SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Abutalıbov üçün istefa hazırlığı: - özü yox, səlahiyyətləri iflic olub

Abutalıbov üçün istefa hazırlığı: - özü yox, səlahiyyətləri iflic olub

Tarix:

17-11-2017, 09:34

/ 1 763 dəfə oxundu.
Abutalıbov üçün istefa hazırlığı: - özü yox, səlahiyyətləri iflic olub

Son günlər Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) başçısı Hacıbala Abutalıbovun tezliklə istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yenidən intensivləşib. Gələn ilin yanvarında icra başçısı təyinatının 18 ili tamam olacaq Abutalıbovun səhhətinin pisləşməsi, iflic olduğu üçün gecə ilə Almaniyaya aparılması haqda xəbərlər də bu baxımdan diqqət çəkir.
BŞİH-dən Bakı merinin beyin insultu keçirməsi ilə bağlı yayılan məlumatlara dərhal münasibət bildirərkən deyiblər ki, Abutalıbov işə çıxır və səhhəti də yaxşıdır. Sonra Abutalıbov özü də açıqlama vermək məcburiyyətində qalıb: “Mən hazırda iş başındayam. Bu dəqiqələrdə müdriklikdən müqəddəslik zirvəsinə qədər ucalmış Heydər Əliyevlə görüşüb gəlirəm. Mən nəinki şeytanı mələyə çevirmək istəyənlərə, özlərilə bacaran və talelərilə razılaşan insanlara, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm”.(modern.az)
Məlumatların kimlər tərəfindən yayılmasına gəlincə, H.Abutalıbov konkret fikir bildirməyib: “Kimliyindən asılı olmayaraq, gəlin, hamımız bir yerdə bizə alın yazısı kimi verilmiş tale ilə razılaşıb, xoşbəxt olmağı bacaraq”.
73 yaşlı BŞİH rəhbərinin səhhətində ciddi problemlər olması barədə xəbərdə bəlkə də qeyri-adi heç nə yoxdur, o səbəbdən ki, o da xəstələnə bilər. Amma bu “iflic” xəbərinin yaxın vaxtlarda iqtidarda ciddi kadr dəyişikliklərinin gözləndiyi vaxta təsadüf etməsi diqqəti yenidən Abutalıbovun gizəmli personasına yönəldir.
Sirr deyil ki, bir neçə ildir ki, Abutalıbovunun da vəzifə ilə vidalaşmış Ziya Məmmədov kimi səlahiyyətlərinin “iflici” prosesi gedir. Ən son olaraq Dövlət Reklam Agentliyinin yaradılması və BŞİH-nin milyonların dövr etdiyi reklam bazarından çıxarılması buna sübut ola bilər. Məlumdur ki, Abutalıbov reklam biznesini itirənədək də bir çox ciddi gəlir qaynaqlarından faktiki, məhrum edilmişdi. Abutalıbovun səlahiyyətləri “budandıqca” onun hakimiyyətin rəsmi media orqanlarında tənqid edilməsi faktları artıb. H.Abutalıbovun bu qədər tənqidlərə rəğmən vəzifədə qalması, iddialara görə, onun yerinə uyğun namizədin hələ ki olmamasıdır. 2001-ci ildən paytaxt təsərrüfatına rəhbərlik edən H.Abutalıbovdan narazılıq təbii ki, çoxdur. Bu, narazılıq təkcə Bakı sakinlərinin davranışlarında deyil, hakimiyyətin ən yüksək eşelonunda da nəzərə çarpmaqdadır. Abutalıbov özü də bu durumdan məmnun deyil, indi o, aylarla gözə dəymir, yalnız ara-sıra dövlət tədbirlərində görünür. Reklamı və publikanı sevən Abutalıbova indi bunun üçün şərait də yoxdur...
BŞİH postu, məlum, siyasi hakimiyyət üçün mühüm əhəmiyyət kəsb edir, baxmayaraq ki, əsasən təsərrüfat işləri ilə məşğuldur. Bakı meri olmaq istəyənlər çoxdur və bu posta indiyədək onlarla məmurun adı hallanıb. İddia olunur ki, Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarının onunla yollarını ayıracağına işarədir. Mümkündür ki, Abutalıbovun işdən uzaqlaşdırılmasını tezləşdirmək istəyənlər, onun postuna can atanlar da bu xəbərin yayılmasında maraqlı olsunlar. Ancaq reallıq budur ki, Abutalıbov artıq Bakını əvvəlki kimi idarəetmə gücündə deyil və onun təqaüdə göndərəcəklər.
Qeyd edək ki, iddialara görə, ilin sonunda həm Bakının və bir neçə rayonun, eləcə də əyalət icra başçılarının bəzilərinin dəyişdirəcək. Prezident Administrasiyasında aparılan islahatlar, Nazirlər Kabinetində bir neçə şöbənin ixtisar olunması, bəzi şöbə müdirlərinin yaş həddinə görə işdən çıxarılmasından sonra sıra yerli icra hakimiyyətlərinə çatıb. Məlumatlara görə, Yeni ilin ilk yanvar müşavirəsinədək təkcə icra başçıları deyil, hətta bir neçə nazir və komitə sədri də dəyişdiriləcək.
Sonda. Bir neçə il əvvəl Abutalıbov mediaya açıqlamasında ölümdən qorxmadığını deyərək, əsas qorxusunun futbol üzrə dünya çempionatına baxa bilməyəcəyinin olduğunu demişdi. Hadisələrin gedişi göstərir ki, Abutalıbov yaxınlaşmaqda olan dünya çempionatına rahat baxmağa hazırlaşa bilər.

“YM”

Şərhlər

XƏBƏR LENTİ