XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Nazir və icra başçılarının çətin sınaq dövrü başlayıb

Nazir və icra başçılarının çətin sınaq dövrü başlayıb

Nazir və icra başçılarının çətin sınaq dövrü başlayıb
10-07-2017, 20:08

Azərbaycanda taxıl biçini mövsümü davam edir. Kənd Təsərrüfatı Nazirliyinin iki gün əvvəl açıqladığı məlumata görə, artıq taxıl əkilmiş sahələrin 60 faizindən çoxunda biçin işləri aparılıb.
Məlumata görə, biçilən sahələrdən 946315,5 ton buğda, 680910,1 ton arpa yığılıb.
Kənd Təsərrüfatı Nazirliyindən (KTN) o da bildirilib ki, respublika üzrə ümumilikdə biçiləcək 954736 hektar taxıl sahəsinin 626281 hektarını buğda, 328455 hektarını arpa sahələri təşkil edir:
"İyulun 6-na Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələri tərəfindən taxıl biçini barədə verilmiş operativ məlumata əsasən, artıq 600055.1 hektar (62,9 faiz) sahə biçilib. Bunun da 326846.1 hektarı (52,2 faizi) buğda, 273209.0 hektarı (83,2 faizi) isəarpa sahələridir”.
Ümumilikdə, 1627225.6 ton məhsul yığıldığı bildirilir. Bu məhsulun 946315,5 tonu buğda, 680910,1 tonu isə arpadır:
"Hər hektardan ümumilikdə məhsuldarlıq 27,1 sentner, buğda üzrə 29,0 sentner, arpa üzrə isə 24,9 sentner təşkil edir”.
Göründüyü kimi, KTN-nin açıqladığı rəqəmlərə görə, mövsümün sonunda hazrıkı göstəricilərin 40 faiz civarında qalxma ehtimalı var. Yəni ümumilikdə 1.5 milyon tona yaxın buğda, təxminən 750 min tona yaxın isə arpa yığılacağını proqnozlaşdırmaq olar.
Bəs, bu rəqəmlər KTN-nin proqnozları ilə üst-üstə düşürmü? Və yaxud nazir Heydər Əsədovun əvvəldən vəd etdiyi proqnozlar özünü doğruldacaqmı?
Bu və ya digər məqamlarla bağlı məlumatlandıran KTN əməkdaşının sözlərinə görə, taxıl biçini ilə bağlı nəzərdə tutulan proqnozların reallaşması mümkün olsa da, bunu pambıqçılığa aid eləmək olmaz:
"Düzdür, yenə toplanan məhsullar Azərbaycanın tələbatını ödəməyəcək. Ən əvvəl ona görə ki, bu il öllkədə taxıldan daha çox pambığa diqqət yetirilib. Eyni zamanda əldə edilən məhsul ərzaq üçün, xüsusən də çörəkbişirmə üçün yaramır. Həm də, ötən il əkilən taxıl sahələrinin çoxu bu il pambıqla əvəzlənib. Sözsüz ki, bu da göstəriciyə təsir edəcək. Lakin bir məsələ var ki, Azərbaycan onsuz da taxıl tələbatının bir hissəsini həmişə Rusiya və Qazaxıstanın hesabına həll edir. Yəni deməyim odur ki, taxılçılıqdakı çatışmazlıqlar Heydər Əsədova ciddi problem yaratmaya bilər. Amma bunu pambıqçılıqla bağlı demək çətindir. Bu sahədəki göstəricilər nəinki nazir, hətta əksər icra başçıları üçün ciddi sınaq olacaq”.

Məlumatlı şəxs deputat Vahid Əhmədovun bir açıqlamasına da diqqət yönəldərək əlavə edib ki, vəziyyət icra başçıları üçün həqiqətən də ciddidir: "Vahid Əhmədov musavat.com-a müsahibəsində dəqiq deyib ki, ölkə rəhbərliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin qaldırdığı bütün məsələlər sərəncamlar və yardımlar verilməklə, vəsaitlər ayrılmaqla həll olunub. Buna görə də bu sahədə heç bir problem olmamalıdır. Əgər ortaya problem çıxacaqsa, bu, artıq məmurların birbaşa səriştəsizlik və ya harınlığı, o cümlədən bacaraqsızlığının təsdiqi olacaq. Necə ki, artıq bunun işartıları görünür. Baxın, ölkəyə kifayət qədər texnika alınıb gətirilib və gətirilməkdə də davam edir. Lakin sistemsizlik üzündən buğda biçinini zamanında başa çatdırmaq mümkün olmayıb. İnanın, elə rayonlar var ki, birinin buğdası biçillib, ancaq qonşusundakı sahədə hələ texnikanın sistemsiz bölünməsi üzündən biçin aparılmayıb. Bu isə sözsüz ki, yetişmiş buğdanın azı 30 faizinin yerə tökülməsi, məhv olması deməkdir. Bu itkilər də məhsuldarlığa ciddi təsir edib, edəcək.

Görünür, bu problem, yəni texnikanın sistemsiz işlədilməsi özünü pambıq yığımında da göstərəcək. Bütün bunlar isə nazirlikdən daha çox, yerli icra başçılarından qaynaqlanır”.

Məlumatlı şəxs isə deyir ki, icra başçıları yeni yaradılmış KTN idarələrinə öz yaxın adamlarını rəhbər təyin etdiriblər. Bu idarə yaradılan vaxtı icra başçılarının aqrar sahə üzrə müavini ştatı ləğv olunub: "Qısa müddət sonra həmin müavinlərin əksəriyyəti KTN-nin yerli idarələrinin rəisi təyin edildilər. Həmin şəxslər isə nazirdən çox icra başısının əmri ilə hərəkət edirlər. Nazir Heydər Əsədovun onlara təsiri başçılar kimi deyil. Məncə, "taxtı laxlayan” Heydər Əsədov da bunu əldə əsas tutub, bir çox icra başçısı haqqında yuxarı dairələrə məlumat verəcək. Ən azı özünü və vəzifəsini qorumaq üçün onun belə bir addım atacağını gözləmək olar. Həm bu, həm də yerlərdəki real vəziyyəti nəzərdə tutaraq əminliklə deyə bilərəm ki, bu ilin sonuna qədər xeyli icra başçısı ilə vidalaşacaqlar”.
Məlumatda qeyd edilir ki, hazrda Beyləqan, Sabirabad, Neftçala, Kürdəmir və digər rayonların icra başçıları "nişangah”dadır. Onların karyerası məhsul yığımından aslıdır. Mənbəmiz iddia edir ki, bu rayonların icra başçılarının çoxu sınaqdan üzüağ çıxa bilməyəcəklər.

"Reytinq”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.