SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Qaçan avtoritetlər işində tutulan bacıoğluya görə generalın başı dərddə

Qaçan avtoritetlər işində tutulan bacıoğluya görə generalın başı dərddə

Tarix:

25-10-2017, 09:57

/ 60 621 dəfə oxundu.
Qaçan avtoritetlər işində tutulan bacıoğluya görə generalın başı dərddə

Bakıda məhbusların qaçması faktı ilə bağlı istintaqa cəlb edilən şəxslərdən biri - qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğlu imiş.
Həbs edilən bacısı oğluna görə generalın başı dərddədir. H.Əlixanovun vəzifəsindən çıxarılması təhlükəsi var.
İstintaqa cəlb edilən digər şəxslər qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovdur. Hər üç şəxsin hazırda Nərimanov Rayon Polis İdarəsində saxlanıldığı bildirilir.
Bundan başqa, hadisə zamanı qatarda olan Penitensiar Xidmətin bir neçə əməkdaşı isə hazırda dindirilir.
Generalın bu hadisədən sonra vəzifədə qalıb-qalmayacağı sual altındadır. İşin gedişatından asılı olaraq qərar qəbul ediləcəyi deyilir.
Penitensiar Xidmətin rəis müavini bacısı oğlunu bu hadisədən qurtarmaq üçün səfərbər olunduğu da söylənir.
Mənbənin qeydlərinə görə, H.Əlixanovun məsuliyyət daşıdığı bu işin detalları araşdırılır. Onun və bacısı oğlunun məhkumların qaçışı işində hansı boşluqlara, səhvlərə yol verdikləri araşdırılır.
Generalın işindən nöqsanlar aşkarlana və vəzifəsindən azad oluna bilər. Hazırda işi incə tükdən asılı qalan ədliyyə generalının vəziyyəti olduqca ağırdır.
Qeyd edək ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar.
Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.
Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.
H.Əlixanovun dindirilməsi gözlənilir. Ümumiyyətlə, onun adı türmələrdə bazar açmaqda tez-tez hallanır.
Mədət Quliyevin gedişindən sonra “kalon”larda özbaşınalıq, rüşvətxorluq, dərəbəylik və qanunsuzluq hökm sürür, ölüm və işgəncə halları durmadan artdığı deyilir.
Bir müddət qabaq “Gündəm-Xəbər” yazmışdı ki, cəzaçəkmə müəssisələrində ticarət köşklərinə ərzaq bazadan verilirdi. H.Əlixanovdan sonra ticarət köşkləri müəssisələrə verilib. Nəticədə müəssisə rəhbərlərinə həvalə edilib.
Əslən qubalı olan Penitensiar Xidmətin rəis müavini doğma Yerfi kəndində, o cümlədən varlıların villaları yerləşən Qəçreş massivində özünə malikanələr ucaldıb. Generalın 6-cı mikrorayonda özünə şah sarayı tikdirdiyi bildirilir.
Penitensiar Xidmətdə uzun illərdir çalışan generalın öz vəzifə səlahiyyətlərindən istifadə edərək qazandığı geniş maliyyə imkanları villalarının sayını artırmağa şərait yaradıb.
H.Əlixanovun dustaqlara çatan ərzaqların paylanmasında, cəzaçəkmə müəssisələrinin təmir-bərpası işlərində, ayrılan vəsaitlərin xərclənməsində, dustaqlardan qeyri-rəsmi ödənişlər alınmasında (telefonla danışmaq, şəraitli kameralara yerləşdirilmək və s.) maxinasiyalara yol verdiyi, bu Xidmətdəki korrupsiyalaşmış şəbəkədə yer aldığı da iddia olunur.
Məhbus təsərrüfat briqadasında qalıb cəza çəkmək və işləmək istəyirsə, əvvəlcədən 500-1000 manat və hər ay 150-200 manat ödəməlidir.
Təsərrüfat briqadasında və Tibbi hissədə qalmağa yalnız imkanlı şəxslər nail ola bilir. Bunun üçün onlar əvvəlcədən 3000-5000 manat, sonradan isə hər ay 500 manat aylıq ödəmə həyata keçirilər.
Həbsxanalarda 2-4 nəfərlik “burjuy xata”ların aylıq qiyməti 1500-2000 manatdır. Kamerada yemək qızdırmaq üçün plitənin olması üçün isə hər məhbus 50 manat ödəyir

Şərhlər

XƏBƏR LENTİ