XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Prezident jurnalistlərə mənzil və mühüm mesajlar verdi

Prezident jurnalistlərə mənzil və mühüm mesajlar verdi

Prezident jurnalistlərə mənzil və mühüm mesajlar verdi
21-07-2017, 09:49

İlham Əliyev: “Jurnalistlər özləri də bilmədən mənim köməkçilərimdir”; Dövlət başçısı növbəti dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü
İyulun 20-də Milli Mətbuat günü münasibətilə Azərbaycan jurnalistləri üçün prezident sərəncamı ilə tikilən ikinci binanın rəsmi açılış mərasimi keçirilib. Bakı şəhərinin Səbayel rayonu ərazisində, Yeni Salyan yolunun kənarında reallaşan açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət başçısına məlumat veriblər ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Daha sonra prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib və mənzillərdə yaradılan şəraitlə tanış olub.
Bundan sonra dövlət başçısı açılış mərasimində çıxış edib.
Tədbirdə iştirak edən əməkdaşımız bildirir ki, dövlət başçısı Azərbaycan dövlətinin mətbuat nümayəndələrinin sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni əsirgəmədiyini, bu məsələnin dövlət siyasətinə çevrildiyini bildirib.
“Jurnalistlər üçün binaların tikintisi də bu siyasətin təzahürüdür” söyləyən prezident bir neçə il öncə bina tikintisi ilə bağlı qaldırılan təşəbbüsə dəstək verdiyini xatırladıb. “4 il bundan əvvəl mən demişdim ki, yəqin bura jurnalistlər şəhərciyinə çevriləcək. Artıq bu gözəl yer jurnalistlər şəhərciyidir, burada üçüncü bina da tikiləcək. Mənə deyiblər ki, burada yeni yola ehtiyac var. Çünki yalnız bir tərəfdən yol çəkilib. Ona görə də müvafiq göstəriş olub ki, hər iki tərəfə çıxış olsun, jurnalistlər burada rahat yaşasın”. Ölkə başçısı qeyd edib ki, dəniz kənarında yerləşən binalar daha prestijli sayılır: “Buradan ”Azneft" meydanına maksimum 5 dəqiqəlik yol var, həmçinin dənizə mənzərə açılır. Bu, bir daha onu göstərir ki, biz jurnalistlər üçün ən gözəl məkanı seçmişik. Əminəm ki, vətən qarşısında böyük xidmətləri olmuş jurnalistlər burada rahat yaşayacaq".
Prezident Azərbaycan mətbuatının qarşısında duran məsələlərdən bəhs edib: “Biz xarici informasiya məkanına çıxışımızı daha da genişləndirməliyik. Bu istiqamətdə yaxşı nəticələr var. Çünki əvvəlki illərdə bizə qarşı koordinasiya edilmiş çox ciddi və çirkin informasiya kampaniyaları aparılırdı ki, guya Azərbaycan geridə qalmış dövlətdir, Azərbaycanda inkişaf, demokratiya yoxdur. Bunun məqsədi bəllidir - həm bizi öz təsiri altına salmaq, nəyəsə məcbur etmək və ümumiyyətlə, ölkə haqqında mənfi imic yaratmaq və ondan sonra öz maraqlarını rahatlıqla təmin etməkdir. Ona görə biz çalışırdıq ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq və o qədər də geniş imkanlarımız yox idi. Bu gün bu imkanlar var. Həm dövlət, həm də media orqanları bu istiqamətdə fəal işləyirlər. Məni sevindirən hal odur ki, biz vahid siyasət aparırıq. Çünki dövlət və media milli maraqları müdafiə edir. Çünki ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da jurnalistika həqiqəti əks etdirməlidir.”
Prezident deyib ki, Azərbaycan mətbuatında yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların sayı kəskin şəkildə azalıb: “Bunu cəmiyyət də görür, jurnalistlər də. Əlbəttə, bu, jurnalistlərin fəaliyyəti nəticəsində mümkün olur. Bu, ilk növbədə, jurnalistlərin məsuliyyətinin artması nəticəsində baş verib. Eyni zamanda hər bir mətbuat orqanı yaxşı başa düşür ki, bir dəfə, iki dəfə, üç dəfə yalan danışmaq olar. Amma ondan sonra həmin mətbuat orqanına heç kim inanmayacaq və hörmətdən düşəcək”. Azərbaycan prezidentinin sözlərinə görə, jurnalistika mümkün qədər obyektiv olmalıdır: “Çünki tam obyektivliyə nail olmaq çətindir. Hər bir insan istər-istəməz subyektivliyə də yol verir və jurnalistlər də istisna deyil. Ancaq jurnalistlərin üzərində çox böyük məsuliyyət var. Onların sözü incidə də, problem yarada da, yaxud da ki, məsələni həll edə bilər. Ona görə xahiş edirəm ki, jurnalistikada məsuliyyət məsələlərinə daha da böyük diqqət göstərilsin. Bu da həqiqətlə, obyektivliklə paralel istiqamətdə gedən proseslərdir”.
