XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » MTN-də Xəzər rayon icra başçısının birinci müavinindən 300 mini necə alıblar? - GENERALIN İTTİHAM AKTINDAN

MTN-də Xəzər rayon icra başçısının birinci müavinindən 300 mini necə alıblar? - GENERALIN İTTİHAM AKTINDAN

MTN-də Xəzər rayon icra başçısının birinci müavinindən 300 mini necə alıblar? - GENERALIN İTTİHAM AKTINDAN
22-05-2017, 15:35

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə ittiham aktında Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ələkbər Vahab oğlu Heydərovun 300.000 manat pulunun hədə-qorxu ilə tələb edib, ələ keçirilməsi epizodu üzrə maraqlı faktlar öz əksini tapıb.
İttihama görə, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Heydərov Ələkbər Vahab oğlu ifadəsində bildirib ki, 2001-ci ildən 2013-cü ilədək Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyib.
O istintaqa verdiyi ifadəsində qeyd edib ki, 2011-ci ilin may ayında icra başçısı Gülağa İslamov ona MTN-nin Antiterror Mərkəzinə dəvət olunduğunu deyib. Lakin icra başçısı onun bu çağırılmanın səbəbini bilmədiyini söyəyərək, oraya gedib öyrənməsini bildirdiyini, onun da deyilən vaxtda MTN-nin əsas giriş qapısına yaxınlaşıb özünü təqdim etdiyini, adını bilmədiyi bir şəxsin onu qarşılayıb MTN-nin Antiterror Mərkəzinə apardığını deyib.
İttiham aktında yazılanlara görə, Ələkbər Vahab oğlu Heydərov orada bir otağa daxil olduğunu və adını bilmədiyi 2-3 nəfər MTN əməkdaşının icra başçısının birinci müavini olduğu müddətdə saxta sərəncam verdiyini bildirdiklərini, onun sərəncam verməyə səlahiyyətinin olmadığını bildirib. Dedikləri saxta sənədi təqdim etmələrini bildirdiyini, həmin şəxslərin konkret olaraq kimin barəsində saxta sərəncam verdiyini bildirməsələr də, ümumi şəkildə danışdıqlarını, daha sonra onların hansısa vətəndaşa məxsus torpaq sahəsini başqa şəxsə satmağını, 1990-cı illərə aid bir neçə sərəncamın surətlərini göstərdiklərini, onun da həmin sənədlərə aidiyyətinin olmadığını və buna dair izahat yazdığını, onu sorğu sual edən şəxslərin vəzifələri və adlarını bilmədiyini deyib.
Söhbət zamanı ona bildiriblər ki, Astara Rayon İcra Hakimiyyətinin başçısının müavinini də bir müddət əvvəl dəvət ediblər. Bildiriblər ki, Astara Rayon İcra Hakimiyyətinin başçısının müavini də etdiyi cinayəti etiraf etməyib. Məsuliyyətdən azad edilmək üçün pul verməsinə dair razılaşdıqlarını, ancaq oradan çıxdıqdan sonra onları aldadaraq dediyi məbləği gətirmədiyini, daha sonra həmin şəxsin narkotik vasitələrin qaçaqmalçılığı ilə həbs edildiyini bildirdiklərini, daha sonra rəisin onu görmək istədiyini bildirib.
Həmin mərtəbədə onu başqa bir otağa apardıqlarını, otaqda polkovnik və ya polkovnik-leytenant rütbəli bir şəxsin oturduğunu, sonradan həmin şəxsin adının İlqar Əliyev olduğunu xatırladığını, İlqar Əliyevin otağına daxil olandan sonra digər əməkdaşların otaqdan çıxdıqlarını, otaqda ikisinin qaldığını deyib.
