SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 177 nömrəli tam orta məktəbdə Müəllimlər Günü qeyd olundu

177 nömrəli tam orta məktəbdə Müəllimlər Günü qeyd olundu

Tarix:

4-10-2024, 09:49

/ 1 195 dəfə oxundu.
177 nömrəli tam orta məktəbdə Müəllimlər Günü qeyd olundu

5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı, Beynəlxalq Müəllimlər Günüdür.
Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşmış, təhsil işçilərinin maddi vəziyyətinin,rifah halının yaxşılaşdırılmasının qayğısına qalmışdır.   
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə  hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca istiqamət seçib. Təsadüfi deyil ki, 21-ci əsr Azərbaycanında təhsil əsridir. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilmiş, əlavə korpuslar inşa olunmuşdur. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Yeni, müasir məktəblər, təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.
5 oktyabr Müəllimlər Günü ilə bağlı 177 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arzu Süleymanova bildirmişdir ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər  zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi  kimi təcəssüm olunub, böyük hörmətlə, yüksək ehtiramla çəkilib. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, bu gün hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən, bir şəxsiyyət kimi  formalaşmasına görə özünü məhz müəllimlərinə borclu sayır. Ölkəmizdə bütün  sahələrdə olduğu kimi, son illər ərzində təhsil sahəsində də çox ciddi irəliləyişlər, nəzərə çarpacaq uğurlar əldə edilib. Bu uğurlar hər birimizi sevindirir və fərəhləndirir. 
Arzu Süleymanova öz çıxışında Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında, elmin,  təhsilin, mədəniyyətin və incəsənətin inkişafında, dünya miqyasında tanınmasında Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın dəyərli fəaliyyətini xüsusi vurğulamışdır.
Məktəbin direktoru çıxışının sonunda Azərbaycan müəllimlərinə xoş arzularını və təbriklərini çatdırmışdır: “Əziz müəllimlər, hər birinizi 5 oktyabr "Müəllimlər günü" münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə uzun ömür, can sağlığı, möhkəm səbr və işlərinizdə uğurlar arzulayıram. Hər biriniz çox şərəfli və müqəddəs bir peşəni icra edirsiniz. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Bununla sanki məktəbin, müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir - xalqın, dövlətin gələcəyini formalaşdırmaq, "Təhsil Haqqında" qanunda göstərildiyi kimi, "Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir". Bəli, müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Bu çətin, şərəfli və məsuliyyətli peşəni uğurla icra etdiyiniz üçün hər birinizi təbrik edirəm”.






Şərhlər

XƏBƏR LENTİ