XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Eldar Mahmudovun həbsinin üzə çıxaracağı sirlər

Eldar Mahmudovun həbsinin üzə çıxaracağı sirlər

Eldar Mahmudovun həbsinin üzə çıxaracağı sirlər
13-07-2017, 09:31

Sabiq nazirin işçilərindən əsas fərqi odur ki, onun malik olduğu kompromatlar hər an agentləri tərəfindən üzə çıxarıla bilər
Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, külli miqdarda əmlakını ələ keçirməkdə təqsirləndirilən MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Siyavuş Hacıyevin çıxardığı hökmlə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib və polkovnik rütbəsindən məhrum edilib. V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilən Badamdar qəsəbəsindəki 18 sot torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Şərifzadə küçəsindəki mənzili, ümumi dəyəri 1 milyon 277 min manat olan əmlakları müsadirə edilib. Məhkəmə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərib. Hökmdə göstərilib ki, təqdimat zərərçəkmişlərin şikayəti əsasında hazırlanıb.
M.Şıxəliyev gununsesi.info-ya deyib ki, barəsində xüsusi qərardad çıxarılmasından məlumatsızdır: “Bakı Hərbi Məhkəməsinin barəmdə cinayət işinin başlanması üçün qərardad çıxarması ilə bağlı xəbəri mətbuatdan oxudum. Bu barədə məlumatsızam. Əgər sizin üçün maraqlıdırsa, özünüz məhkəməyə müraciət edib məlumat ala bilərsiniz”.
E.Mahmudovdan isə vəzifədən çıxarılandan sonra xəbər yoxdur. Onun ölkədə olması, xaricə getməsi haqda bilgilər yayılsa da, sabiq nazirin konkret harada olması bilinmir. Əgər xüsusi qərardad üzrə cinayət işi başlansa və E.Mahmudov həbs edilsə, hansı məqamlar üzə çıxa bilər?
Onun uzun illər rəhbərlik etdiyi sahədə cəmiyyətin ən müxtəlif təbəqələrindən olan üzvlərinə qarşı kompromatlar toplanıb. Media, biznes, iqtidarlı-müxalifətli bütün sahələrdə özünün agentləri olub. E.Mahmudov həbs olunarsa, həmin şəxslərin də deşifrə olunması prosesi baş verə bilər. Hərçənd ki, E.Mahmudovun həbs ediləcəyinə əksər ekspertlər böyük şübhə ilə yanaşırlar. Sabiq nazirin 10 illik fəaliyyəti dövründə topladığı kompomatlardan özünə qala qura bildiyi, özünü kompromatlarla qoruduğu haqda bilgilər də var.
E.Mahmudovla onun baş istintaqçısı M.Şıxəliyevin barəsində çıxarılan xüsusi qərardad qeyd etdiyimiz kimi, MTN müstəntiqi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin yekun qərarında yer alıb.
V.Ələkbərovun özü belə məhkəməsində kompromatlardan istifadə etməyə çalışıb. Sabiq müstəntiq “mən 2005-ci ilin martında Bakıda öldürülən ”Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun cinayət işini araşdırmışam" sözlərini deməklə özünün sıradan biri olmadığını, geniş bilgilərə sahibliyini diqqətə çatdırmaq istəyib. Məhkəmədə onun dediklərinə əhəmiyyət verilməməsi görüntüsü yaradılsa da, eks-müstəntiqin mesajı ünvanına çatmamış deyil. Bununla belə, bu açıqlama V.Ələkbərov üçün “ikibaşlı dəyənəyə” də çevrilə bilər. Mümkündür ki, V.Ələkbərov vaxtilə iş yoldaşı olmuş ləğv edilən MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin taleyini yaşaya bilər. Yada salaq ki, İ.Əliyev E.Mahmudov işdən çıxarılandan dərhal sonra həbsə alınan MTN-çilərdən idi. Belə məlumatlar vardı ki, o, həbs qərarından verdiyi şikayətlə əlaqəli aparıldığı məhkəmədə bildiklərini açıqlayacağı ilə bağlı bəyanat vermişdi. Bu bəyanatdan bir neçə gün sonra onu saxlandığı Bakı İstintaq Təcridxanasının kamerasında asılmış vəziyyətdə aşkar etdilər. Hazırda məhkəməsi keçirilən MTN generalı Akif Çovdarov İlqar Əliyevin öldürüldüyünü və sonradan asıldığını açıqladı.
E.Mahmudovun həbsi gerçəkləşərsə, onun da belə bir tale yaşaya biləcəyi istisna deyil. Lakin sabiq nazirin işçilərindən əsas fərqi odur ki, onun malik olduğu kompromatlar hər an agentləri tərəfindən üzə çıxarıla bilər. Görünür, bu məqam sabiq naziri həbsdən sığortalayır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.