XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Qarabağ məsələsində açar element

Qarabağ məsələsində açar element

Qarabağ məsələsində açar element
30-05-2017, 08:57

Həmsədrlərin regiona budəfəki səfərində əsas hədəf; hərbi ekspert: “Separatçılara ayrılan vaxt limiti bitib...”
İlin 5-ci ayı da Qarabağla bağlı heç bir müsbət dəyişikliklə yadda qalmadı. Bütövlükdə 2016-cı ilin 5 ayında sülh danışıqları baxımından hər hansı pozitiv hərəkətlilik qeydə alınmadı. Bu müddətdə yalnız Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü baş tutdu ki, o da uğursuz yekunlaşdı.
Martın sonlarında bölgəyə səfər edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin əsas hədəfi isə müstəsna olaraq 2016-cı ilin aprel döyüşlərinin ildönümü ərəfəsində yeni müharibə riskini sıfırlamaq istəyi ilə bağlı idi, nəinki nizamlama prosesində irəliləyişə nail olmaq. Gələn ay vasitəçilər təzədən regiona təşrif buyuracaqlar. Bəzi məlumatlara görə, onların budəfəki əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil eləmək, bununla da heç olmazsa, yeni müharibə təhlükəsini azaltmaqdır. Danışıqlar prosesində xeyli müddətdir obyektiv və subyektiv səbəblərdən davam edən durğunluq isə böyük hərbi toqquşmalar riskini daha da artırıb.

*****
“Müharibə Qarabağın kandarındadır”. Məlumata görə, bu fikri rusiyalı tanınmış analitik Qriqori Trofimçuk deyib. O, postsovet məkanındakı münaqişələrin tezliklə çözüləcəyi ilə bağlı nikbin olmadığını da təəssüflə qeyd edib: “Hətta deyərdim ki, nəinki onlardan heç biri tezliklə həll olunmayacaq, daha ağır və amansız qarşıdurmalarla yeniləri peyda olacaq”.
Ekspertin sözlərinə görə, nə qədər ki, Qarabağla bağlı anlaşma əldə olunmayıb, bütövlükdə regionda sülh olmayacaq. “Qarabağa dair anlaşma isə yoxdur. Nəinki yoxdur, situasiya pisləşməkdədir, çünki danışıqlar prosesi daha vəziyyəti yaxşılaşdırma vasitə kimi işə yaramır. Problemlə bağlı bütün köhnə vasitələr - istər onları sonsuza kimi siyasi hesab elə, istəsə də diplomatik - artıq işləmir”, - deyə ekspert narahatlıqla qeyd edib.