Zərçəkənin sözlərinə görə, söhbətə başlamazdan əvvəl İlqar Əliyevin onun sabiq nazir Eldar Mahmudova məruzə olunmaqla çağırıldığını, saxta sərəncamlar verməklə torpaq sahələri satdığını bildirdiyini, onun da etiraz edib həmin məsələlərə aidiyyətinin olmadığını deyib. Həmin suallar üzrə yenidən bir neçə dəqiqə söhbət etdiklərini, daha sonra İlqar Əliyevin MTN-nin Antiterror Mərkəzinin səlahiyyətləri, oraya girənin onların razılığı olmadan çıxa bilmədiyini, onun başqa vasitə ilə həbs oluna biləcəyi ilə hədə-qorxu gələrək, cavan oğlunun olmasını deyib. İ.Əliyev onun siqaret çəkib-çəkmədiyini, silahının olub-olmamasını soruşub. Maşınından silah və ya narkotik vasitə çıxa biləcəyini bildirib, özündən çox oğlunu nəzərə almağını söylədiyini, onun da həyəcanlanıb həqiqətən də onların istədikləri formada onu və ya ailə üzvlərini şərləyə biləcəklərini düşündüyünü, ancaq onların, məhz onu çağırmalarının səbəbini, ondan konkret olaraq nəyin istənildiyini bilmədiyini qeyd edib.
Daha sonra İlqar Əliyevin əvvəlcə əli ilə 5 rəqəmi göstərib 500 000 manat verməyini bildirdiyini, onun həmin məbləği düzəldə bilməyəcəyini, imkanının olmadığını dedikdə İ.Əliyev ona hörmət etdiyini bildirib, bir kağız parçasına 300 000 manat yazıb. Yekun rəqəm olduğunu, həmin pulu növbəti gün gətirməyini bildirdiyini, söhbət zamanı İlqarın həmçinin həmin pulun hamısının ona çatmadığını, pulun böyük hissəsinin əsasən nazir və idarə rəisinə çatacağını, ona az miqdarda pul qalacağını bildirdiyini, o isə da bir gün ərzində həmin məbləği düzəldə bilməyəcəyini deyib vaxt verməsini xahiş etdikdə, İ.Əliyev bir həftə sonra saat 3-də gətirməsini və bu barədə də heç kəsə məlumat verməməsini tapşırıb.
Onun da İlqarla razılaşıb oradan çıxdığını, qardaşı Abasəli ilə məsləhətləşdikdən sonra MTN-nin çox təhlükəli qurum olduğunu, İ.Əliyevin ziddinə getsə, özünə və ya oğluna şər atıb həbs edə biləcəklərini düşünüb razılaşdırdığı məbləği toplamağa başladığını, qardaşı və oğlunun dostlarından da borc almaqla 300 000 manat pulla birlikdə bir həftə sonra saat 3-də MTN-nin əsas giriş qapısına yaxınlaşdığını, İlqar Əliyevin yanına gəldiyini bildirdikdən sonra adını bilmədiyi bir nəfər şəxsin ona yaxınlaşaraq İlqar Məmmədovun xidməti otağına apardığını, otaqda özü ilə apardığı 300 000 manat pulu şəxsən İlqar Əliyevin özünə verdiyini, pulu verən vaxt yanlarında başqa şəxsin olmadığını göstərib.
30 dekabr 2016-cı il tarixdə şahid qismində əlavə dindirilmiş Heydərov Ələkbər Vahab oğlu ifadəsində verdiyi əvvəlki ifadələrini təsdiq edərək, bildirib ki, oğlu Aydın Heydərova borc pul vermiş dostunun kim olmasını Aydın öz ifadəsində dəqiq göstərə bilər. Ləğv edilmiş MTN-nin Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin ona qarşı qanunsuz hərəkət etməklə 300.000 manat pul vəsaitinini ələ keçirməsi barədə qorxusundan heç bir hüquq-mühafizə və başqa dövlət qurumuna şikayət etməyib. O bildirib ki, həmin dövrdə ləğv edilmiş MTN-dən şikayət etməyin heç bir mənası yox idi, o, İlqar Əliyevə heç bir şeyi sübut edə bilməzdi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.