XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Azərbaycanlı qızların ermənilərə ərə getməsinin arxasındakı məkrli plan

Azərbaycanlı qızların ermənilərə ərə getməsinin arxasındakı məkrli plan

Azərbaycanlı qızların ermənilərə ərə getməsinin arxasındakı məkrli plan
4-07-2017, 10:17

Bir millətin gücü həmin millətin kişiləri ilə yox, qadınları ilə ölçülür. Milləti artıran, nəsli uzadanın qadın olduğunu nəzərə alsaq, onun millətin genini davam etdirməsi üçün kiminlə, hansı millətdən olan bir şəxslə ailə qurması çox önəmlidir. Erməni-Azərbaycan münasibətlərinin hələ kəskinləşmədiyi bir dövrdə SSRİ vaxtında azərbaycanlı bir xanım erməni ilə heç vaxt ailə qurmazdı.
Hətta o zamanlar belə azərbaycanlı xanımlar erməni bir kişi ilə ailə qurmağa pis baxar, bunu özlərinə bir növ təhqir hesab edərdilər. Ancaq o dövrlərdə kifayət qədər azərbaycanlı kişilərin erməni qadınlarla evləndiyini görərik. Təsadüfi deyil ki, o dövrdə Azərbaycanda 30 min erməni gəlininin olduğu da deyilirdi. Bu danılmaz bir faktdır ki, hətta 60-70 il keçsə belə, düşmənimiz olan ermənilərlə münasibətlərimiz heç vaxt düzəlməyəcək, bu iki millət heç bir zaman dost ola bilməz. Hətta torpaqlarımız geri alınsa belə, bu münasibətlər düzələ bilməz. Bunun azərbaycanlı qadınlar daha çox fərqindədir. Ancaq son zamanlar azərbaycanlı qızların xarici ölkələrdə erməni kişilərə ərə getməsi faktlarının artdığını görərik. Təbii ki, bu hal ictimaiyyət tərəfindən bir mənalı qarşılanmır və pislənilir. Bir erməninin nəslini artırmaq missiyasını azərbaycanlı qızın üzərinə götürməsi təqdirə layiq deyil. Hətta bunun utancverici bir hal olduğunu deyənlər də kifayət qədərdir.
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, əvvəllər mənəvi dəyərlər sistemində bir müdafiə qatı vardı və o, erməniyə ərə getməyə qoymurdu: “Məşhur qadınlarımız da var ki, erməni ilə ailə həyatı qurub. Bu hadisələri tez-tez eşidirik. Bu, ümumiyyətlə, ölkədən kənarda olan qadınlarımız arasında dəyərlər sisteminin dəyişməsi ilə bağlıdır. Yəni onların əksəriyyətində mənəvi dəyərlər sistemi ilə bağlı dəyişikliklər baş verir. Bu dəyişikliklərin bir hissəsi kosmopolit, bir hissəsi isə qloballaşmanın təsiri altında baş verir. Əvvəllər mənəvi dəyərlər sistemindəki bir müdafiə qatı vardı, o, erməniyə ərə getməyə qoymurdu, maneə yaradırdı. Bu sistem ortadan götürülüb. Digər tərəfdən, ermənilərin hiyləgərliyi də var. Onlar çox vaxt elə insanlarla evlənirlər ki, orada şəxsi maraq da güdürlər. Məsələn, Moskvada çalışırdılar ki, marşalların nəvələri, akademiklərin qızlarını alsınlar. Mən Moskvada tələbə olmuşam. O vaxt ermənilərlə etdiyimiz söhbətlər yadımdadır ki, onlar hər zaman çalışırdılar ki, tanınmış bir insanın qızını alsınlar. Hətta biri gəlib bizim SSRİ-də kosmik tədqiqatlar sahəsində ən böyük adamlardan biri olan Kərim Kərimovun qızını almışdı. Bizim ölkəmizin ən böyük fəxr edəcəyimiz adamlarından birinin qızını gəlib erməni almışdı. Yəni ermənilər həmişə sanki milçək şirə axtaran kimi elə bir yer axtarırlar ki, oradan şirə çəkə bilsinlər. Ola bilsin ki, erməni oğlanlarında da dəyərlər sistemi dəyişib, onlar, sadəcə olaraq, bir-biri ilə eşq macərası yaşayıb evlənirlər. Amma inanıram ki, orada çoxlu ermənilər var ki, bundan gen məsələsi ilə bağlı, pulla bağlı bir maraq dairəsində ailə qururlar. Bizimkilər sadəlövh olurlar. Bunu nəzərə almırlar. Elə bilirlər ki, onlar ancaq bunu sevə-sevə evlənir. Erməni xislətində nədənsə maraq güdmək həmişə olub. Bu gün ola bilməz ki, 20 ilin içərisində bu ləğv oldu. Erməni ömrü boyu özünə həmişə faydalı olan izdivaclara addım atıb və bundan faydalanıb”.
Ə. Qəşəmoğlu bildirdi ki, sənəddə milliyyəti azərbaycanlı yazılıb, Azərbaycana qarşı heç bir ruh, mənəviyyat bağlılığı olmayan insanlar da erməni ilə ailə qura bilər: “Ola bilsin ki, erməni ilə ailə quran qızların içərisində özünü heç ruh, mənəviyyat etibarı ilə azərbaycanlı hesab etməyənlər olsun. Onların arasında nənəsi və ya nənəsinin nənəsi erməni olan, qarışıq olan, başqa millətdən olanlarda ola bilər. Sənəddə azərbaycanlı yazılıb daxilən azərbaycanlılara qarşı bir soyuqluğu və xoşagəlməz ögeyliyi olan insanlarda bunu edə bilər. Amma mənim tanıdıqlarım arasında var ki, atası da, anası da təmiz azərbaycanlıdır, ancaq buna baxmayaraq, qız öz romantik xəyalları ilə və ya erməninin tələsinə düşərək bu cür yaxınlıqlar edirlər. Yəni bu faktlar barədə mənim də xəbərim var”.

Müsavat

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.