SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Milli Şuranın Koordinasiya Mərkəzi Alxanlı faciəsini müzakirə etdi

Milli Şuranın Koordinasiya Mərkəzi Alxanlı faciəsini müzakirə etdi

Tarix:

8-07-2017, 09:41

/ 116 956 dəfə oxundu.
Milli Şuranın Koordinasiya Mərkəzi Alxanlı faciəsini müzakirə etdi

Milli Şuranın Koordinasiya Mərkəzi növbəti toplantısını keçirib. Mərkəzin verdiyi məlumatda deyilir ki, toplantıda son günlər respublikada yaranmış sosial-siyasi vəziyyət, Ermənistan təcavüzü nəticəsində cəbhə bölgəsində dinc sakinlərin qətlə yetirilməsi, AXCP sədrinin müavini, saxta ittihamla həbs edilmiş Gözəl Bayramlı ilə bağlı yaranmış anti-insani və qanunsuz hərəkətlər barədə ətraflı müzakirələr aparılıb.
Toplantıda iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən edilən hücum zamanı iki yaşlı Quliyeva Zəhra Elnur qızı və onun nənəsi Quliyeva Sahibə İdris qızının qəddarlıqla qətlə yetirilməsindən, ailənin digər bir üzvü Quliyeva Sərvinaz İltifat qızının yaralanmasından hiddət ifadə edilmişdir. Müzakirələr zamanı qeyd edilmişdir ki, cəbhə bölgəsində yaşayan dinc sakinlərə qarşı törədilən vandalizm aktı bilavasitə Ermənistanın yeritdiyi işğalçılıq siyasətinin nəticəsi, erməni silahlı qüvvələrinin vəhşiliyinin daha bir nümunəsidir. Dinc sakinlərin atəşə tutulması, iki yaşlı uşağın və onun nənəsinin öldürülməsi Ermənistan işğalçılarının beynəlxalq hüquqa və hərbi əməliyyatlar zamanı dinc əhalinin qorunması haqqında beynəlxalq konvensiyaya məhəl qoymamasının beynəlxalq birliklərə və dünya ictimaiyyətinə çatdırılması çıxışlarda qeyd edlməşdir. KM üzvləri Alxanlı kəndində iki yaşlı uşağın qətlə yetirilməsin 1992-ci ildə Xocalıda törədilmiş qanlı hadisənin davamı kimi qiymətləndirmişlər.
Müzakirələr zamanı Azərbaycan hakimiyyətinin cəbhə bölgəsində yaşayan dinc əhalinin təhlükəsizliyin etibarlı şəkildə təmin edə bilməməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində effektli addımlar ata bilməməsi, ərazisi işğal altında olan bir ölkənin hakimiyyətinin korrupsiyaya qurşanmasından ciddi narahatçılıq ifadə edilmişdir. Müzakirələr zamanı qərara alınmışdır ki, son günlər cəbhə xəttində yaranmış ağır durumla bağlı Milli Şuranın bəyanatı elan edilsin.
KM-nin toplantısında AXCP sədrinin müavini Gözəl Bayramlının saxta ittihamla həbs edilməsi, ciddi sağlamlıq problemi olan Baramlının müalicəsi üçün qəbul etdiyi dərmanlarının verilməməsi, onun qanunla müəyyən edilmiş telefon danışıqlarından məhrum edilməsi, vəkilləri ilə görüşlərə süni maneələrin yaradılması anti-humanist, qanunsuz, əxlaq qaydalarına uyğunlaşmayan hərəkətlər kimi qiymətləndirilmişdir. Çıxışlarda qeyd edilmişdir ki, Gözəl xanımın həbsi siyasi sifariş olub son illərdə hakimiyyətin AXCP-yə qarşı həyata keçirdiyi total repressiya siyasətinin davamıdır.
Toplantıda Masallı rayonunda dini ayinləri icra etməyə görə həbs edilmiş tanınmış ilahiyyatçı Hacı Sərdar Hacıhəsənlinin heç bir hüquqi əsas olmadan 3 il müddətinə azadlıqdan məhrum edilməsi pislənmişdir. Müzakirələr zamanı qeyd edilmişdir ki, Ilahiyyatçı bir din xadiminin cümə namazı qıldığına görə azadlıqdan məhrum edilməsi ölkədə dindar kəsimə qarşı davam edən təqib və repressiya siyasətinin tərkib hissəsidir.
Müzakirələrin gedişində son günlər Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycana qarşı irəli sürdüyü əsassız tələblərə toxunulmuş və müstəqil, suverən qonşu dövlətə qarşı belə yanaşmanın beynəlxalq münasibətlərin universal prinsipinə zidd olduğu göstərilmişdir.
Müzakirələr zamanı Azərbaycanda hakim ailəyə məxsus Silk Way aviasiya şirkətinin dünyanın münaqişə zonalarına silah daşıması haqqında sensasiya doğuran məlumatlara da toxunulmuş, ərazisinin bir hissəsi işğal olunan və uzun illərdir münaqişədən ziyan çəkən ölkəmiz üçün bunun arzuolunmaz nəticələr doğura biləcəyini nəzərə alaraq həmin məlumatların ətraflı araşdırılması qərara alınmışdır.

Şərhlər

XƏBƏR LENTİ