*****
Bu, doğrudan da belədir. Qarabağ danışıqlarında, yumşaq ifadə eləsək, pat vəziyyəti yaranıb. Həmsədrlər 23 illik fəaliyyətləri dövründə heç bir ortaq, münaqişə tərəflərinin qəbul edib imzaladığı bir sənəd ortaya qoymayıb. Yalnız tərəflərin hərəsinin öz bildiyi şəkildə interpretasiya elədiyi ümumi şifahi prinsiplər var ki, onlar da artıq işə yaramır. Üstəlik, bu ilin aprelində işğalçı ölkədə keçirilmiş saxta parlament seçkilərində “müharibə partiyası”nın öz mövqeyini xeyli gücləndirərək, faktiki, yeni parlamenti öz nəzarətinə götürməsi Dağlıq Qarabağ məsələsi ətrafındakı kövrək vəziyyəti daha da qəlizləşdirib.
Bu xüsusda yerli təhlilçilərin fikirləri də maraqlıdır. Onlar Qarabağ məsələsində hansı həll yolunun - diplomatik yoxsa güc vasitəsinin seçiləcəyinin müstəsna olaraq işğalçı Ermənistandan asılı duruma gəldiyi qənaətindədir.
“Dağlıq Qarabağ münaqişəsinin indiki dönəmdə həlli Ermənistan hakimiyyətinə sərf etmir”.
Bu sözləri açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, parlament seçkiləri nəticəsində Ermənistanda hakimiyyəti müharibə partiyası zəbt etdikdən sonra münaqişənin həlli istiqamətində hər hansı müsbət addımın atılmayacağı gözlənilən idi.
“Qarabağ münaqişəsinin həlli hazırda rəsmi İrəvana sərf etmir. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli Sərkisyanın siyasi, hətta fiziki məhvinə gətirib çıxaracaq. İndi də ”Artsax"ın respublika kimi tanınması üçün infrastrukturların artırılması, hətta Xankəndindən Şuşaya təyyarə uçuşu, turizm potensialının artırılmasına cəhd edirlər, guya bunlar “müstəqilliyə” doğru atılan addımlardır. Son təxribatlar ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinin nəticəsidir. ATƏT diplomatik bəyanatlardan kənara çıxmır. Azərbaycanın hava məkanı pozulur, beynəlxalq təşkilatlar susur. Bu isə regionda yeni müharibəni körükləyir".
Politoloq bu fonda Ermənistan prezidenti Serj Sərkisyanın ötən həftə generallarla keçirdiyi məxfi görüşünə də toxunub: “Görünür, Sərkisyan cəbhədə hökm sürən vəziyyətin lokal müharibələrlə nəticələnə biləcəyini nəzərə alaraq, ordu ilə müvafiq görüşlərə başlayıb və bu istiqamətdə danışıqlar aparıb. Sərkisyanın generallarla görüşünün məxfi saxlanılmasına baxmayaraq, əsas müzakirə mövzusunun Dağlıq Qarabağ münaqişəsi olduğu şübhəsizdir”.
*****
“Ermənistan masa arxasında oturmaqdan yayınmağa çalışır və danışıqların aparılması üçün mandatın Qarabağ separatçılarına verilməsini istəyir. Bu onların köhnə arzusudur”.
Bunu isə ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Ermənistan hökumətinin ”DQR" separatçılarının danışıqlar prosesinə cəlb etmək istəyinə rəy bildirərkən “Exo” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, erməni tərəfi bu fikri ortaya ataraq rəy öyrənməyə çalışır. “Əminəm ki, bu sərsəm ideya erməni tərəfinin köhnə arzusu olaraq qalacaq. Əgər bu günə qədər heç bir ölkə və təşkilat separatçıları tanımayıbsa, bundan sonra da buna cəhd etməyəcəklər. Hətta Ermənistanı da öz addımları qorxudur. Başa düşürlər ki, bir ehtiyatsız addım onlar üçün faciəyə səbəb olacaq”, - deyə hərbi ekspert vurğulayıb.
Üzeyir Cəfərov hesab edir ki, tezliklə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regionda çox böyük dəyişikliklər olacaq.
“Bunu ATƏT-in Minsk Qrupu, onun həmsədr ölkələri, regionun digər ölkələri də hiss edir. Qoy ermənilər başa düşsünlər ki, onlarla eyni masa arxasında oturmağa heç kim razı deyil. Bir sözlə, ermənilər hər cür sürprizə hazır olmalıdırlar. Azərbaycanın uğurlu diplomatik addımları nəticəsində ermənilər bu dəyişikliyi çox yaxından hiss edəcəklər”, - deyə ekspert bəyan edib.
Onun sözlərinə görə, separatçı ermənilərin limiti dolub. “Onlar düzgün seçimə hazır olmalıdırlar. Onlar ya Azərbaycanın qanunları çərçivəsində yaşamalıdırlar, ya da özlərinə başqa ölkə axtarmağa məcbur olacaqlar” - polkovnik əlavə edib.
*****
30 illiyinə yaxınlaşan problemin həllində açar element də zatən, budur: beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağdakı erməni əhalinin Azərbaycan vətəndaşları olmasının hamılıqla qəbul edilməsi. Bu gerçəyi heç kim dəyişə bilməz - nə qədər ki, Azərbaycan bu hüququndan özü könüllü imtina etməyib.
Azərbaycanın mövqeyi isə kifayət qədər aydındır: Dağlıq Qarabağ Azərbaycan Respublikası tərkibində yalnız ən yüksək muxtariyyət ala bilər. Bundan o yana heç nə verilməyəcək, çünki bundan o tərəfə ərazi güzəşti gəlir ki, buna da Azərbaycanın nə xalqı, nə də siyasi kəsimi heç vaxt razı olmayacaq. Və nə qədər ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin eləmək üçün son varianta - hərbi gücə əl atmayıb, demək, dinc anlaşma şansı hələ qalır.

Qarabağdan narkotiklər Avropaya daşınır
NATO PA-nın Tiflisdə keçirilən Elm və Texnologiya Komitəsinin iclasında Azərbaycanın işğal olunmuş ərazilərindəki ekoloji vəziyyət diqqət mərkəzində olub. Milli Məclisin deputatı Məlahət İbrahimqızı iclasda ermənilərin işğal olunmuş ərazilərimizdə törətdiyi vandalizmdən danışıb.
O, çıxışında Cənubi Qafqazdakı problemlərdən danışıb, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. “Bu gün toplaşdığımız Tiflis şəhəri Orta Şərqdən təxminən 400 kilometr uzaqdadır. Tiflisdən təxminən bir o qədər də məsafədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi yerləşir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda və ona bitişik 7 rayonun ərazisində ekoloji sistem tam pozulub. Ermənilər bu bölgələrdə mədəniyyət abidələri, təbii sərvətləri talan edib, ekoloji sistemə ciddi ziyan vurublar. Ermənistandakı Metsamor AES-in radioaktiv tullantıları işğal olunmuş Azərbaycan ərazilərində basdırılır. İşğal olunmuş ərazilərdə yetişdirilən narkotiklər isə Avropaya daşınır”, - deyə o bildirib.
M.İbrahimqızı bu cür tullantıların təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Avropanın özü üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.