SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Yanğın baş verən doğum evinin istilik sistemi niyə işləmirmiş? - Şok faktlar

Yanğın baş verən doğum evinin istilik sistemi niyə işləmirmiş? - Şok faktlar

Tarix:

11-01-2024, 18:59

/ 970 dəfə oxundu.
Yanğın baş verən doğum evinin istilik sistemi niyə işləmirmiş? - Şok faktlar

Ötən gün 4 körpənin ölümü ilə nəticələnən, yanğın hadisəsinin baş verdiyi “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasına mərkəzləşmiş şəkildə istiliyin verilməməsinə aydınlıq gətirilib.
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sözügedən tibb müəssisəsi “Azəristiliktəchizat” in balansında olan mərkəzləşmiş istilik sistemlərinə qoşulmayıb. Xidmət rəisi bildirib ki, “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binası tibb müəssisəsinin özünün fərdi qazanxanası ilə istiliklə təmin olunurmuş.
Qeyd edək ki, hazırda 151 səhiyyə müəssisəsi mərkəzləşmiş qaydada "Azəristiliktəchizat” ASC tərəfindən istiliklə təmin edilir.

Onu da əlavə edək ki, yanğın zamanı tibb müəssisəsinin yanğın xəbərdarlığı vasitələrinin də işlək vəziyyətdə olmadığı üzə çıxıb. Bu isə haqlı olaraq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin tibb müəssisəsində yoxlama aparıb-aparmadığı ilə bağlı suallar yaradıb. Elə bu sualla biz də FHN-ə müraciət etsək də, nazirlikdən hadisə ilə bağlı istintaq getdiyini, açıqlama vermək ixtiyarlarının olmadığını söylədilər.
Məlumat üçün onu da bildirək ki, dünən Azərbaycan Respublikasının Baş Prokurorluğu Perinatal Mərkəzdə baş vermiş yanğının ilkin səbəblərini açıqlayıb. Rəsmi açıqlamada bildirilir ki, Mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, istintaqla Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaları nəticəsində müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə edilməsi, habelə istismara yararsız olan və qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, bundan başqa çoxsaylı tibbi avadanlıqların elektrik xəttlərinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə xəstələrin müalicə alındığı palatalarda yerləşdirilməsi və istismarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunanlar nəticəsində infant inkubator körpə küvezi və yeni doğulmuş körpələrin müalicəsi üçün nəzərdə tutulmuş digər tibbi avadanlıqlarından təhlükəli şəkildə və standartlara uyğun olmadan istifadə edilib, yanğın xəbərdarlığı vasitələri işlək vəziyyətdə olmamış, elektrik xətlərində baş vermiş normadan artıq yüklənmədən törəyən yanğın otağa yayılıb, bununla da, 4 körpə ölmüş və müəssisəyə ciddi əmlak ziyanı dəyib.
İş üzrə üç vəzifəli şəxs - Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
Onu da xatırladaq ki, hadisə zamanı 4 körpə həyatını itirib.
 

Şərhlər

XƏBƏR LENTİ