XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » “Gənclər siqaret çəkməsinlər, içki içməsinlər...”

“Gənclər siqaret çəkməsinlər, içki içməsinlər...”

“Gənclər siqaret çəkməsinlər, içki içməsinlər...”
6-04-2018, 17:21

“Bu il Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Biz demokratik respublikanın 100 illik yubileyini il ərzində qeyd edirik və bu, cari ilin əsas hadisəsidir. Bilirsinizmi, tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb”.

Bu sözləri prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

O bildirib ki, əgər birinci demokratik respublikanın əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər, ölkəmizlə fəxr edərdilər:

"Yəni, bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır. Azərbaycan ədəbiyyatının klassiklərini oxuyanda görürsən ki, onların əsərlərində məhz bu gün aktual olan məsələlərlə bağlı fəlsəfi mövzular kifayət qədərdir. Buna görə də 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bizim üçün tarixi hadisədir. Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib. Əlbəttə, bu gün geriyə nəzər salanda birinci cümhuriyyətin banilərini minnətdarlıq hissi ilə xatırlayırıq, lakin onun aqibətindən daim ibrət dərsi almalıyıq. Bu cümhuriyyət iki ildən bir qədər az mövcud olub və biz, əlbəttə ki, bu dərsləri unutmamalıyıq. Buna görə biz bu gün Azərbaycanın müstəqilliyini, suverenliyini, iqtisadi potensialını, beynəlxalq nüfuzunu möhkəmlətmək üçün, Azərbaycanın həmişə təkcə forma etibarilə deyil, həm də mahiyyət etibarilə müstəqil olması üçün nə mümkündürsə edirik. Düşünürəm ki, əgər birinci demokratik respublikanın əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər, onlar bizim ölkəmizlə fəxr edərdilər".

Prezident "Azərbaycan tarixən həmişə təkcə Şərqin deyil, bütün dünyanın mədəni mərkəzi olub. Son onilliklərdə Qara Qarayevin, Fikrət Əmirovun musiqisini, Səttar Bəhlulzadənin, yaxud Allaha şükür indi sağ-salamat olan Tahir Salahovun rəsm əsərlərini, Anarın və ya yaxın vaxtlarda dünyasını dəyişmiş, mənim fikrimcə böyük yazıçı olan Maqsud İbrahimbəyovun ədəbi əsərlərini götürsək, bunlar hamısı dünya mədəniyyəti xəzinəsinin tərkib hissələridir və hər bir mədəni insan bu adları bilir. Sizin fikrinizcə, Azərbaycanın mədəni xəzinəsi nə dərəcədə onun məxsusi sərvətidir? Azərbaycanı bir sıra ölkələr arasında bu qədər fərqləndirən bu mədəni tərkib hissənin prioritet kimi qalması üçün nə etmək lazımdır" sualına isə belə cavab verib:

"Şübhəsiz, mədəni irsimiz bizim böyük sərvətimizdir və biz görkəmli nümayəndələrimizlə fəxr edirik. Azərbaycan əsrlər boyu dünyaya görkəmli mütəfəkkirlər, şairlər, alimlər, ictimai xadimlər bəxş edib. Bu gün bu ənənələr davam etdirilir. Buna görə də əlbəttə, Azərbaycan mədəniyyətinin korifeyləri Azərbaycanı məşhurlaşdıran insanlardır, onlar xalqımızın mədəni irsidir və biz öz mədəni irsimizə çox qayğı ilə yanaşırıq, onu qoruyuruq. Bu gün əsas vəzifə ondan ibarətdir ki, azərbaycanlıların gənc nəsli də bizim görkəmli xadimlərimizin nümunəsində, vətənpərvərlik ruhunda, öz mədəniyyətinə bağlılıq ruhunda tərbiyə olunsun. Fikrimcə, bu, gənc nəslin tərbiyəsi baxımından əsas istiqamətlərdən biridir. Gənclər əlbəttə ki, dünya üçün açıq olmalıdırlar. Lakin onlar həm də öz tarixi, mədəni köklərinə çox bağlı olmalıdırlar. Bu, Azərbaycanın və cəmiyyətimizin fasiləsiz inkişafının rəhni olacaq. Ona görə ki, güclü iqtisadiyyatı və ya güclü ordusu, güclü xarici siyasi mövqeləri olan, lakin əsasları, kökləri olmayan xalq uğurlu ola bilməz. Buna görə müasir Azərbaycan dövləti çox dərin mədəni, milli, əxlaqi köklərə, bizim, əlbəttə ki, əziz tutduğumuz dəyərlərə əsaslanır. Əlbəttə, biz fəxr edirik ki, dünyaya bu qədər çoxsaylı görkəmli mədəniyyət xadimləri bəxş etmişik".

