də, baramaçılıqda da ciddi dönüş yarada bilmişik. Tütün istehsalı artır. Biz artıq quru tütünün ixracı ilə də ciddi məşğuluq, kontraktlar imzalanıbdır. Üzümçülüyün inkişafı sürətlə gedir, şərab məhsullarının ixracı da artmalıdır və artıq artır. Baramaçılıq sürətlə inkişaf edir. Əgər 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük olunubsa, keçən il bu, 70 tona çatıbdır, bu il daha da yüksək rəqəm olacaq. Şəki İpək Kombinatının işi bərpa edilib. Orada da subsidiyalar verilir. Tütünçülükdə də subsidiya verilir. İndi şəkər çuğundurunun kütləvi əkini başlayıb. Bu, bizə çox lazımdır. Çünki bizim şəkər zavodumuz daha çox xaricdən gələn xammalla işləyib. Biz daha çox yerli xammalı təmin etməliyik. Bu da məşğulluq və ixrac potensialı deməkdir”.
Prezident “Made in Azerbaijan” brendinin artıq dünyaya yayıldığını söyləyib: “İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır. Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar. Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes-forumlar keçirilir, hökumət nümayəndələrinin tərkibində artıq iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar”.

Şərhlər

XƏBƏR LENTİ