Dövlət başçısı deyib ki, son illərdə Azərbaycan jurnalistikası bu istiqamətdə daha da məsuliyyətli, daha da təmkinli olub. Artıq nadir hallarda hansısa məsuliyyətsiz məlumata, insanları alçaldan, ləyaqətini aşağılayan, təhqiredici yazılara rast gəlmək olar: “Bu baxımdan, bizim jurnalistlərimiz bəzi dırnaqarası siyasətçilərdən daha da öndədirlər. Hesab edirəm ki, jurnalistikamızda bu istiqamətdə müşahidə olunan islahatlar davam edəcək. Biz 1990-cı illərdə jurnalistikamızda hansı meyillərin hökm sürdüyünü yaxşı xatırlayırıq. Biz o vaxt çox üzücü bir mənzərə ilə üzləşmişdik. Yəni bəzi mətbuat orqanlarında təhqir, böhtan və şər amilləri əsas rol oynayırdı. Bu gün jurnalistlərin məsuliyyəti hesab edirəm ki, yüksək səviyyədədir, bu gün Azərbaycan jurnalistikasının mütləq əksəriyyəti sağlam jurnalistikadır”.
Ölkə başçısı mətbuatın cəmiyyətdəki rolunu yüksək qiymətləndirib və çox mühüm mesajlar verib. Prezident deyib: “Jurnalistlər fəaliyyətləri ilə inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.
Dövlət başçısı medianın inkişafı üçün Azərbaycan dövlətinin səylərini əsirgəməyəcəyini, jurnalistlərin məişət problemlərinin daim diqqətdə saxlanılacağını da deyib.
Prezident İlham Əliyev bildirib ki, jurnalistlər həqiqəti, obyektivliyi başlıca meyar götürməli, yüksək məsuliyyətli olmalı, xarici təsir altına düşməməlidirlər. Azərbaycanın dünyada nüfuzunun durmadan artdığını, multikulturalizmin mərkəzi sayıldığını deyən prezident bu sahədə də Azərbaycan mediasının töhfələrini xüsusi vurğulayıb: “Azərbaycan jurnalistikası daha da vətənpərvər olmalı, xaricdən ölkəmizə təsir cəhdlərinin qarşısının alınmasında fəal iş görməlidir. Milli maraqlar hər şeydən üstün tutulmalı, Azərbaycanın informasiya məkanı xarici təsir cəhdlərindən qorunmalıdır”.
“Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu, özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq”-deyə, prezident əlavə edib. Dövlət başçısının sözlərinə görə, ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur: “Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın”.
Dövlət başçısı qeyd edib ki, jurnalistlər üçün tikilən binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilməyib: “Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl, demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır. Hesab edirəm ki, bu iki əsas amil Azərbaycanda artıq çox güclü dayaqlara malikdir. Həm sosial, həm iqtisadi, həm də xarici siyasətlə bağlı atdığımız addımlar bizə böyük uğur gətirib və dünyada Azərbaycana çox böyük rəğbət var”.
Prezident üçüncü bina ilə bağlı işlərin tez başa çatdırılmasını tapşırıb: “Mənim arzum və tikinti şirkətindən xahişim ondan ibarətdir ki, 3-cü binanı daha tez tiksinlər. İlk binanı 4 ilə tikib-başa çatdırdıq. Amma maksimum 3 ilə bu binanın tikintisi başa çatdırılmalıdır. Nəzərinizə çatdırıram ki, heç bir maliyyə problemi olmayacaq”.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya proqramları studiyasının direktoru Mehriban Məmmədova çıxış edərək mətbuat nümayəndələrinə göstərilən yüksək qayğıya görə prezidentə təşəkkür etdilər.
“Cənab prezident, sizin jurnalistlərimizə bəxş etdiyiniz bugünkü sevinci heç bir sözlə ifadə etmək olmaz. Azərbaycan jurnalistlərinə belə möhtəşəm sevinc hissi yaşatdığınıza görə sizə dərin minnətdarlığımızı bildiririk.
Siz jurnalistlərinizin əbədi dostusunuz". Bu fikirləri isə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov söylədi. Ə.Amaşov daha sonra bildirdi ki, kütləvi informasiya vasitələri (KİV) arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, KİV-in müstəqilliyinin dəstəklənməsi, maddi - texniki bazanın möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində yürütdüyü davamlı siyasətə görə Azərbaycan prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.
Bundan sonra Ə. Amaşov daha sonra mükafatı dövlət başçısına təqdim edib.
Xatırladaq ki, dünənki tədbirdə mənzil alan mətbuat nümayəndələri arasında “Yeni Müsavat”ın redaktoru Zahid Səfəroğlu, musavat.com saytının redaktoru Xalid Kazımlı, qəzetin əməkdaşları Aygün Muradxanlı və Elşad Paşasoy da var.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.