SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Mehman Əliyevə Azadlıq Komitəsi”nin İşçi Qrupu ilk iclasını keçirdi

“Mehman Əliyevə Azadlıq Komitəsi”nin İşçi Qrupu ilk iclasını keçirdi

Tarix:

7-09-2017, 23:04

/ 102 536 dəfə oxundu.
“Mehman Əliyevə Azadlıq Komitəsi”nin İşçi Qrupu ilk iclasını keçirdi

İşçi Qrup həftədə bir dəfə toplanma qərarı verdi
Bu gün saat 15.00-da Müsavat Partiyasının qərargahında “Mehman Əliyevə Azadlıq Komitəsi”nin ilk iclası öz işinə başlayıb. İclasda Mehman Əliyevin həbsindən sonra yaranan vəziyyət, qarşıda duran əsas məsələlər və problemlər haqqında müzakirələr aparılıb, müxtəlif fikirlər və təkliflər səslənib. Komitənin işini necə qurması, hansı prinsiplərə əsaslanması haqqında ətraflı söhbət olunub. Qərara gəlinib ki, Komitə yalnız Mehman Əliyevi yox, həm də artıq sayı 200-ə yaxınlaşan siyasi və vicdan məhbuslarının hamısını müdafiə etsin və Mehman Əliyevin müdafiəsi də bu istiqamətdə aparılsın. Beynəlxalq təşkilatların, azərbaycanlıların ölkədən kənarda müdafiə işlərinin qurulması da müzakirə olunub və xaricdə fəaliyyət göstərən Azərbaycan diasporasının nümayəndələrinə hər cür dəstək olunması qərarlaşdırılıb. Xüsusilə, Avropada fəaliyyət göstərən “Müsavat AKM”-in Komitəyə etdiyi Mehman Əliyevi dəstəkləmək və Avropanın müxtəlif ölkələrində mitinq və piketlərə başlamaq haqqındakı müraciətinə müsbət yanaşılıb və qeyd olunan quruma belə bir mandat verilməsində problem olmadığı qənaətinə gəlinib.
Mitinq müzakirələrinə başlanacaq, sərgi təşkil olunacaq
Komitənin bugünkü iclasında ən müxtəlif təkliflər səsləndirilib. Bu təkliflərdən bəziləri bunlardır: partiyalardan birinin qərargahında ümumrespublika əhəmyyətli aclıq aksiyası keçirilsin; Mehman Əliyev haqqında ölkə mətbuatının tanınmış yazarları arasında “Mehman Əliyev həftəliyi”, ya da “Mehman Əliyev ongünlüyü” təşkil olunsun, kampaniyanın sonunda yazılar bir kitabçada nəşr olunsun; Mehman Əliyevin qarşıdan gələn 60 illik yubileyinə hazırlıq işlərinə başlanılsın və təntənəli yubiley tədbiri keçirilsin; mitinq və piket hazırlıqlarına start verilsin və bunun üçün danışıqlar aparılsın. Müxtəlif partiyaların sədrləri ilə mitinq danışıqlarını aparmaları üçün Əvəz Zeynallıya və Oktay Gülalıyevə tapşırıqlar verildi və nəticə haqqında 14 sentyabr toplantısında məlumat verilməsi onlara həvalə edildi.
Eyni zamanda yeni təbliğat materiallarının, üzərində siyasi məhbusların şəkillərinin yer aldığı köynəklərin, döş nişanlarının hazırlanması üçün bütün imkanlardan istifadə olunması haqqında da müzakirələr aparılıb. Komitənin adından danışmaq və komitəni təmsil etmək üçün üzvlərdən birinə səlahiyyət verilməsi məsələsi müzakirə olunub və bu, ilkin olaraq Əvəz Zeynallıya həvalə edilib. Gələcək toplantılarda daha dəqiq mexanizmlərin yaradılması, ardıcıllığın təmin olunması üçün daha fəal olmaq qərarlaşdırılıb.
Komitə üzvləri fəal olmalıdırlar
Məlum olduğu kimi “Mehman Əliyevə Azadlıq Komitəsi” təşkil olunanda ora üzvlük məsələsini açıq saxladıq və müraciət edən hər kəsi Komitəyə qəbul etdik. Bu, bəzi dostlarımız arasında yaxşı qarşılanmasa da, biz prinsiplərimizə sadiq olduq, amma sonra Müdafiə Komitəsinin bütün üzvlərinin (Azərbaycandan kənarda olanlar və üzrlü səbəbdən iştirak etməyənlər istisna olmaqla) aktiv olmaması, məhkəmələrdə iştirak etməməsi haqlı iradlara səbəb oldu. O baxımdan, “Mehman Əliyevə Azadlıq Komitəsi” məhkəmələrdə Komitə üzvlərinin hamılıqla iştirak etməsinin vacib olduğunu vurğuladı və bu haqda qərarlar aldı. Mehman Əliyevin gələcək məhkəmə iclaslarında Komitə üzvlərinin iştirak etməsinə çalışılacaq və bu məsələ üzərində xüsusi dayanılacaq.
İşçi Qrup hər həftə, Komitənin toplantısı ayda bir olacaq
İşçi Qrup hər həftə toplanma qərarı aldı. Toplantılar üçün Müsavat Partiyasının qərargahında İşçi Qrupa daimi otaq ayrılsa və şərait yaradılsa da, duruma və işlərin axarına uyğun olaraq İşçi Qrup toplantılarını başqa məkanlarda da keçirə bilər. İlkin olaraq hər həftə toplanma qərarı verildi. İşçi Qrupun həftədə bir dəfə, Komitənin isə ayda bir dəfə toplanması üzərində prinsip razılığı əldə olundu. Qərara alındı ki, əvvəl yaradılan komitələrdən fərqli olaraq, “Mehman Əliyevə Azadlıq Komitəsi” ardıcıl və bütün siyasi məhbuslar naminə fəaliyyət göstərsin.
İşçi Qrupun növbəti toplantısı sentyabr ayının 14-də, həftənin dördüncü günü, cümə axşamı saat 15.00-da Müsavat Partiyasının qərargahında olacaq.

Xural.com
“Mehman Əliyevə Azadlıq Komitəsi”nin İşçi Qrupu ilk iclasını keçirdi
“Mehman Əliyevə Azadlıq Komitəsi”nin İşçi Qrupu ilk iclasını keçirdi
“Mehman Əliyevə Azadlıq Komitəsi”nin İşçi Qrupu ilk iclasını keçirdi
“Mehman Əliyevə Azadlıq Komitəsi”nin İşçi Qrupu ilk iclasını keçirdi

Şərhlər

XƏBƏR LENTİ