Rüfət Axundov və Rəşad İlyasovun xüsusi ittiham qaydasında məhkəməyə verildiyi deyilir; ifaçılarla bağlı yeni qalmaqallar...
Bir müddət bundan əvvəl “Space TV”nin canlı efirində qeyri-etik ifadələr işlətdiyinə görə müğənnilər Rüfət Axundov və Rəşad İlyasov xüsusi ittiham qaydasında məhkəməyə verilib. Bu barədə ONA məlumat yayıb. Məlumatda bildirilir ki, müğənnilər barəsində verilən şikayətdə onların hər ikisinin Cinayət Məcəlləsinin 148 (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilib. İşin Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə araşdırılacağı bildirilir.
Məsələyə aydınlıq gətirmək üçün “Yeni Müsavat”ın əməkdaşı müğənni Rüfət Axundovla əlaqə saxlamağa çalışıb. Müğənninin Nemət adlı köməkçisi bildirib ki, yayılan məlumat yalan və əsassızdır: “Çox yanlış məlumatdır. Belə bir məhkəmə işi olsaydı xəbərimiz olardı”.
Əməkdar artist Rəşad İlyasov isə ONA saytına açıqlamasında bildirib ki, adıçəkilən məhkəmə işi “Space TV”yə aiddir:
“Mən məhkəməyə verilməmişəm. Milli Televiziya və Radio Şurasının qərarına əsasən ”Space" kanalı cərimələnib. Əgər kanal o cəriməni ödəməsə, məhkəməyə veriləcək. Bu qərar ifaçılara aid deyil".
Qeyd edək ki, prodüser Tarix Əliyev aparıcılıq etdiyi “Hər şey daxil” verilişində AzTV tərəfindən Rəşad İlyasova 6 aylıq efir qadağası qoyulduğunu bildirib. Müğənni isə mətbuata açıqlamasında son günlər səhhətində problemlər olduğu üçün bir müddət AzTV və “Mədəniyyət” kanalında yayımlanan “Yaradanlar və yaşadanlar” verilişini aparmayacağını deyib: “Son vaxtlar baş verən hadisələr mənə toxundu, səhhətim də yaxşı deyil. Buna görə də həm mən, həm də rəhbərlik belə qərara gəldik ki, bir müddət verilişi aparmayım. Vaxtını dəqiq bilmirəm, amma bir müddət aparıcılıq etməyəcəyəm”.
AzTV-dən “Yeni Müsavat”a verilən məlumata görə isə əməkdar artist Rəşad İlyasov 6 ay nəinki “Yaradanlar və yaşadanlar” verilişini aparmayacaq, eyni zamanda dövlət televiziyasının efirinə çıxmayacaq: “Bildiyiniz kimi, dövlət televiziyasında Bədii Şura yaradılıb. Qurum MTRŞ-nin qərarını gözləyirdi. Doğrudur, MTRŞ-nin qərarında Rəşad İlyasovla bağlı o qədər də neqativlik yox idi. Lakin Bədii Şura qərara gəldi ki, Rəşad İlyasov 6 ay nəinki ”Yaradanlar və yaşadanlar" verilişindən, həm də dövlət televiziyasının efirindən uzaqlaşdırılsın".
Bu arada müğənni Rüfət Axundov ötən gün “Xəzər TV”nın efirinin canlı yayımının qonağı olub. Məlum qalmaqaldan sonra ilk dəfə efirə çıxan müğənni Rəşad İlyasovla birgə qeyri-etik ifadələr işlətdiyi üçün qonaq olduğu “Hər şey daxil” verilişində tamaşaçılardan üzr istəyib: “Mən bir şeyi deyə bilərəm ki, xalqımıza görə bu yerə gəlib çıxmışıq. Xalqın gözü tərəzidir. Mənim mahnım səslənən zaman hadisə baş verib. Fonoqramın üstündə söz istifadə olunursa, burada mənim nə günahım? İndiyədək adım qalmaqallarda hallanmayıb. Səsimin üstünə səs gedirsə, bu, birbaşa montaj sayılır. MTRŞ-nin ədalətli qərarına görə təşəkkür edirəm. Əgər təqsirim varsa, üzr istəyirəm”.
Canlı yayım zamanı Rüfət Axundov mahnı oxuyub. Lakin az keçməmiş onun mahnısı yarıda kəsilib, əvəzinə reklam keçidi olub.
Məsələ ilə bağlı mətbuata açıqlama verən MTRŞ-nin Aparat rəhbəri Asəf Hacıyev qeyd edib ki, bununla bağlı dərhal tədbir görülüb və müğənni efirdən uzaqlaşdırılıb. Adıçəkilən televiziya kanalının rəhbərliyi isə bildirib ki, müğənninin efirdə olmasından xəbərsiz olub.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) “Space” TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundovun mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə etdiyini əsas gətirərək aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilib ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulsun.
Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsinin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət edib. Məhkəmənin baxış iclası Yasamal Rayon Məhkəməsində aprelin 24-nə təyin edilib.
“Yeni Müsavat”