Ölkə başçısı son illər idman yarışlarında qazandığımız uğurlardan və idmançılardan danışıb:

"Bilirsinizmi, Azərbaycan Milli Olimpiya Komitəsinə 20 ildən artıq rəhbərlik edən bir şəxs kimi deməliyəm ki, biz bu istiqamətdə çox iş görmüşük və idmanın, bizim nailiyyətlərimizin ardıcıl inkişafı əsas göstəricidir. Yəni, biz bir neçə istiqamət üzrə irəliləmişik. Bu istiqamətlərdən birincisi və ən başlıcası kütləvi idmandır. Bu, cəmiyyətin həm fiziki, həm də mənəvi sağlamlığının əsasıdır. Ona görə ki, idmançılarımız bizi təkcə qələbələrlə sevindirmir, onlar cəmiyyətdə davranış üçün yaxşı nümunələrdir, onlar çox ləyaqətli insanlardır, özlərini ləyaqətlə aparır və uşaqlar üçün yaxşı nümunədirlər. Biz bütün ölkədə Olimpiya İdman mərkəzlərinin tikintisi ilə məşğul olmağı qərara aldıq. Artıq bu gün ölkədə 43 belə mərkəz vardır və daha 4 mərkəz inşa edilməkdədir. Əlbəttə, Bakının idman infrastrukturu istənilən yarışları qəbul edə bilər, biz bunu Avropa Oyunlarında nümayiş etdirdik. Təbii ki, peşəkar idmana da böyük diqqət yetirilib və idmançılarımız bizi, əlbəttə, çox sevindirirlər və sevindirəcəklər. Bunu demək kifayətdir ki, Rio-de-Janeyroda keçirilmiş son Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan 14-cü yerdə olub. Təsəvvür edin, dünyanın 200-dən bir qədər az ölkəsi arasında medalların sayına görə 14-cü yerdə olmaq tarixi nailiyyətdir. İyirmi il bundan əvvəl bunu heç xəyalımıza gətirə bilməzdik. Biz bir, iki, üç medal arzu edirdik. Bu gün onlarca medalımız var. Bu, idmanın inkişaf göstəricisidir. Axı, idmançı əbədi yaşamır. Bu, o demək deyil ki, hansısa görkəmli idmançı filan qədər medal qazanıb. Bizdə hər il idmanın demək olar ki, bütün növləri üzrə yeni idmançılar yetişir.

Məqsədli proqramlar, çox güclü dövlət dəstəyi var və bizdə idmanın inkişafı ilə məşğul olan bütün strukturlar əlaqəli şəkildə fəaliyyət göstərir. Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri – bunlar hamısı bir komanda kimi idman nailiyyətlərinin çox olması üçün çalışırlar. Ona görə ki, bu, təkcə milli qürur mövzusu deyil, ictimai həyatın çox mühüm amilidir. Ona görə ki, bu, əhvalı yüksəldir, vətənpərvərlik hissini, öz ölkəsinə görə qürur hissini artırır. Ən başlıcası bizim çempionlar gənc nəsil üçün yaxşı nümunədir ki, gənclər siqaret çəkməsinlər, içki içməsinlər, vaxtlarını boş keçirməsinlər, idman seksiyalarına getsinlər, yüksək nəticələr qazansınlar, onda ölkə buna görə onları layiqincə qiymətləndirəcək".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.